Analitik: Qlobal imperalizm Yaxın Şərqdəki münaqişələrin həll olunmamasını istəyir

Bəzi ölkələrin Fələstin-İsrail probleminin iki dövlət əsasında həllini istəməməsi münaqişəni qeyri-müəyyən müddətə uzadacaq.
Bunu BMT Baş katibi Antonio Quterreş deyib.
"İsrail və Fələstin üçün ikidövlətli həll variantını tanımamaq qəbuledilməzdir. Bu, qlobal sülhə əsas təhlükəyə çevrilmiş münaqişəni qeyri-müəyyən müddətə uzadacaq", - Quterreş vurğulayıb.

Quterreşin açıqlamalarını "Sherg.az" üçün dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, dünyadakı müxtəlif siyasi güc mərkəzləri qlobal münaqişələrin ikitərəfli danışıqlar yolu ilə həll edilməsini istəmirlər:
"Burada söhbət yalnız İsrail-HƏMAS qarşıdurmasından getmir. Bütövlükdə Azərbaycan və Ermənistan danışıqlar prosrsində,  Rusiya-Ukrayna müharibəsində, Çin-Tayvan gərginliyində , Şimali Koreya-Cənubi Koreya münasibətlərində biz BMT və digər təşkilatların iki tərəfin üz-üzə danışıqlar apararaq barışıq əldə etməsindən daha çox prosesə üçüncü tərəfləri qoşmağa çalışdığını görürük"

Politoloq BMT Baş katibinin səsləndirdiyi fikirlərin tamamilə reallığı əks etdirdiyini qeyd edib:
"İsrail və Fələstin problemi danışaraq həll edə bilər. Quterreş öz açıqlamasında daha çox Avropa İttifaqı və ABŞ rəhbərliyindəki Qərb imperyalist koalisyalarını nəzərdə tutur. Təbii ki, üçüncü tərəflər Yaxın Şərqin böyük sərvətlərə malik olduğunu yaxşı bilirlər. Ona görədə regionda daim gərginlik və münaqişə ocaqlarının olması tərəflərə ciddi siyasi-iqtisadi dividentlər qazandırır. Bu səbəbdən qlobal imperalizm Yaxın Şərqdəki münaqişələrin həll olunmamasını istəyir. Çünki böhran olduğu müddətdə istismar etmək və əraziləri istilaya məruz qoymaq daha rahatdır".