Türkiyəli general: Bakı tarixə yazılacaq zirvə ilə yenidən dünyanın qarşısına çıxdı

Azərbaycan dünya qarşısında daha bir uğur hekayəsini yazır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməklə Azərbaycan dünyaya öz iqtisadi və siyasi gücünü nümayiş etdirir. Noyabrın10-dan başlayaraq dünyanın 196 ölkəsinin rəsmiləri Bakıya gəlib. 196 ölkədən 72 min iştirakçının qeydiyyatdan keçməsi, onların arasında 80 prezident,vitse-prezident,baş nazir formasında Bakıda toplaşması Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Tədbirdə iştirak edən ayrı-ayrı dövlətlərin liderləri COP29-un yüksək səviyyədə təşkilindən və Azərbaycan iqlim dəyişikliyinə qarşı təşəbbüslərini yüksək qiymətləndiriblər. Qrenadanın Baş Naziri, CARICOM-un sədri Dikon Mitçell COP29-un “good COP” olacağına inandığını bildirib. Gürcüstanın Baş naziri Irakli Kobakhidze isə söyləyib ki, 
COP29 Qafqazda ilk dəfədir həyata keçirilir: Azərbaycana uğurlar arzulayıram. Gürcüstan COP29-un uğurlu nəticələrinə nail olmaq və Cənubi Qafqazı imkanlar və uğur regionuna çevirmək üçün Azərbaycandan olan qonşuları və dostları ilə işləməyə davam edəcək”. 


Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz “Sherg.az”a bildirib ki, COP29-u əhəmiyyətsiz hala gətirmək və Azərbaycanı təşkilatçılıqda uğursuz göstərmək üçün yürüdülən bütün böhtan və kampaniyalara rəğmən dünya indi Bakıda alınan qərarlardan danışır:

“Bu Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədirliyindən və Vətən müharibəsindən sonrakı ən böyük siyasi qələbəsidir. Sözügedən tədbirdə təbii ki, günümüzün əsas problemi olan iqlim dəyişikliyinə qarşı alınacaq tədbirlərin müzakirəsi, dövlətlərin iqlim dəyişikliyi ilə bağlı mübarizədə maliyyə yardımlarını artırması və iş birliyi çox önəmlidir. Bu baxımdan Bakı tarixə yazılacaq zirvə ilə yenidən dünyanın qarşısına çıxdı. Bu qədər yüksək səviyyədə iştirak və nümayəndələrin birgə iş birliyi təkcə iqlimlə bağlı deyil, eyni zamanda iqtisadi, siyasi, mədəni əlaqələri genişləndirmək baxımından da COP29-u digərlərindən fərqli etdi. Daha əvvəl heç bir iqlim dəyişikliyi ilə bağlı toplantılar bu qədər səs gətirməmişdi. Prezident İlham Əliyevin bütün dünyanın gözünün içinə baxaraq Fransanın müstəmləkəçilik siyasətini vurğulaması rəsmi Parisin eybi olaraq tarixə düşəcək. Böyük Vətən müharibəsindən sonra Azərbaycan bölgədə regionüstü gücə çevrilir. Bu isə 1992-ci ildə başlayan tarixin nə qədər uğurlu yol olduğunu göstərir”.