Azərbaycan dövləti quru sərhədləri məhz Rusiyadan gələn soydaşlarımız üçün birtərəfli qaydada açmalıdır
Rusiya Federasiyasında miqrasiya sahəsində bu il yanvarın 1-dən etibarən tətbiqinə başlanan yeni qaydalar bu ölkədə miqrant olaraq çalışan və yaşayan, daha dəqiq desək, işləmək və müvəqqəyi yaşamaq istəyən soydaşlarımızın vəziyyətini ağırlaşdırıb. Yeni qaydalara görə, Azərbaycan vətəndaşlarının Rusiya ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gündür. Yəni miqrantlara bir il ərzində yalnız 3 ay Rusiyada qalmaq icazəsi var. Müddət bitdikdə miqrantlar ölkələrinə qayıtmalı, sonra yenidən Rusiya ərazisinə daxil olmalıdırlar. Bundan əlavə miqrantlar Rusiya ərazisində qalmalarını əsaslandıracaq sənədlər təqdim etməlidirlər. Qeyd edilən müddət Rusiya qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud olduqda (əmək fəaliyyəti üçün patent aldıqda, müvəqqəti yaşamaq üçün müraciəti qəbul olunduqda və s.) uzadıla bilər. Bundan əlavə, Azərbaycan vətəndaşı Rusiya dövlət sərhədini keçdiyi tarixdən 7 iş günü ərzində olduğu yer üzrə qeydiyyata alınmalıdır. Statuslarının leqallaşdırılması mümkün olan şəxslərə ölkə ərazisində müvəqqəti yaşamağa icazə verilir və ya qalma müddətləri uzadılır. Amma heç bir əsası olmayan şəxs qarşısında şərt qoyulur ki, ölkəni tərk etsin. Tərk etmədikdə həmin şəxslər deportasiya edilir. Bununla Rusiya miqrasiya axınının idarə olunmasına çalışır. Problem miqrantların nə irəli, nə də geri hərəkətinin hazırda mümkünsüz olmasıdır. Rusiya hökuməti status müəyyənləşməmiş miqrantlar qarşısında ölkəni tərk etmək tələbi qoyur. Miqrantlar isə bir sıra səbəblərdən – quru sərhədlərinin bağlı olması, hava məkanının sərnişin təyyarələrinin uçuşuna qapanması, bəzən də sadəcə, yol pulu, gediş haqqı tapmadıqlarından sərgərdan qalıblar. Onlar arasında Azərbaycan vətəndaşları da var, Mərkəzi Asiyadan və digər ölkələrdən olanlar da. Yayılan məlumatlara görə, Rusiya ərazisini tərk etmək tələbi qoyulmuş yüzlərlə şəxs nə bu ölkəni tərk edə bilir, nə də öz ölkəsinə qayıda bilir. Həmin şəxslər Mahaçqalada polis bölməsində saxlanılır. Miqrantlar üçün xüsusi saxlanma yerləri təşkil edilib. Onların hansı şəraitdə saxlandığı, qidalanmalarının, sanitar-gigiyenik vəziyyətin necə olduğu da bəlli deyil. Aralarında soydaşlarımızın da olduğu miqrantlara Rusiya hüquq-mühafizə orqanlarının təzyiq göstərdiyi bildirilir. Məsələ ilə bağlı Bakupost.az-a danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib ki, Rusiya bəlli səbəbləri, mövcud durumu nəzərə alaraq müvəqqəti tədbirlər görüb müddəti uzatmalı, miqrantların ya ölkə ərazisində qalmalarına, ya da ölkəni tərk etmələrinə imkan və şərait yaratmalıdır. Təəssüf ki, bunu etmək əvəzinə miqrantları məcburi saxlama yerlərinə toplayırlar. Faktiki olaraq azadlıqdan məhrum edirlər. Biz Rusiya ilə bir neçə istiqamətdə əməkdaşlıq edirik. Bu baxımdan bizim vətəndaşlara daha anlayışla yanaşıla bilərdi. Onlardan asılı olmayan səbəblərdən gələ bilməyən vətəndaşlarımıza güzəştlər etmək olardı. Etmirlərsə, bu hal çox təəssüf doğurur.
