Azərbaycanda müəssisələrin maliyyə hesabatlarının qiymətləndirilməsi dedikdə maliyyə hesabatının özünə ümumi rəy verilməsi nəzərdə tutulmur. Burada əsas məqsəd maliyyə hesabatlarında əks olunan aktivlərin, öhdəliklərin, kapitalın, gəlirlərin, xərclərin və pul axınlarının iqtisadi mahiyyətini təhlil etmək, balans göstəricilərinin real bazar şəraitinə uyğunluğunu müəyyənləşdirmək və bunun əsasında müəssisənin və ya onun ayrı-ayrı aktivlərinin dəyəri haqqında əsaslandırılmış nəticəyə gəlməkdir. Bu yanaşma investorların qərarlarından tutmuş bank kreditlərinə, auditə və kapital bazarına qədər bütün iqtisadi münasibətlərə birbaşa təsir göstərir.
Azərbaycan Qiymətləndiricilər Palatasının sədr müavini Ayan Qəmbərova "Şərq" qəzetinə açıqlamasında ölkəmizdə bu sahədə mövcud vəziyyəti, beynəlxalq təcrübəni və qiymətləndirmə institutunun inkişaf perspektivlərini şərh edib.
- Ayan xanım, “maliyyə hesabatlarının qiymətləndirilməsi” ifadəsi tez-tez işlədilir. Əslində söhbət nədən gedir?
- Bu anlayış bəzən yanlış anlaşılır. Elə hesab olunur ki, qiymətləndirici maliyyə hesabatının özünü qiymətləndirir. Əslində isə qiymətləndirici maliyyə hesabatlarında əks olunan iqtisadi dəyərləri qiymətləndirir. Maliyyə hesabatı bizim üçün məlumat mənbəyidir. Həmin məlumatlar əsasında müəssisənin aktivlərinin, öhdəliklərinin, kapitalının və bütövlükdə biznesin real iqtisadi dəyəri müəyyən edilir. Bu baxımdan qiymətləndirmə auditdən tamamilə fərqli fəaliyyətdir. Auditor hesabatın standartlara uyğun hazırlanmasına rəy verir, qiymətləndirici isə həmin hesabatda göstərilən dəyər göstəricilərinin bazar reallığını əks etdirib-etdirmədiyini müəyyənləşdirir.
- Tez-tez beynəlxalq təcrübəyə istinad edirsiniz. Azərbaycanla əsas fərq nədədir?
- Ən böyük fərq yanaşmadadır. İnkişaf etmiş ölkələrdə maliyyə hesabatlarının hazırlanması zamanı hər il müəssisənin maliyyə vəziyyətinə təsir edən bütün mühüm aktiv və öhdəliklər yenidən qiymətləndirilir. Yəni söhbət təkcə torpaqdan, binadan və ya avadanlıqdan getmir. Debitor borcları, investisiyalar, qeyri-maddi aktivlər, maliyyə alətləri, uzunmüddətli öhdəliklər, şərti öhdəliklər, onların hər biri ayrıca təhlil olunur. Azərbaycanda isə praktikada daha çox əsas vəsaitlərin dövri yenidən qiymətləndirilməsinə üstünlük verilir. Halbuki əsas vəsait müəssisənin ümumi dəyərinin yalnız bir hissəsidir.
- Yəni müəssisənin real dəyəri yalnız bina və avadanlıqla müəyyən olunmur?
- Əsla. Müasir biznesdə ən dəyərli aktiv bəzən ümumiyyətlə görünmür. Bir şirkətin proqram təminatı, əmtəə nişanı, müştəri bazası, lisenziyaları və ya texnologiyası onun istehsalat binasından daha baha ola bilər. Digər tərəfdən balansda böyük məbləğdə debitor borcu görünə bilər, amma onun əhəmiyyətli hissəsinin geri qaytarılması mümkün olmaya bilər. Əgər bunlar bazar prinsipləri əsasında qiymətləndirilmirsə, maliyyə hesabatı müəssisənin real iqtisadi vəziyyətini tam əks etdirmir. Məhz buna görə beynəlxalq qiymətləndirmə standartları balans göstəricilərinin bazar reallığına uyğunlaşdırılmasını vacib hesab edir.
- Bu yanaşma investor və banklar üçün niyə vacibdir?
- Çünki bütün qərarlar rəqəmlər üzərində qurulur. İnvestor şirkətə sərmayə qoyarkən onun real dəyərini bilmək istəyir. Bank kredit ayırarkən borcalanın maliyyə dayanıqlığını qiymətləndirir. Auditor maliyyə hesabatındakı ədalətli dəyər ölçmələrinə diqqət yetirir. Əgər balans bazar reallığını əks etdirmirsə, qəbul olunan qərarlar da riskli olur. Düzgün qiymətləndirmə maliyyə hesabatlarının keyfiyyətini yüksəldir, investisiya risklərini azaldır və iqtisadi münasibətlərdə etimadı gücləndirir. Buna görə də inkişaf etmiş ölkələrdə qiymətləndirmə artıq əlavə xidmət deyil, korporativ idarəetmənin ayrılmaz hissəsinə çevrilib.