Alovlu mesaj...

Qaz kəmərini partlatmağı PKK-dan xarici qüvvələr “xahiş” ediblər




PKK terror təşkilatı növbəti dəfə Bakı-Tiflis-Qars-Ərzurum qaz kəmərini partladıb. Hadisə ətraf bölgələrdə böyük ajiotaja səbəb olub, təhlükəsizlik qüvvələri ətrafda çənbər yaradıblar. Partlayışdan sonra alov yüzlərlə metr yüksəlib, qaz nəqli dayandırılıb. Xatırladaq ki, bundan bir qədər əvvəl də PKK yaraqlıları Türkiyə ərazisində Bakı-Tiflis-Ərzurum təbii qaz xəttini partladıblar.

Türkiyədə hökumətin PKK-ya qarşı əməliyyatlara başlamasından sonra kürd yaraqlıları ordu və təhlükəsizlik qüvvələri ilə yanaşı, hökumət idarələrinə, o cümlədən mühüm əhəmiyyətli nəqliyyat yollarına, boru kəmərlərinə qarşı terror həyata keçirir. İyulun 27-də Doğubəyazid rayonunda PKK yaraqlıları İrandan Türkiyəyə qaz nəqlini həyata keçirən boru kəmərini partladıb. Avqustun 25-də isə Mardin vilayətinin Nusaybin rayonunda PKK terrorçuları beynəlxalq İpəkyolu magistralını uzaqdan idarə olunan bomba ilə partladıb. Partlayış nəticəsində yol istifadəsiz hala gətirilib.

Vurğulayaq ki, PKK uzun illər Türkiyədə terrorla məşğul olsa da, Azərbaycana məxsus neft və qaz kəmərlərinə toxunmayıb. Yalnız 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi zamanı "Bakı-

Tbilisi-Ceyhan”a müəmmalı hücum baş verib. Ekspertlərə görə, terror təşkilatı Türkiyə hökumətini danışıqlara məcbur etmək və Qərbin diqqətini cəlb etmək üçün strateji əhəmiyyətli enerji layihələrini hədəfə alır.

Türkiyəli politoloq, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay bildirib ki, kəmərlərə hücumun arxasında qonşu ölkələr dayanır: "PKK ilk dəfə BTƏ-yə hücum etməklə beynəlxalq səviyyədə bir terror aktı törətdi. Bunu PKK-nın Türkiyəyə qarşı başladığı hücumlar çərçivəsində dəyərləndirəndə, hesab etmək olar ki, məqsəd Türkiyəni küncə sıxışdırmaqdır. Əgər bu cür hücumlar olarsa, Türkiyə həqiqətən çətin duruma düşə bilər. Görünür, PKK bu terror aktı ilə Rusiya və İranın dəstəyini almağı hədəfləyir”. Politoloqun fikrincə, Türkiyənin Suriyada təsir imkanlarının artması Moskva və Tehrana sərf etmir: "ABŞ-Türkiyə razılaşması Avropanı ciddi narahat edir. Bu, Ankaranın Suriyada, ümumiyyətlə, Yaxın Şərqdə güc olmasını təmin edəcək amil hesab olunur. Təbii ki, buna Rusiya ilə yanaşı, İran da razı olmaz. Fikrimcə, Moskva BTƏ-ya hücum təşkil etməklə Türkiyəyə, eləcə də ABŞ-a mesaj verir”.

Siyasi ekspert Elxan Şahinoğlu deyib ki, "Bakı-Tiflis-Ərzurum” boru xəttini partlatmağı PKK-dan xarici qüvvələr "xahiş” ediblər: "Türkiyəyə İran və Şimali İraqdan da neft və qaz ötürülür, ancaq terrorçular bu boru xətlərini hədəf götürmürlər. Niyə məhz Bakı-Tiflis-Ərzurum kəməri? Tutaq ki, birinci dəfə bu təsadüf idi, terrorçular "əllərinə keçən” boru xəttini partlatdılar. Amma ikinci dəfə partladırlarsa, bu artıq düşünülmüş aksiyadır və bu, "kənar oyunçuların” digər rəqib "oyunçulara” mesajıdır. İstisna etmirəm ki, Bakı-Tiflis-Ərzurum boru xəttini partlatmaq "xahişini” PKK-dan xarici qüvvələr ediblər. Əvəzində PKK-ya ya pul, ya da silah veriblər”. Politoloqun sözlərinə görə, həmin xarici qüvvələr Azərbaycan və Mərkəzi Asiyanın zənginliklərinin Türkiyə üzərindən dünya bazarlarında daşınmasında, TANAP-ın həyata vəsiqə qazanmasında maraqlı deyillər: "3 belə maraqlı qüvvə var: - Rusiya, Ermənistan və erməni lobbisi. PKK boru xəttini partlatmaq əmrini bu 3 qüvvənin birindən alıb”.

İsmayıl