Qaçaq həyat...

Dialoq mədəniyyəti itib, insanlar yola getmir
Aqressiya cəmiyyətdə yavaş-yavaş böyüyür, özünə yer eləyir. Belə vəziyyətdə insanlardan istənilən hərəkəti gözləmək olar


Evdə uşaq valideynləri, arvad ərini, ər arvadını dinləmir. Məktəbdə şagirdlər müəllimləri dinləmir, məmurlar vətəndaşları...

Gəlinlərimiz evdən qaçır. Və qaçanların sayı da hər gün artır. "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin açıqladığı məlumatda qeyd olunur ki, birliyə müraciət etmiş 200 qadından 150-si ailə zorakılığına görə evdən qaçmış qadınlardır.

Qadınlar evdən qaçmalarının səbəbini ər, bəzən hətta qayın, baldız, qayınana, qayınata tərəfindən zorakılığa məruz qalmaları ilə bağlayırlar. Bir neçə gün əvvəl Ucar rayon sakini 3 uşağını atıb Bakıya qaçmışdı. Qadın polis tərəfindən paytaxtın Nərimanov rayonu ərazisində parkda tapılmışdı. Qadın polisə izahatında deyib ki, evdə onu yola vermirlər. "Uşaqlarımdan imtina edirəm, Bakıda yaşamaq istəyirəm” deyən bir ana təsəvvür etmək də artıq çətin deyil. Çünki belələri ilə tez-tez rastlaşırıq. Qadın kişini, kişi qadını ittiham edir. Tərəflər biri-birini qınayır, hər kəs məhz özünü haqlı sayır. Acı reallıqsa budur ki, Azərbaycan ailəsi göz önündə parçalanır, ailə münaqişələrinin də, boşanmaların da sayı gündən-günə, ildən-ilə artır. Statistika da, bunu təsdiq edir. Ötən il bağlanmış nikahların 10-11 faizi boşanma ilə nəticələnib. 12, 1 min nəfər boşanıb. Boşanmalar fonunda nikahların da sayı azalır.

Nə oldu ki, vaxtilə kəfən əvəzi sayılan gəlinliklər indi sadəcə, bir günlük toy geyiminə çevrildi? Və həyat yoldaşını itirdiyində "hörüyünün birini ağ, birini qara hörən” qadınlar da qəhətə çıxdı.

"Ailələri "mentalitet kölgəsi” basıb

Bu müdhiş hadisələrin səbəblərini psixoloq Azad İsazadə ilə çözməyə çalışdıq.

Psixoloq qeyd etdi ki, cəmiyyətdə zorakılıq və aqressiv meyillərin artması birdən-birə baş vermir. Aqressiya cəmiyyətdə yavaş-yavaş böyüyür, özünə yer eləyir. Belə vəziyyətdə insanlardan istənilən hərəkəti gözləmək olar. Sosial aqressiyanı doğuran səbəblərsə biri-birimizi dinləməməyimizdir. Dialoq mədəniyyətinin olmamasıdır. Evdə uşaq valideynləri, arvad ərini, ər arvadını dinləmir. Məktəbdə şagirdlər müəllimləri dinləmir, məmurlar vətəndaşları. Biri-birimizi eşitmək istəmirik. Yığılıb qalan problemlər də bəzən aqressiyanın üzə çıxmasına səbəb olur. Burada təbii ki, mentalitet, adət-ənənə məsələsi də var. Biz qafqazlıyıq. Və bilirik ki, qafqazlı üçün namus, qeyrət hər şeydən öndədir. Amma son illər yalançı namus təəssübkeşləri peyda olub. Öz əməllərinə "ədalət” donu geyindirmək üçün qadını namussuzluqda suçlayırlar. Bir növ, "namus pərdəsi”nə bürünürlər. Bəlkə, reallıqda heç belə deyil. Evdən qaçmış gəlin, bəlkə heç əxlaqsız deyil. Belə deyirlər ki, başqasının evi, qaranlıq meşədir. Orada nə baş verdiyini dəqiq ancaq ev adamları bilir. Amma ev adamları da özlərini haqlı çıxarır. Kişi qadından narazıdır, qadın kişidən. Ana gəlindən, gəlin qayınanadan. Bizim cəmiyyətin naqisliyi bundadır ki, biz evdən qaçan qadınları əksər hallarda namussuz hesab edirik. Və qadının düzgün hərəkət etmədiyini deyirik. Biz azərbaycanlılar üçün hələ də bu təfəkkür möhkəmdir ki, qadın ərinin hər hərəkətinə dözməlidir, ailəsini dağıtmamalıdır. Baxmayaraq ki, çox hallarda boşanmalar məhz kişilərin ucbatından, onların ailəyə baxmaması, qadını təmin etməməsi, uşaqlarına qayğı göstərməməsi səbəbindən baş verir. Yenə də əksəriyyətimiz kişinin tərəfini tutur, qadını dözümsüzlükdə günahlandırırıq. Qadın da insandır. Onun da normal yaşamaq haqqı var. Ailə dağılmasına görə qadınları günahlandırmaq da adət-ənənədən gəlir. Biz qafqazlılar üçün qadın hələ də ailə qoruyucusudur və kişi hara getsə də, qadın evdə qalıb uşaqlarına baxmalıdır. Biz bu missiyanı qadınlara özümüz pərçimləmişik. Kişi evdə olmaya bilər, amma qadın mütləq evdə olmalıdır. Səhvimiz ondadır ki, qadından çox şey tələb edirik, kişini isə ailə yükündən demək olar ki, azad edirik.

