Davudoğlu müxalifətin nazirlər siyahısını açıqladı

CHP-dən rədd cavabı gəldi, Dəniz Baykal isə bu gün danışacaq



Türkiyədə müvəqqəti hökumətin qurulması ilə bağlı Çankaya köşkündə keçirilən toplantıda müvəqqəti hökumətin siyahısı müəyyənləşdirilib. Cümhuriyyət Xalq Partiyasından 5, Milliyyətçi Hərəkat Partiyasından 3, Xalqların Demokratik Partiyasından isə 3 millət vəkilinə yeni hökumətdə təmsil olunmaq təklifi göndərilib.

Hökumət kabinəsindəki digər yerlər isə AKP-yə verilib. Adları siyahıda yer alan şəxslər qısa vaxt ərzində yazılı cavab verməlidir. Xatırladaq ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının sədri Əhməd Davudoğluna müvəqqəti hökuməti qurmağı tapşırıb.

CHP-li vəkil baş nazirin vəzifə təklifini rədd etdi...

Artıq baş nazir Əhməd Davudoğlunun təkliflərinə qarşı tərəfdən cavab gəlməyə başlayıb. İlk cavab CHP-nin İstanbul millət vəkili Ərdoğan Toprakdan gəlib. Toprak baş nazirin təklifini rədd edib. Digər CHP-li millət vəkillərinin də təklifləri geri çevirəcəyi gözlənilir. Davudoğlunun nazirlikdə yer alma təklifinə CHP-nin Antalyadan olan millət vəkili Dəniz Baykal isə belə cavab verib: "Mənim cavabım tarixi mahiyyət daşıyacaq. Sabah yazılı açıqlama verəcəm və partiya əxlaqına uyğun hərəkət edəcəm. Məktubumda hər şey öz əksini tapacaq”.

"Şəxsiyyətimi təhqir edənlərə hansı vəzifəni verəcəkdim?”

Türkiyə Prezidenti Ərdoğan CHP lideri Kılıcdaroğluna hökumət qurma vəzifəsinin verilməməsini tənqid edənlərə cavab verib. Ərdoğan "bizim boş şeylərə sərf edəcək zamanımız yoxdur” deyib: "Ali prezident məqamını təhqir edən, şəxsiyyətimə ağzına gələni deyən bir zehniyyətə necə vəzifə verim?! İndi çox həssas dövrdür. Zamanımız çox azdır”. Erkən seçki qərarının qanuni bir məcburiyyət olduğunu deyən Ərdoğan bildirib ki, Türkiyə tarixinin ən kritik dönəmini yaşayır: "Belə çətin bir şəraitdə işi bilməyən şəxslərə vəzifə vermək olmaz. Bunun sonu millət üçün acınacaqlı olar. Əgər müxalifət partiyaları xalqın rifahını düşünsəydilər, baş nazirin koalisiya müzakirələrinə əvvəldən müsbət yanaşardılar. Amma onlar qapıları bağladılar və bizə başqa çıxış yolu qoymadılar”.

İsmayıl