İnformasiya müharibəsi getdikcə şiddətlənir

Belə bir dövrdə Azərbaycanın ABŞ və İsraillə yaxın əlaqədə olması çox vacibdir
  ABŞ-də fəaliyyət göstərən Amerika-Azərbaycan Mədəniyyət Fondunun rəhbəri Nurit Qringerin rəhbərlik etdiyi nümayəndə heyəti Şuşa şəhərinə səfər edib. Nümayəndə heyəti Şuşa qala divarlarında olub. Daha sonra Bülbülün ev-muzeyini ziyarət ediblər. Muzeyin direktoru Fəxrəddin Hacıbəyli Bülbülün həyat və yaradıcılığı barədə qonaqlara məlumat verib. 
Bildirilib ki, ermənilər Şuşanı işğalda saxladığı müddətdə muzeyin əşyalarını qarət edib, evi xarabalığa çeviriblər. Şuşa işğaldan azad olunduqdan sonra ev-muzeyi yenidən bərpa olub. Qonaqlara ümumi işğal dövrü barədə də geniş məlumat verilib. Qeyd edək ki, nümayəndə heyəti dünən Cəbrayıl rayonunda olub, Xudafərin körpüsünü ziyarət ediblər. "Yentas in the City" podkast şirkətinin rəhbəri Ester Eti El-Kiss Mizrahi bildirib ki, onlar bura ABŞ və İsraildən olan oxucuları üçün Azərbaycanın İranla bağlı üzləşdiyi problemləri göstərmək üçün gəliblər. Onun sözlərinə görə, Azərbaycan haqqında çoxlu yalan var ki, onlar bunu dəyişmək istəyirlər. ABŞ-də fəaliyyət göstərən “La Gondola” restoranının sahibi, sənədli film kinorejissoru, yazar Nir Vaynblut deyib ki, ermənilərin Şuşadakı tarixi tikililərdə səbəb olduqları dağıntılar çox ağrılıdır. Onun sözlərinə görə, bu cür gözəl tarixi şəhərdə baş verənlər utancvericidir: "Şəhərdə hərəkət edərkən bayraqları, insanların vətənpərvərliyini görə bilirsən. Hər yer təmizdir, bura təhlükəsiz və cinayətsiz bir yerdir. Həm gecə, həm də gündüz şəhərin küçələrində gəzdik, olduqca təhlükəsizdir, insanları isə səmimidir. Dağıntılarla yanaşı, burada quruculuq işlərini də gördük, şəhər açıq kitab kimidir - tarixi, siyasəti mədəniyyəti əks etdirir. Mən buranın turizm imkanlarını da təxmin edə bilirəm, insanlar bura gəlməyi çox istəyərlər. Buranın sadəcə havası belə dərman kimi faydalıdır, eyni zamanda burada hazırlanan qida da olduqca cəlbedicidir. Düzü, mən öz ailəmlə, uşaqlarımla birlikdə bura qayıtmağı səbirsizliklə gözləyirəm, bu mənim xəyalımdır ki, hamımız birlikdə bu ölkəyə gələk və burada daha nə kimi işlər görülə bilər, buna birlikdə baxaq. Mən bilirəm ki, bütün bunlar sürətlə baş verəcək, çünki Azərbaycan çox sürətlə işləyir". 
  Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov "Şərq"ə deyib ki, son dövrlər dünyada qlobal səviyyədə informasiya müharibəsi gedir. Analitik qeyd edib ki, informasiya savaşında fəal olmaq, öndə dayanmaq tarixi keçmişimizi və gələcəyimizi qorumaq baxımından çox önəmlidir: "İran və Azərbaycan arasında ciddi gərginlik hökm sürür. Hətta Tehrandan bizə qarşı dəfələrlə müharibə və işğal təhdidi gəlməkdədir. Şübhəsiz, İranla mövcud gərginlik fonunda informasiya savaşı əhəmiyyət kəsb edir. İran həm daxildə, həm də beynəlxalq aləmdə ölkəmizə qarşı informasiya məkanında qarayaxma kampaniyası aparır. Bu istiqamətdə Ermənistanla sıx əməkdaşlıq edir. Bizi "islama qarşı olan ölkə" kimi qələmə verməyə çalışır. Ancaq həqiqətdə islam əleyhinə addımlar atan, daha doğrusu, müsəlmanlığa yaraşmayan hərəkətlər edən məhz İrandır. Belə məqamda, yəni informasiya müharibəsinin getdiyi dövrdə Azərbaycanın ABŞ və İsraillə yaxın əlaqədə olması informasiya təhlükəsizliyi baxımından vacibdir. Xarici siyasətimiz cəhətdən çox önəmlidir. İndiki şərtlər bunu tələb edir. Maraqlarımız və dövlət təhlükəsizliyimiz harada qorunursa, biz onu təmin etməyə çalışmalıyıq. Özümüzə qarşı təhdidlərin qarşısını almalıyıq. Nəzərə almaq lazımdır ki, yəhudi lobbisi dünyada ən qabaqcıl lobbilərdən sayılır. Əlində media və maliyyə gücü olan lobbidir. Təfərdaşlarımızın sayı nə qədər çox olarsa, informasiya savaşında, psixoloji və hibrid müharibədə o qədər çox üstünlük qazanmış olarıq. 
Bütün bunları nəzərə alsaq, hesab edirəm ki, işğaldan azad edilmiş ərazilərə əcnəbilərin səfərlərinin təşkili çox mühümdür. Mövcud reallıqların, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə açıq mətnlə çatdırılması üçün belə səfərlər mütəmadi təşkil olunmalıdır".