Cəmiyyətdə də bu mövqe üstündür; namus, qeyrət üstdə qadını öldürmək də olar! Cəmiyyətin bu cür soyuq mövqeyə malik olması zorakılıqlara, cinayətlərə mane olmur. Biz hələ də belə səhv bir psixologiyaya malikik. Bir qadının, qızın döyüldüyünü, evdən qovulduğunu, işgəncə verildiyini eşidəndə, ilk ağlımıza gələn bu olur ki, yəqin, kişinin sözündən çıxıb, ya da namus məsələsidir. Amma düşünmürük ki, ailəsinə qarşı zorakı davranan bəlkə işsizdir, evə pul gətirmir, ailə ehtiyac içindədir, bəlkə narkomandır, narkotik asılılığı var. Bəlkə o elə uşaq vaxtından aqressivdir, ata-anasına qarşı da zorakı davranıb, məsləhətlərinə heç vaxt qulaq asmayıb. Evlənəndə də bu xüsusiyyətlər ondan getməyib. Eyni aqressiyanı evdə xanımına qarşı da göstərir.

Psixoloq qeyd etdi ki, ailədaxili münaqişələrin sayını azaltmaq üçün tərbiyəvi, maarifləndirici işlərin aparılmasına ehtiyac var:

- İnsanın mayası mərhəmətlə yoğrulub. Amma o, qəddarlaşırsa, deməli, işlər düzgün aparılmayıb. Biz dəfələrlə bu mövzuya toxunmuşuq ki, uşaqların tərbiyə işi düzgün qurulmalıdır. Mənəvi dəyərlər onlara aşılanmalıdır. 10-15 il əvvəl dünyaya gəlmiş uşaq bu gün artıq yeniyetmədir. Əgər evdə, ailədə zorakılıq görürsə, atasının anası ilə necə qəddar davrandığının şahidi olursa, sabah eyni hərəkətləri o da təkrarlayacaq. Biz öz əlimizlə özümüzü ölümə, fəlakətə sürükləyirik. İnsanlarda mərhəmət, şəfqət, ata-anaya, doğmalara qarşı ülvi hisslər tərbiyə etmirik.

Nə kişi öz vəzifəsini bilir, nə də qadın

Sosioloq Əhməd Qəşəmoğlu qadınların evdən qaçmalarına mənəvi deqradasiyaların səbəb olduğunu dedi:

- Təəssüflə qeyd etməliyəm ki, kişilər adət-ənənəyə daha çox bağlıdır, nəinki qadınlar. Qloballaşmanın, demokratikləşmənin əslində nə demək olduğunu bilməyənlər özünü bu axının içinə atıb. Qloballaşmanı açıq-saçıq geyinməkdə, gənc oğlanla gənc qız metroda, avtobusda biri-birinə sarmaşmış halda əyləşməkdə, demokratiyanı da "nə istəyirəm, edirəm” kimi başa düşürlər. Bunlar hamısı bizim indiyədək sahib olduğumuz ailə modelini, adət-ənənəni kökündən sarsıdan zərərli meyillərdir. Baş verənlər onu göstərir ki, biz nə qloballaşmaya hazırıq, nə də demokratiyanın nə demək olduğunu bilirik. Əfsus ki, bizim qadınlarımız qloballaşmanın təsiri altına daha tez düşürlər və sərbəstlik əldə etmək istəyirlər. Kişilərimiz isə bu prosesdə geri qalır. Sevgi, xoş münasibətlərin yaranması kimlər üçünsə tələbat ola bilər. "Amma buna sizin ətrafınız hazırdımı, siz özünüz buna hazırsınızmı” sualı üzərində düşünmək lazımdır. Mən bundan əvvəl də dəfələrlə demişəm ki, internet, mobil telefon, çatlaşma, mesajlaşma fəlakət halına gəlib çatıb. Maarifləndirmə səviyyəsi aşağı olduğundan biz bu gözəl texniki vasitələrdən, müasir texnologiyalardan səmərəli istifadəni bilmirik, düzgün istifadə etmirik. Avtobusa minirsən, 10 nəfərdən 8-i əlində telefon "oynadır”. Gah mesaj yazır, gah mesaj oxuyur, gah oyunlarla məşğuldur. Cavan ərlər də, gəlinlər də səhərdən-axşamadək mesajlaşır, şəkil paylaşır, "facebook”la, "vatsapla” məşğuldur. Bu, ədəbsizlikdi. Mədəniyyətsizlikdi. Hamı internet, "paylaşım” xəstəliyinə tutulub. Araşdırsan, görərsən ki, heç bir işin sahibi deyillər. Sadəcə, avaraçılıqdan telefonda mesajlaşırlar, interneti olan "facebook”da söhbətləşir. Evdə söz-söhbət də bunun üstündə yaranır. Nə kişi öz vəzifəsini bilir, nə qadın. Bilirsiz, bütün bu məsələlərlə bağlı ciddi maarifləndirmə işləri aparılmalıdır. Ailələrə, gənclərə sağlam həyat tərzi mədəniyyəti aşılanmalıdır. 13-14 yaşlı oğlanlar, qızlar 1-2 dəfə bir-birilə telefonda danışır, mesajlaşır, yazışmaların təsiri altına düşür, ertəsi günü görüşür, evlənir, sonra da faciə ilə üzləşirlər. Baxın, evdən qaçan gəlinin 26 yaşı var və 3 övladı. Bu, hardasa 18 yaşında, bəlkə daha tez ailə qurub. Gənc oğlanları əsgərlikdən qayıdan kimi, bəzisini isə heç əsgər getməmiş evləndirirlər, hərbi xidmətdən də yayındırırlar. 18 yaşında, heç bir işi, gəliri olmayan gənc oğlan necə ailə sahibi ola bilər? Bu adamda ailə dəyərləri barədə hansı fikir formalaşmış ola bilər ki, ailəsinin də qədrini bilsin. Valideynlər də günahkardır. Cavan-cavan qızları ərə verir, oğlanları da tez evləndirirlər ki, guya, əyri yola düşməsinlər. Amma əksi baş verir. Ailə qurmağa hazırlıqsız qız və oğlan birgə yaşayış tərzini qəbul edə bilmir. Hərəsi öz istəkləri üzərində yaşayır. Hər kəs öz istədiyini evdə əldə etməyə çalışır. Nəticədə dava-dalaş, zorakılıq başlayır. Əxlaqi dəyərlərimiz itmək üzrədir. Gənclər ədəb qaydalarını bilmirlər. Çünki onları heç kim öyrətməyib. Atanın, ananın, özündən böyüyün yanında əxlaqsız söhbətlər edirlər. Bunların hamısının nəticəsidir ki, qurulan ailələr möhkəm olmur. Gənclər yüngül həyatı seçir. Problem artıq kritik xarakter almaqdadır. Və hamılıqla cəmiyyətdə gedən mənəvi deqradasiyanın qarşısını almağın yolları barədə düşünməliyik.

Məlahət Rzayeva