Bank sektorunda da ciddi ixtisarlar başlayacaq

Tarif Şurası toplanıb, benzinin ucuzlaşması haqqında qərar verməlidir
"Məntiqlə yanaşsaq, valyutadəyişmə məntəqələrinin qarşısında insan axını olmamalıdır"




Azərbaycanda ötən həftədən bəri müşahidə olunan dollar qıtlığı davam edir. Bankların əksəriyyəti dollar satışını dayandırıb, bir qismi isə ABŞ valyutasının satışına məhdudiyyət tətbiq edib. Şəhərin müxtəlif istiqamətlərində fəaliyyət göstərən valyutadəyişmə məntəqələrinin qarşısı əli çantalı insanlarla dolub-daşır.

Hər kəs ötən ilədək gücü ilə öyünülən manatdan canını qurtarmağa çalışır. Amma onların bu istəklərinə nail olması o qədər də asan görünmür. Çünki məntəqələr "dollar yoxdur” deyərək insanlara növbə gözləməyi məsləhət bilməklə kifayətlənir. Halbuki, Azərbaycan Mərkəzi Bankı bildirib ki, kifayət qədər xarici valyuta ehtiyatı var və banklara verilən ciddi göstərişə əsasən dolların məzənnəsi süni olaraq qaldırılmamalıdır. Buna rəğmən belə bankların bir çoxunda və valyutadəyişmə məntəqələrində dollar satışı aparılmır, yalnız manatla mübadilə üçün qəbul edilir. Ekspertlər isə hesab edir ki, dollar ajiotajına səbəb manatın yenidən devalvasiya ehtimalı ilə bağlıdır. Belə ki, ölkədə manatın yeni devalvasiyasının qaçılmaz olduğu, dolların manata nisbətinin 1 dollar - 1 manat 30-50 qəpik olacağı barədə şayiələr dolaşmaqdadır. Bu səbəbdən də bir çox ekspertlər hökuməti yumşaq devalvasiyaya getməyə çağırıb. Son günlər ölkə gündəmini zəbt edən məsələlər - neftin dünya bazarındakı qiymətinin günü-gündən aşağı düşməsi fonunda manatın ikinci dəfə kəskin devalvasiyaya uğrama ehtimalı, valyuta dəyişmə məntəqələrinin "dollar yoxdur” açıqlaması və neftin qiymətinə paralel olaraq bir sıra ölkələrdə yanacağın ucuzlaşması ilə bağlı prosesləri dəyərləndirməsi üçün iqtisadçı-ekspert Natiq Cəfərli ilə əlaqə saxladıq. Ekspert də bəyan edib ki, bir neçə gündür əhali arasında "dollar təşvişi”nin yaranması neftin qiymətinin kəskin düşməsi və Rusiyada, Qazaxıstandakı proseslərdən sonra başlayıb:

- Məntiqlə yanaşsaq, valyutadəyişmə məntəqələrinin qarşısında insan axını olmamalıdır. Çünki ölkənin valyuta ehtiyatları kifayət qədər yüksək səviyyədədir. Mərkəzi Bankın son açıqladığı rəqəm təxminən 8,5 milyard dollara yaxın valyuta ehtiyatının olduğunu deməyə əsas verir. Dollara olan tələbatını ölkədə bu cür ajiotaj yaratması yenidən manatın devalvasiya ehtimalı ilə bağlıdır. Manatın kəskin ucuzlaşmasından ehtiyatlanan vətəndaşlar əlində olan manat valyuta ehtiyatını dollarla dəyişməyə çalışır. Nəticə etibarı ilə bu da ötən həftələrə nisbətən dollara daha çox tələbat yaradıb. Hesab edirəm ki, bu ajiotajın qarşısını almaq üçün Mərkəzi Bank və digər banklar öz kvotalarını müəyyən qədər artırmaq haqqında düşünməlidirlər. Daha çox valyutanın bazara çıxarılması və valyutadəyişmə məntəqələrində heç bir problem olmadan dolların alqı-satqısının həyata keçirilməsi əvvəlki normaya qayıtsın. Bu zaman dollar çatışmazlığı ilə bağlı yaranmış gərginlik azalacaq və həm manata olan basqı, həm də dollara olan tələbat aşağı düşəcək. Amma bir psixoloji faktor da var ki, qonşu ölkələrdə milli valyutanın devalvasiya prosesi davam edir. Qazaxıstan da milli valyutanın dəyərdən düşməsi, rublun hər keçən gün ucuzlaşması, türk lirəsi ilə bağlı yaşanan problemlər Azərbaycan manatına təsirsiz ötüşmür. İnsanlar da gec, ya tez, manatın ucuzlaşmasından ehtiyatlandıqları üçün mümkün qədər əllərində olan manat kütləsini dollara çevirməyə çalışırlar.

- Bəs, vətəndaşların bu narahatlığına zəmin varmı? Manat növbəti dəfə "21 fevral” devalvasiyasına uğrayacaqmı?

