Hüquq müdafiəçisi: Separatçıların cinayətləri detalları ilə araşdırılacaq 

Terrorçu şəbəkənin digər üzvləri də aşkar edilərək Azərbaycanda mühakimə olunacaqlar


  Qarabağda  fəaliyyətini dayandırmış separatçı rejimin keçmiş liderləri barəsində həbs-qətimkan tədbirinin müddəti uzadılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Sherg az"a verilən məlumatda  bildirilib ki, separatçı rejimin keçmiş “prezidentləri” Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, “parlament sədri” David İşxanyan, keçmiş "xarici işlər naziri" David Babayan, generallar Lyova Mnatsakanyan, David Manukyan barəsində həbs-qətimkan tədbiri daha 4 ay uzadılıb. Qərarı Binəqədi Rayon Məhkəməsi çıxarıb.
Qeyd edək ki, separatçıların liderləri Azərbaycanın 2023-cü ilin sentyabrında Qarabağda birgünlük əməliyyatlarından sonra həbs olunublar.

  Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov "Sherg.az"a açıqlamasında deyib ki, separatçıların həbs müddətinin uzanması təbiidir: 

"Onların Azərbaycan dövlətinə və xalqına qarşı törətdiyi qətliamlar adi cinayət deyil, müharibə cinayətləridir.
Onlar terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qanunsuz silahlı birləşmələr yaratmaqda və s. cinayət əməllərində ittiham olunurlar. Azərbaycanın ərazi bütövlüyünə və təhlükəsizliyinə qarşı çoxsaylı cinayətlər törətmiş bu separatçılar cinayətkar şəbəkənin tərkib hissəsidir. Şəbəkənin digər üzvlərinin də aşkara çıxarılması və şəxsiyyətlərinin müəyyən edilərək aşkara çıxarılması istintaq müddətinin uzanmasına səbəb olur. Sözügedən şəxslər barəsində həbs-qətimkan tədbirlərinin 4 ay uzadılması da bununla bağlıdır. Düşünürəm ki, sözügedən müddət başa çatdıqdan sonra da bir neçə aylığına istintaq müddəti yenə də uzadılacaq. 
  Əminəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları və istintaqçıları  erməni separatçılarının ötən 30 illər ərzində Azərbaycan xalqına qarşı törətmiş olduğu hərbi cinayətləri detalları ilə araşdıracaq və terrorçu şəbəkənin digər üzvləri də aşkar edilərək onlar barəsində də axtarış tədbirləri həyata keçirilərək gec və tez Azərbaycan Məhkəməsi qarşısında mühakimə ediləcəklər. 
  Azərbaycanlılara qarşı soyqırımda, doğma yurd-yuvalarından qovulmasında, əmlaklarının talan edilməsində və s. kimi cinayətlərdə iştirak edən erməni silahlıları, hərbi cinayətkarlar cəzadan yayına bilməyəcəklər".