10 gün keçib: Azərbaycanlının meyiti Almaniyada qalıb

Xəbər verdiyimiz kimi, avqustun 23-də Bakı sakini 30 yaşlı Bəxtiyar Ədalətli Almaniyanın Germersheim şəhərində vəfat edib. Sosial şəbəkədə Almaniyada yaşayan azərbaycanlı gəncin göldə boğularaq ölməsi barədə xəbərlər yayılıb. Olaydan bir neçə gün keçməsinə baxmayaraq, hələ də mərhumun cənazəsini ölkəyə gətirmək mümkün olmayıb. B.Ədalətli 3 il əvvəl Almaniyaya müalicəyə gedib.
Ölümündən iki gün əvvəl ailə üzvləri onu doğum günü münasibətilə virtual təbrik ediblər. Avqustun 23-də isə Bəxtiyarın Almaniyadakı tanışları ailəsinə onun faciəli şəkildə öldüyünü deyiblər. Azərbaycanın Almaniya səfirliyindəki konsulu Elşad Məcidov ailə ilə telefon əlaqəsi saxlayıb. Konsul bildirib ki, Almaniyanın rəsmi qurumlarında qeyri-iş günləri olduğundan
Bəxtiyar Ədalətlinin nəşinin Azərbaycana gətirilməsi ilə bağlı sənədləşdirmə işləri gecikib. Mərhumun ailəsi isə aidiyyəti qurumları məsuliyyətsizlikdə suçlayıb. Ailə üzvləri deyiblər ki, hadisə baş verəndən bir gün sonra konsulluq məlumatlandırılıb. Ancaq qurumun əməkdaşları məsələyə biganə yanaşıblar və xeyli vaxt keçməsinə baxmayaraq, məsələ ilə maraqlanmayıblar. Mərhumun atası Babək Ədalətli də "Şərq”ə açıqlamasında deyib ki, əgər məsələyə vaxtında müdaxilə edilsəydi, oğlunun cəsədi çoxdan Bakıya gətirilərək dəfn olunardı: "Biz cənazənin gətirilməsinə köməklik göstərmələri üçün Xarici İşlər Nazirliyinə, Diaspor Komitəsinə, Dini İşlər üzrə Komitəyə, Qafqaz Müsəlmanları İdarəsinə müraciət etdik. Amma qurumların heç birindən bizə yardım edən olmadı. Dedilər ki, fondlarında pul yoxdur. Almaniyadakı səfirliyimizə də üz tutduq. Səfirlikdən söylədilər ki, gedin alman polisindən viza alın və sübut edin ki, ölən oğlunuzdur. Yəni onun ölümünü təsdiq edən bir sənəd olmalıdır. Polisdən isə dedilər ki, valideyn özü bura gəlməlidir. Ən azından səfirliyimizdən polisə məlumat verilməlidir. Amma Almaniyaya gedə bilmirəm, çünki mənə viza vermirlər. Ona görə də XİN vasitəsi ilə Almaniyadakı səfirliyə, konsulluğa zəng etdirdik. Oradan bizə bir alman polis cavab verdi, daha doğrusu, bizimlə əməlli-başlı "məzələndi”. Başa düşmürəm, xarici ölkələrdəki nümayəndələrimiz ora istirahətə gedirlər, yoxsa işləməyə?! Avqust ayının 23-də rəhmətə gedən oğlum bugünə qədər Vətəninə göndərilməyib. Ayın 26-da səfirlikdən zəng edib dedilər ki, hadisədən yeni xəbər tutublar. Halbuki rəhbərlik etdiyim təşkilatın nümayəndələri quruma öncədən məlumat vermişdilər. Hara müraciət edirik yalandan deyirlər ki, "pulumuz yoxdur”. Amma özləri "cip”lərdə gəzirlər, kef edirlər. Mən səfirlə əlaqə saxlayanda ona dedim ki, əgər vəzifəli bir şəxsin, hansısa məmurun balası xaricdə ölsəydi, onu bu qədər gecikdirərdinizmi? İnanın ki, yox. Uzağı bir saata məsələni həll edərdilər”.
Babək Ədalətli oğlunun ölümündə keçmiş MTN şefi Eldar Mahmudovun cinayətkar dəstəsini suçlayıb: "Eldar Mahmudovun mafiyoz dəstəsi məni küçədə şərləyib tutdu, sonra vəhşicəsinə döyüb dırnaqlarımı çıxartdılar. 6-7 ay daxili qanaxmalarla paralic vəziyyətində yatdım. Məhkəmə prosesində kiçik oğlum Bəxtiyar etiraz etdiyinə görə maskalı MTN-çilər onu çox pis döydülər. Uşaq evə gələndə qan qusurdu. Həkimə aparanda dedilər ki, ağciyərində ləkə var. Sonra onu Vərəm Dispanserinə göndərdilər. Bəxtiyar çox güclü oğlan idi, DİN-in xüsusi təyinatlı dəstəsində işləyirdi. Ona "Vandam” deyirdilər, binanın 5-ci mərtəbəsindən tullanırdı. Belə bir oğlan qısa müddətdə necə xəstələnə bilərdi? Bir müddətdən sonra oğlumu öz hesabımıza Almaniyanın ən məşhur vərəm xəstəxanasına müalicəyə göndərdik. Orada oğlumu birtəhər həyata qaytardılar. Amma sonra ölüm xəbərini aldıq. Onun Azərbaycana gətirilməsini öz hesabımıza həyata keçiririk. Almaniyada olan təşkilat üzvlərimiz, dost-tanışlarımız birtəhər pul toplayıb bir şirkətlə anlaşmışıq. Yaxın müddətdə cənazəni göndərməlidirlər, gözləyirik, görək oğlumun nəşi nə vaxta gəlib çıxacaq. Amma yenə deyirəm, mənim oğlumu Eldar Mahmudovun mafiyoz qrupları öldürdü”.
İsmayıl