1 dəqiqə sükut: “Cəmiyyətimiz psixopatlaşmağa doğru gedir. Psixopat həmin şəxsdir ki, nə özü rahat yaşayır, nə də başqalarını rahat yaşamağa qoyur”





Son zamanlar respublikada kriminal vəziyyət həddən artıq pisləşib. Ölkədə hər gün az qala bir neçə gəncin intihar etdiyi, cinayət qurbanı olduğuna dair xəbərlər alırıq. Baş verən cinayətlər arasında seksual zorakılıqla bağlı cinayətlər də öz aktuallığı ilə seçilir. Ölkə rəsmiləri isə ölkədə kriminogen durumun nəzarət altında olduğunu bəyan edirlər. Cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmini vəzifələri uğurla yerinə yetirilir. Real mənzərə isə göstərir ki, deyilənlər heç də özünü doğrultmur.

Bəs Azərbaycan cəmiyyətinin bu dərəcədə amansız və bədbəxt hadisələrə qarşı soyuqqanlı davranmasının səbəbi nədir?

Sabiq polis rəisi Mahmud Hacıyev hesab edir ki, məsələyə iki aspektdən baxmaq lazımdır: "Birincisi, cəmiyyət varsa, cinayət də olacaq. İkinci məqam isə əhalinin psixoloji durumunun həddindən artıq gərgin olması ilə bağlıdır. Hər hansı bir mübahisə affekt durum yaradır. Məhkəmə psixiatriyasında buna affekt vəziyyət deyilir. Affekt vəziyyətin iki növü var: patoloji və fizioloji. Yəni gərgin psixoloji durum insanların adi bir mübahisəsində affekt yaradır, bu da qətl hadisəsinə gətirib çıxarır”. M.Hacıyev belə halların başlıca səbəbinin ölkə əhalisinin sosial-iqtisadi durumunun aşağı olması ilə izah etdi. "İşsizlik, fahişəlik, narkomaniya Azərbaycanda kifayət qədər yüksəkdir. Əvvəllər mübahisə edənlər bir-birinin üstünə səsini qaldırıb və ya yüngülvari şillə vururdusa, indi bu mübahisə ya bir-birini bıçaqlamaqla, odlu silah varsa güllə ilə vurmaqla, ya da biri digərini baltalamaqla bitir. Sonradan məlum olur ki, mübahisə edənlərdən birində narkomaniyaya qarşı meyillilik var, ya da sərxoş imiş. Yaxud şəxs təhqiramiz hərəkət edərək və ya söyüş işlədərək başqasının ailəsini təhqir edir, namusuna toxunur. Nəticədə bu, onlardan birinin ölümü ilə nəticələnir”.

Ekspert bu kimi neqativ hadisələrin azalması və qarşısının alınması üçün əhalinin sosial-iqtisadi durumunu yaxşılaşdırmağın və qanunlara əməl olunmasının vacibliyini vurğulayıb.

Psixoloq Dəyanət Rzayev isə Azərbaycandakı kriminogen vəziyyətin kökündə təbəqələşmənin və sosial vəziyyətin ağırlığının durduğunu deyib: "Elə dövrlər olub ki, insanların sosial vəziyyəti bu gündəkindən də pis olub. Amma bu qədər cinayət hadisələri baş verməyib. Mən bunun kökündə təbəqələşmənin durduğunu düşünürəm.

Əvvəllər hündür binalar yox idi, ancaq həyət evləri var idi. Burada da hamı bir-birini tanıyırdı. Əvvəllər hansısa xırda ailə münaqişəsi baş verəndə belə sahə müvəkkili gəlib hadisəni araşdırırdı. Dalaşan şəxsi "niyə işləmirsən, niyə ailəni incidirsən” deyib, tənbeh edirdilər.

Daha sonra həmin adamı işə düzəldir, münaqişəyə əsas yaradan problemi həll etməyə çalışırdılar. Yəni bir növ gələcəkdə baş verə biləcək hansısa cinayətin qarşısını alırdılar və cəmiyyət özü bu insanın düzəlməsində, islah olunmasında iştirak edirdi. Amma bu gün bunların heç biri yoxdur”.

Psixoloqa görə, işsizlik də insanları aqressivləşdirir: "Öz ixtisasında işləyən insanlar da səhərdən axşamadək qul kimi işləyir və az maaş alırlar. Bir gündə 12 saat işləmək olar?! Bu dəhşətdir. Mənə elə gəlir ki, insan ən çox 6 saat işləməlidir. İnsanlar səhərdən axşamadək işləyib 250 manat maaş alırlar. Bu pulla da onlar dükana girib heç nə ala bilmirlər. Yaşanılan bütün çətinliklər insanları daima gərgin, əsəbi edir. Ümumilikdə əhalini iki təbəqəyə bölmək olar. Acından ölən, kasıb və həddindən çox varlı. Mən 200-250 manat maaş alana kasıb deyirəm. Əgər mənim pulum olsa, 70-100 min manata maşın ala bilərəm. Amma bilsəm ki, ətrafımda kasıb insanlar var, bilə-bilə bunu edə bilmərəm. Gedib yarım milyon maşına pul vermərəm. Çünki bu, mənəviyyatsızlığın son dərəcəsi olar. Bu gün əşyalara, daşlara daha çox önəm verirlər, nəinki insanlara. İnsan xəstələnəndə bilmir hara getsin. Çünki sığortası olmur”.

Psixoloq bildirib ki, Avropada da zorlanma cinayətləri baş verir. Ancaq müsəlman ölkələrində bu cinayətlərin göstəricisi yüksəkdir: "Bu cinayətlərin hamısının kökündə qadağalar durur. Problem daha çox kişilərdədir. Cəmiyyətimiz psixopatlaşmağa doğru gedir. Psixopat həmin şəxsdir ki, nə özü rahat yaşayır, nə də başqalarını rahat yaşamağa qoyur. Bu gün psixopatların sayı Azərbaycanda kütləvi şəkildə artıb. Olduqca təhlükəli haldır. Düzdür, Hindistanda da qızların kütləvi şəkildə zorlanması hadisələri olur. Ancaq orada insanlar çıxıb öz etirazlarını bildirirlər. Amma bizdə bu kimi cinayətlər olduqda, insanlar yaxın durmurlar. Adicə qonşuda cinayət baş verdikdə, polis yaxınlaşıb onlardan cinayət haqqında soruşduqda deyirlər ki, biz heç nə görməmişik, bilmirik. Çünki insanlar qorxur. Onlar daxilində qorxu hissi ilə yaşayırlar”.

Şəymən