Siyasi şərhçi Azər Həsrət “Sherg.az"a açıqlamasında qeyd etdi ki, Rusiyanın miqrasiya qaydalarını sərtləşdirməsi daxili işidir, Azərbaycan və ya hansısa başqa dövlət bununla bağlı irad bildirə bilməz. Azərbaycan hökuməti də Rusiyanın verdiyi qərarlarla bağlı qarşılıqlı addım atıb. Rusiya Azərbaycan vətəndaşları üçün ölkədə qalmaq müddətini 90 gün müəyyənləşdirdikdə, bizim dövlətimiz də adekvat addım ataraq Rusiya vətəndaşları üçün ölkədə il ərzində qalmaq müddətini 90 günə endirdi. Qarşılıqlı şəkildə biz bunu etdik:
- İndi söhbət əlbəttə ki, bu qaydalar çərçivəsində Rusiyada qalması problemə çevriləcək soydaşlarımızın taleyindən gedirsə, Azərbaycan dövləti onların vəziyyətini asanlaşdıracaq, yüngülləşdirəcək addımlar atmalıdır. Quru sərhədlər bağlıdır, hələ ki açılacağı da gözlənilmir. Bu halda Azərbaycan dövləti quru sərhədləri məhz Rusiyadan gələn soydaşlarımız üçün birtərəfli qaydada açmalıdır. Yəni onlar quru sərhəddən daxil ola bilsinlər. Çıxış olmasın, amma ölkəyə qayıdanlar üçün girişə icazə olmalıdır. Bəzən insanlar təyyarə biletinə pul tapmırlar, maddi imkanları buna çatmır. Bəziləri ümumiyyətlə, təyyarəyə minə bilmir, ya bu son hadisələrlə əlaqədar qorxur, ya da bəlkə, fobisi var. Digər tərəfdən, Rusiya hava məkanı məhz miqrantların qayıda biləcəyi bir çox istiqamətlərdə bağlıdır. Təhlükə var deyə uçuşlar dayandırılıb. Amma Rusiya hökuməti soydaşlarımızı sıxışdırır. Belə vəziyyətdə dövlət problemi həll etməlidir. Bunun da ən asan, sərfəli yolu quru sərhədləri birtərəfli qaydada açmaqdır. Quru sərhədlər birtərəfli qaydada açılmalı, Azərbaycan vətəndaşları üçün ölkəyə daxil olmağa şərait yaradılmalıdır. Eləcə də, Gürcüstan istiqamətində quru sərhədləri birtərəfli açılmalıdır ki, getmiş vətəndaşlar ölkəyə qayıda bilsinlər. Yaxud çarter reysləri təşkil edilə bilər, sərhəddə xüsusi avtobuslar göndərilə bilər. Bu, baha başa gəlirsə, asan yol, dediyim kimi, quru sərhədləri birtərəfli qaydada açmaqdır. Bir şəxsin əlində Azərbaycan vətəndaşlığını təsdiq edən sənəd varsa, onun ölkəyə girişi problem olmamalıdır.
Yayılan başqa bir xəbərdə isə Mahaçqalada polis bölməsində saxlanılan və Azərbaycan tərəfi keçə bilməyən soydaşlarımıza belə şərt irəli sürülüb ki, 6 ay Ukrayna cəbhəsində döyüşsünlər, həlak olacaqları təqdirdə, ailələrinə hər ay müavinət ödəniləcək, sağ qalsalar, Rusiya vətəndaşlığına qəbul ediləcəklər.
A.Həsrət əlavə etdi ki, vəziyyət getdikcə daha da kritik hal alır:
- Belə bir vəziyyətdə Azərbaycan dövləti məsələyə dərhal müdaxilə etməli və deportasiya ilə üzləşmiş soydaşlarımızın Vətənə qayıtmalarına kömək etməlidir.