“ABŞ Azərbaycanı özünə etibarlı tərəfdaş ölkə sayır”

ABŞ prezidenti Cozef Bayden Prezident İlham Əliyevə növbəti təbrik məktubu göndərib. Bayden bildirib ki, ABŞ hökuməti Azərbaycanla əməkdaşlığa sadiqdir. Ağ Ev rəhbəri bəyan edib ki, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 ili ərzində transmilli təhdidlərlə mübarizə, enerji təhlükəsizliyinin təmin olunması, habelə ikitərəfli ticarət və sərmayələrin təşviqi üzrə güclü tərəfdaşlıq mövcuddur: “Beynəlxalq Xəzər Neft və Qaz sərgisini keçirdiyiniz bir vaxtda Sizi əmin etmək istəyirəm ki, Birləşmiş Ştatlar Azərbaycanın sadiq tərəfdaşı olaraq qalır. 

Biz dünyanın hər yerində enerji təhlükəsizliyimizi təmin etmək və eyni zamanda, təmiz enerjiyə keçid üçün uzunmüddətli öhdəliklərimizi yerinə yetirmək məqsədilə zəruri sərmayələr qoymaq və dəyişikliklər etmək şəraitindəyik”. Bayden vurğulayıb ki, enerji təhlükəsizliyinə nail olmaq üçün şaxələndirmə həmişəkindən daha vacibdir və Azərbaycan bu məqsədə nail olmaq üçün göstərilən regional səylərdə mühüm rol oynayıb: “Azərbaycan, həmçinin regionda və dünyada bazarların sabitləşdirilməsinə kömək etmək üçün Trans-Xəzər əməkdaşlığının böyük potensialının gerçəkləşdirilməsi baxımından önəmlidir. Azərbaycan Cənub Qaz Dəhlizi və Ukraynaya vacib yanacaq təchizatı da daxil olmaqla Avropa enerji təhlükəsizliyinin təmin olunmasında çox vacib rol oynayır. Şaxələndirilmiş iqtisadiyyatın təşviqi, qanunun aliliyi və hesabatlılığın gücləndirilməsi, habelə Azərbaycan xalqının həyat şəraitinin yaxşılaşdırılması da daxil olmaqla Azərbaycanın tam potensialına nail olmaq üçün atdığınız davamlı addımları alqışlayıram. Birləşmiş Ştatlar davamlı tərəfdaşlığımıza sadiqdir”.
Reallıq odur ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Cozef Bayden ard-arda Azərbaycanın dövlət başçısı İlham Əliyevə xoşməramlı mətnlərlə zəngin məktublar ünvanlayır. Üslub baxımından xoş niyyətlərin ifadə olunduğu məktublar özündə iki ölkə arasındakı münasibətlərin dərin strateji tərəfdaşlıq prinsipləri ilə inkişaf etdirilməsi istiqamətlərini müəyyənləşdirir. Bayden sələflərinin dediklərini və Ağ Evin dəyişməz maraqlarını bu formada təqdim edir: - ABŞ davamlı tərəfdaşlığa və əməkdaşlığa sadiqdir. Azərbaycanın Cənubi Qafqazdakı geostrateji əhəmiyyəti, zəngin təbii resursları, beynəlxalq nəqliyyat dəhlizlərindəki statusu, yürütdüyü siyasətdəki məsafəli davranış, Avropanın enerji bazarlarındakı rolu Vaşinqtonun gözündə Bakını yüksəklərə qaldırır. 

Millət vəkili Cavid Osmanov “Sherg.az"a bildirib ki, ABŞ prezidenti Cozef Baydenin Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevə ardıcıl məktublar göndərməsi ölkəmizin yaratdığı yeni reallıqların bütün dünyada tanınmasından xəbər verir. Deputat bildirib ki, Azərbaycan dünyada nüfuzlu, hörmətlə yanaşılan ölkələr sırasındadır: 

“Şəxsən Prezident İlham Əliyevə dünya liderləri, o cümlədən Cozef Bayden böyük hörmətlə yanaşır. Məktubda Azərbaycanın qısa zamanda böyük inkişaf yolu keçməsi, ölkəmizin enerji təhlükəsizliyinə verdiyi mühüm töhfə xüsusi qeyd olunub. Bundan əvvəlki məktubda Azərbaycanın terrorçuluqla mübarizədə oynadığı önəmli rola da diqqət çəkilmişdi. ABŞ Azərbaycanı özünə etibarlı tərəfdaş ölkə sayır və əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu göstərir. Bu, onu göstərir ki, Azərbaycan sadəcə regionda deyil, qlobal miqyasda güc nə nüfuz sahibidir. Heç şübhəsiz, bu uğurların kökündə dayanan əsas amil cənab Prezident İlham Əliyevin düşünülmüş xarici və daxili siyasətidir. Dövlət başçısının uğurlu siyasəti nəticəsində Azərbaycan dünya masştabında önəmli ölkəyə çevrilib. Həyata keçirilən məqsədyönlü siyasət bütün dövrlərdə öz müsbət bəhrəsini verməkdədir”.