Bu missiya bizə lazım deyil

Minsk Qrupundan Azərbaycan narazıdır, Ermənistan yox...
Çünki vasitəçilərin 23 ildə fəaliyyəti ancaq müharibənin qarşısını almaqdan ibarət olub


"Azərbaycan ATƏT-in Minsk Qrupunun fəaliyyətindən narazıdır”. Bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib. Minsk Qrupunun fəaliyyətinin hər hansı nəticəsinin olmadığını vurğulayan nazir bəyan edib ki, əgər Ermənistan tərəfi işğal etdiyi Azərbaycan torpaqlarını azad edərsə, yalnız o halda dövlətimiz Minsk Qrupunun fəaliyyətindən razı qala bilər.

Əslində sözügedən təşkilatla bağlı dəfələrlə yüksək rəsmilərin narazılığı ifadə olunub. Hətta ölkə başçısı İlham Əliyev də çıxışlarında Minsk Qrupunun fəaliyyətini sərt tənqid edib. Eyni zamanda qrupun formatında dəyişiklik edilməsi, həmsədrlərin say tərkibinin artırılması da gündəmə gəlib. Amma təəssüflər olsun ki, mütəmadi edilən narazılıqlar və irəli sürülən təkliflər Minsk Qrupunun fəaliyyətində heç bir müsbət dəyişikliyə səbəb olmayıb. Bəs bu halda Azərbaycan tərəfi hansı addımı atmalıdır?

Həmsədrlərin yarıtmaz fəaliyyəti ilə bağlı "Şərq”ə danışan siyasi elmlər doktoru, professor Elman Nəsirli deyib ki, Azərbaycan tərəfi beynəlxalq təşkilatlara bel bağlamamalıdır. Çünki onların hamısı siyasi manipulyasiya ilə məşğul olurlar və öz maraqlarını güdürlər: "ATƏT-in Minsk Qrupunun missiyası Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmaq və problemi həll etməkdir. Amma faktiki olaraq 23 ildən artıqdır ki, Minsk Qrupu öz missiyasını yerinə yetirə bilmir. Həmsədrlər isə iddia edirlər ki, əgər onların vasitəçiliyi olmasaydı, münaqişə çoxdan müharibəyə çevrilərdi. Belə çıxır ki, Minsk Qrupunun vəzifəsi münaqişəni həll etmək deyil, sadəcə, müharibəyə transformasiyasının qarşısını almaqdır. Əlbəttə ki, belə missiya bizə lazım deyil. Ona görə də Azərbaycan tərəfi dəfələrlə həmsədrlərin fəaliyyətindən, daha doğrusu, fəaliyyətsizliyindən narazı olduğunu ciddi formada ifadə edir. Ermənistanı şirnikləndirən də elə Minsk Qrupunun məsələyə bu cür yanaşması, işğalçı dövlətə təzyiq göstərməməsidir”.

Politoloq vurğulayıb ki, Elmar Məmmədyarovun bəyanatı başqa bir çağırışla paralel səslənib: "Digər bəyanatın müəllifi Ermənistanın müdafiə naziri Seyran Ohanyandır. O, bu günlərdə verdiyi müsahibədə qeyd edib ki, onlar, yəni Ermənistan ATƏT-in Minsk Qrupunun fəaliyyətindən razıdırlar və onun formatının dəyişməsini istəmirlər. Aydın görünür ki, Ermənistan Minsk Qrupunun fəaliyyətsizliyindən çox məmnundur. Daha bir məqamı xatırladım. 2014-cü ildə erməni rəhbər Serj Sarkisyan çıxışında bildirdi ki, Ermənistan ATƏT-in Minsk

Qrupunun timsalında daha böyük nailiyyətlərə imza atıb. Buradan da görünür ki, həmsədrlərin missiyası ermənilərə sərf edir”. E.Nəsirli problemdən çıxış yolunu da göstərib: "Minsk Qrupu ilə bağlı müxtəlif versiyalar gündəmə gəlir. Çoxları hesab edir ki, qrupun formatı dəyişməli, həmsədrlərin say tərkibi artırılmalıdır. Amma beynəlxalq hüququn işləmədiyi, daha çox hərbi gücün söz sahibi olduğu bir zamanda Azərbaycanın yeganə yolu hərbi cəhətdən güclənməkdir. Təbii ki, hərbi sahə ilə yanaşı, siyasi və iqtisadi baxımdan da gücümüzü artırmalıyıq. Bunu ölkə başçısı cənab İlham Əliyev də dəfələrlə bəyan edib”.

İsmayıl