Mühafizəçinin ölüm işinə görə təzyiq edilir

Ofisinə basqın edilən diaspora rəhbəri hadisənin detallarını açıqladı
Dövlət Komitəsi: “İslam Hüseynov Rusiyada ticarət və tikinti sahəsi üzrə biznesmen kimi fəaliyyət göstərir. Hüquq- mühafizə orqanlarının ona olan iradı da bu səbəbdəndir”


Rusiyanın Ulyanovsk şəhərində ofisinə "OMON” tərəfindən basqın edilən yerli Azərbaycan diasporunun rəhbəri İslam Hüseynov hadisənin təfərrüatını açıqlayıb.

Hazırda xaricdə olduğunu deyən Ulyanovsk vilayəti Azərbaycanlılar Konqresinin sədri İ.Hüseynov bildirib ki, hadisə zamanı onun ofisində iki əməkdaş olub. Basqının bir müddət əvvəl ona qarşı törədilən sui-qəsd nəticəsində mühafizəçisi İqor Beznosyukun qətlə yetirilməsi ilə bağlı olduğunu söyləyən İ.Hüseynovun sözlərinə görə, olay zamanı onun hamilə olan katibəsinin sağlamlığına ciddi zərər dəyib: "Mənə qarşı quldurluq edilib, ofisim dağıdılıb. Katibəm OMON-çulardan qorxub, hamilə olduğu üçün halı pisləşib və az qala uşaq salacaqmış. Onu xəstəxanaya aparıblar, vəziyyəti orta-ağırdır. İşin mahiyyətini açıqlayıram, bunu edən Rusiya İstintaq Komitəsinin vilayət üzrə idarəsidir. Mənə olan sui-qəsd və mühafizəçimin öldürülməsi işini onlar bağlayıblar. Ancaq mən bu işin bərpasını tələb edirəm. Məhkəmə qətlin sifarişçilərinə bəraət verib. Üstəlik, istintaq cinayətin sifarişçilərinin maraqlarından çıxış edərək mənə qarşı uydurma cinayət işi qaldırmaq istəyir. Sui-qəsdin açılmasında prinsipiallıq göstərdiyim üçün mənə qarşı ciddi təzyiqlər başlayıb”.

Hadisənin şahidi olan azərbaycanlılar bu məsələdə son vaxtlar İ.Hüseynovun mütəmadi olaraq sərt tənqid etdiyi Azərbaycan baş nazirinin keçmiş müavini Abbas Abbasovun əli olduğunu da iddia edirlər. Konqres üzvü, İ.Hüseynovun köməkçisi Həsrət Həsənov bildirib ki, A.Abbasovun Azərbaycan dövlətinə qarşı atdığı addımlara görə İ.Hüseynovun onu sərt tənqid etməsi diaspor rəhbərinin hədəfə götürülməsi ilə nəticələnib: "Kim Abbas Abbasova etiraz edirsə, həmin adamın ya biznesinə, ya da həyatına ciddi təhlükə yaranmağa başlayır”.

Olaya münasibət bildirən Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Rizvan Əliyev isə bildirib ki, basqının İslam Hüseynovun ictimai fəaliyyəti ilə əlaqəsi yoxdur: "İslam Hüseynov Rusiyada ticarət və tikinti sahəsi üzrə biznesmen kimi fəaliyyət göstərir. Hüquq-mühafizə orqanlarının ona olan iradı da bu səbəbdəndir. Hazırda bununla bağlı araşdırma aparılır”.

İsmayıl