VHP fərqləndi: Azərbaycan parlamentinə gürcü seçilə bilər

Sabir Rüstəmxanlı: “Gürcülər və digər etnik xalqlar bizim təşkilata çox böyük maraq göstərirlər”




Vətəndaş Həmrəyliyi Partiyasının Qax rayon təşkilatının sədri, gürcü əsilli Azərbaycan vətəndaşı Zaza Poladaşvili partiya tərəfindən parlament seçkisinə namizəd irəli sürülüb. Bu barədə qərar

VHP-nin Qax rayon təşkilatının IV konfransında alınıb. Konfransda çıxış edən Zaza Poladaşvili məmnunluğunu ifadə edib və bildirib ki, VHP çoxmillətli partiyadır:

"Bizim üzvlərimizin arasında gürcülər, ləzgilər və saxurlar var. Biz bu partiyada özümüzü daha yaxşı hiss edirik. Çünki rəhbərlik hər birimizin hüququnu qoruyur və bizləri müdafiə edir. VHP bəlkə də yeganə partiyalardandır ki, onun 20-dən artıq gürcü üzvü var”.

Gürcü namizədlə bağlı "Şərq”ə danışan VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib ki, partiyanın əsas işi ölkədə vətəndaş həmrəyliyinə xidmət etmək və bu ideologiyanı gerçəkləşdirməkdir: "VHP-nin 80 rayon təşkilatı fəaliyyət göstərir və partiyanın üzvləri arasında 18 millətin nümayəndəsi var. Biz Azərbaycandakı bütün etnik millətlərə bir gözlə baxırıq və onlar arasında ayrıseçkilik salmırıq. Ölkədə yaşayan bütün etnik qruplar Azərbaycanı özlərinə Vətən bilən insanlardır. Buna görə də qurumda fərqli millətlərin təmsil olunmasına imkan yaradırıq.

Əgər rayon təşkilatında təmsil olunanlar gürcü namizədə üstünlük veribsə, ona etimad göstəribsə, biz onların seçimlərinə hörmətlə yanaşmalıyıq. Belə hadisələrə normal baxmaq lazımdır. Əvvəlki parlament və bələdiyyə seçkilərində də VHP-nin namizəd siyahısında başqa xalqların nümayəndələri olub”.

S.Rüstəmxanlı bildirib ki, ölkədə mövcud olan milli azlıqlar daha çox VHP-ni seçirlər: "Qaxda gürcü əsilli müsəlman ingiloylar yaşayır. Çox olmasalar da, onların sayı kifayət qədərdir. Gürcülər və digər etnik xalqlar bizim təşkilata çox böyük maraq göstərirlər. Bəlkə də partiyamızın adına görə, bizi seçirlər. Qax rayon təşkilatında da gürcülərin sayı çoxdur. Elə ona görə də əvvəlki konfransda gürcü əsilli azərbaycanlı, partiyanın rayon təşkilatının sədri seçilib. Təşkilat sədri seçilmiş bir adamın namizəd göstərilməsi də, məncə, problem olmamalıdır”.

İsmayıl