- Rəsmilərin də açıqlamaları sübut edir ki, Azərbaycan manatının taleyi dünya bazarında neftin qiymətindən birbaşa asılıdır. Bu danılmaz faktdır. Son günlər dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşaraq 42-43 dollar civarında satılması təbii ki, Azərbaycanın valyuta ehtiyatlarına təsir göstərir və ölkənin gəlirləri azalır. Nəticədə manata olan basqı da artır. Odur ki, neftin qiyməti uzun müddət bu cür ucuzlaşmağa davam edərsə, Mərkəzi Bank məcburən manatla bağlı müəyyən qərarlar qəbul etməli olacaq. Amma manatın fevral ayındakı kimi qəfildən 34-35 faizlik kəskin devalvasiyaya uğrayacağını düşünmürəm. Çox güman ki, MB addım-addım, yumşaq şəkildə manatın ucuzlaşmasına üstünlük verəcək. Çünki ikinci "21 fevral” devalvasiyasına nə Azərbaycan iqtisadiyyatı, nə də əhali psixoloji olaraq hazır deyil. Bu, ölkənin daxili bazarında çox ciddi problemlər yarada bilər.

- Deməli, bu proseslər fonunda bank sektorunda kütləvi ixtisarlar da qaçılmaz olacaq...

- Təəssüf ki, bəli... Çünki bank sektorundakı kritik vəziyyət hələ də davam etməkdədir. Banklar məcburən öz xərclərini optimallaşdırmaqla bu sektorda ayaqda qalmağa çalışacaqlar. Sress vəziyyətdən çıxmaq üçün də ilk şərtlərdən biri maliyyə itkilərinin azaldılmasıdır ki, bunun da əsas yollarından biri ixtisarlardır. Artıq biz bunun ilkin işartılarını da görməkdəyik. Hətta biz bir müddət bir sıra bankların regional filiallarının bağlanması, paytaxtdakı filiallarda ixtisarların aparılması prosesini müşahidə edəcəyik.

- Adətən benzinin qiyməti neftin dünya bazarındakı qiyməti ilə uyğunlaşdırılır. Dünya bazarında neftin ucuzlaşması bir çox ölkələrdə, son olaraq isə qonşu Gürcüstanda yanacağın da ucuzlaşmasına səbəb oldu. Amma Azərbaycanda bu tendensiyanı görə bilmədik. Sizcə niyə?

- Sözün açığı, bu, izaholunmaz bir vəziyyətdir. Benzinin qiymətində heç bir dəyişikliyin müşahidə olunmaması hökumətin birtərəfli siyasətindən xəbər verir. Bu, hökumətin davamlı siyasət yürütməməsini göstərən bir amildir.
Çünki vaxtilə Tarif Şurası benzinin bahalaşması ilə bağlı qərar verərkən istinad etdiyi əsas arqument ondan ibarət idi ki, dünya bazarında neftin qiyməti qalxır deyə qonşu ölkələrdə də benzinin qiyməti qalxır. Qaçaqmalçılıq yolu ilə Azərbaycandan benzin çıxartma ehtimalları yüksəldiyindən biz də benzinin qiymətini qonşu ölkələrdəki qiymətlərə uyğunlaşdırılaraq qaldırırıq. Beləliklə də, dünya bazarında neftin qiyməti 120 dollar civarında olduğu vaxtlarda benzinin qiyməti qaldırıldı. Belə bir bəyanat da olmuşdu ki, "Premium” markalı benzin bazarda sərbəst buraxılır və qiymətlər dünya bazarındakı qiymətlərə uyğun olaraq dəyişəcək. Ancaq o vaxtdan xeyli vaxt keçməsinə baxmayaraq, nə "Premium” markalı benzinin qiymətində, nə hökumətin tənzimlədiyi "Aİ 92” markalı benzinin, nə də dizelin qiymətində bir dəyişiklik oldu. "Aİ 95” markalı benzin neft 120 manat olanda necə 95 qəpik idisə, bu gün də həmin qiymətə satılır. Ancaq bu, düzgün qiymət siyasəti deyil. O zamandan bəri dünya bazarında neftin qiyməti 2 dəfədən çox aşağı düşüb. Normalda bu qiymət azalması Azərbaycan bazarına da öz təsirini göstərməli idi. Əgər o zaman benzinin bahalaşması dünya bazarında gedən proseslərlə əsaslandırılırdısa, indi də dünya bazarında neft ucuzlaşdığı üçün Tarif Şurası yeni yığıncaq keçirib benzinin ucuzlaşması haqqında qərar verməlidir. Ancaq görünən odur ki, Azərbaycanda qiymət siyasəti birtərəfli qaydada gedir, yüksələn xətlə aparılır. Yəni cüzi bir əsas olan kimi qiymətlər qaldırılır, lakin aşağı endirilmir. Bunun isə iqtisadi və məntiqi əsası yoxdur.

- Benzinin qiyməti aşağı düşsə, bunun daxili bazara nə kimi təsirləri ola bilər?

- Əgər hökumət benzinin qiymətini ucuzlaşdırsa, bu, ərzaq bazarından tutmuş bir çox sahələrdə qiymətlərin ucuzlaşmasına təsir göstərə bilər. Xüsusən də, kənd təsərrüfatı məhsulları hiss olunacaq dərəcədə ucuzlaşa bilər. Çünki bu məhsulların maya dəyərinin təqribən 30 faizi yanacağın qiyməti ilə müəyyənləşdirilir. Əgər yanacaq ucuzlaşsa, onda ərzaq məhsullarının ucuzlaşması da baş verə bilər. Lakin Azərbaycan bazarının spesifikasını da nəzərə alsaq, təkcə benzinin ucuzlaşması ciddi ucuzlaşma trendinin yaranmasına səbəb ola bilməz. Qiymətlərin bahalaşmasına səbəb olan digər amillər də aradan qaldırılmalıdır.

Şəymən