Zərif də bacarmayacaq -ŞƏRH

Yeni prezidentin Qərbə açılım siyasəti baş tutmayacaq
 
 
 İran Prezidenti Məsud Pezeşkian sabiq xarici işlər naziri Məhəmməd Cavad Zərifi strateji məsələlər üzrə vitse-prezident təyin edib. Zərifinin bu vəzifəyə təyin edilməsini şərh edən ekspertlərin fikrincə, C.Zərif ölkənin Qərblə əlaqələri və nüvə danışıqları istiqamətində işləyəcək. Qeyd edilib ki, Həsən Ruhani hökumətində çalışmış Cavad Zərif Qərblə İran arasında aparılan danışıqlarda müsbət nailiyyətlər əldə etmişdi. Həmçinin Zərif Qərblə əlaqələrin normallaşmasının tərəfdarıdır.

Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, bununla rəsmi Tehran Qərblə danışıqlarda maraqlı olduğunun mesajını vermiş oldu. Lakin analitikin sözlərinə görə, İranın Ukrayna müharibəsində Rusiyanın yanında yer alması, İsraillə qarşıdurma Tehranın Qərblə əlaqələrinin normallaşmasında suallar yaradır:

 "İran prezidentinin inauqurasiya mərasiminə qatılan HƏMAS-ın siyasi bürosunun lideri İsmayıl Haniyənin İsrail tərəfindən öldürülməsindən sonra İranın İsraildən qisas alacağı aktuallaşıb. Bununla da, Qərblə əlaqələr kifayət qədər gərginləşib. Amma ABŞ-nin İrana xüsusi nümayəndə göndərməsi, eskalasiyadan çəkinməsi fonunda nüvə anlaşması üzrə danışıqlar aparacağı kimi gizli anlaşmalar istisna deyil. İranın yeni islahatçı komandası Qərblə anlaşmanı hədəfləyir. Lakin ABŞ və Qərb İranın Rusiya, o cümlədən Çindən uzaqlaşmasını tələb edir. İran Rusiya və Çinlə strateji tərəfdaşlığı dayandırarsa, Yaxın Şərqdə proksi qüvvələri buraxarsa, Qərb-İran anlaşması mümkün olacaq".

 Siyasi şərhçinin qənaətincə, Tehran Qərbin şərtlərinə əməl etməzsə, sadəcə nüvə sazişinin bağlanması fonunda sanksiyaların aradan qaldırılmasını istəyərsə, danışıqlar mümkün olmayacaq: 
"Bununla da, yeni prezidentin Qərbə açılım siyasəti baş tutmayacaq. Ümumiyyətlə, İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) ölkənin iqtisadiyyatına və siyasətinə nəzarət etməsi fonunda Qərblə normal əlaqələr mümkünsüzdür. Bu, İran-Azərbaycan əlaqələrinə də şamildir".