Vaşinqton Ermənistanı silahlandırmaqla yanaşı, həm də onun ərazisindən İranda kəşfiyyat işləri aparır
Ermənistan hökuməti Rusiyaya meydan oxuyur
ABŞ-nin dünyada ən böyük ikinci səfirliyi İrəvandadır
Ekspert vurğulayıb ki, Amerikanın Ermənistandakı səfirliyinin nəzdində 1500 nəfərlik "diplomat korpusu" çalışır
ABŞ-nin Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından Ermənistanın "Zvartnots" Hava Limanına 2 hərbi təyyarə enib. Amerika Silahlı Qüvvələrinə məxsus “Boinq C-17” hərbi yük təyyarəsi ilə şəxsi heyət hərbi yüklərlə birlikdə "Zvartnots" Hava Limanına gəlib. Qeyd olunub ki, aprelin 5-də Brüsseldə imzalanmış sənədin hərbi əməkdaşlığı nəzərdə tutan məxfi hissəsinə uyğun olaraq, Ermənistan silahlı qüvvələrinə ABŞ istehsalı olan yeni nəsil silahlar - snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnika gətirilib. Ermənistan xüsusi təyinatlıları üçün ABŞ ordusunda istifadə edilən mini-hücum pilotsuz təyyarələri, kiçik ölçülü minalar və digər döyüş sursatları da bura daxildir. İddia edilir ki, bundan əvvəl ABŞ Ermənistan xüsusi təyinatlıları üçün bu sursatlardan istifadə üzrə təlimlər keçirib. Bundan sonra Ermənistan tərəfi silahları real şəraitdə sınaqdan keçirmək üçün Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun bölmələrinə qarşı hərbi təxribat törədib. ABŞ silahlarının yerli relyef və hərbi şəraitə uyğunlaşdırıldığı bildirilir. Bu zaman AB missiyasının Azərbaycan Ordusunun mövqeləri ilə bağlı topladığı kəşfiyyat məlumatlarından istifadə edilib. İki təyyarədən biri İran ərazisindən atılan raketlərin və digər təyyarələrin trayektoriyalarını izləyən xüsusi alətlər daşıyıb. Bu zaman İran ərazisindən İsrailə mümkün hücum riski xüsusilə nəzərə alınıb. Məlumata görə, gətirilən qurğular Ermənistanın İranla sərhədində yerləşdiriləcək. Qeyd olunub ki, Rusiya və İranın diqqətini İranla sərhəddə yerləşdiriləcək şəxsi heyətə cəlb etməmək üçün hərbçilər diqqətlə seçilib. Onların əksəriyyəti Amerika ordusunda xidmət edən erməni əsilli ABŞ vətəndaşlarıdır. Həmçinin postsovet ölkələrindən ABŞ-yə köçmüş slavyan və qafqazlı insanlardan ibarət şəxsi heyət Ermənistan silahlı qüvvələrinin geyim forması ilə təchiz olunub. Ümumiyyətlə, son vaxtlar ABŞ və Ermənistan arasında hərbi sahədə əməkdaşlıq daha da genişlənib. ABŞ-nin Ermənistan Müdafiə Nazirliyinə öz nümayəndəsini təyin etməsi də bunun tərkib hissəsidir. Ona görə də hərbi yük təyyarələrinin "Zvartnots" Hava Limanına, yaxud da digər aerodromlara gəlib-getməsi bundan sonra da davam edəcək.
Politoloq Fuad Abbasov "Sherg.az"a açıqlamasında deyib ki, ABŞ-nin dünyada ən böyük ikinci səfirliyi İrəvandadır. Ekspert vurğulayıb ki, Amerikanın Ermənistandakı səfirliyinin nəzdində 1500 nəfərlik "diplomat korpusu" çalışır:
"Bu diplomatların əsas missiyası Ermənistanla diplomatik əlaqələr qurmaq, hansısa əməkdaşlığı genişləndirmək deyil. Onların işi-gücü Rusiyanın cənub sərhədində yerləşən, eyni zamanda İran, Türkiyə və Azərbaycan kimi dövlətlərlə sərhədi olan Ermənistandan öz məqsədləri naminə istifadə etməkdir. Onsuz da ermənilər tarix boyu böyük dövlətlər tərəfindən alət kimi istifadə olunublar. Ancaq bu hal Ermənistanı narahat etməyib və görünür ki, indi də etmir. ABŞ-nin fürsət tapan kimi Ermənistan üzərindən bölgəyə hərbi texnika daşıması, təlimçiləri göndərməsi gözlənilən idi. Rusiya da baş verənlərin fərqindədir. Əslində, Ermənistanda yerləşən ABŞ səfirliyinin fəaliyyəti, o cümlədən Ermənistanın NATO-dakı nümayəndəsi olmuş David Tonoyanın müdafiə naziri postuna gətirilməsi də Rusiya üçün təhdid və təhlükə kimi dəyərləndirilirdi. Amma Moskva zamanında xəbərdarlıqlara məhəl qoymadı".
F.Abbasov vurğulayıb ki, tamamilə Qərbə söykənmiş Ermənistan hökuməti Rusiyaya meydan oxuyur:
"Əgər Rusiyanın cənub sərhədlərindəki bir ölkəyə, özü də birbaşa Moskvanın əli və gücü ilə qurulmuş bir dövlətə ABŞ açıq-aşkar silah-sursat daşıyırsa, bu, ilk növbədə Kremlə qarşı atılmış addımdır. Digər tərəfdən, Qərbin bölgədə hərbi texnikalarla boy göstərməsi İran-Ermənistan əlaqələrinə də ziyan vurur. Necə olur ki, Tehrana dost-qardaş deyən Ermənistan hökuməti İranın "qulağının dibinə" ABŞ-nin silahlarını, hərbçilərini daşıyır?! Belə bir addım İrəvan-Tehran arasında da gərginliyə səbəb ola bilər. Fakt ondadır ki, Fransadan sonra ABŞ də Ermənistandan öz məqsədləri üçün yararlanmaqdadır. Lakin şübhə yox ki, bunun ziyanını ermənilər özləri çəkəcəklər".