İki jurnalist canlı yayımda qətlə yetirilir, dünya susur

Həm də məsələ burasındadır ki, hadisə dünyaya “demokratiya” dərsi keçən Amerikada baş verib



ABŞ-ın Virciniya ştatında iki jurnalist - Alison Parker və Adam Vard silahlı hücum nəticəsində öldürülüb. İnsident səhər saatlarında çəkiliş zamanı baş verib. Ştat polisi qatilin tezliklə tutularaq, məsuliyyətə cəlb olunacağını bildirib.

Lakin məlum dəhşətli hadisədən xeyli vaxt keçməsinə baxmayaraq, kiçik ölkələrdəki xırda hadisələrə tez zamanda reaksiya verən, demokratiyanın zəlil olduğunu deyib bar-bar bağıran "insan haqları keşikçiləri”ndən heç bir səs-səmir yoxdur. Azərbaycanda jurnalist həbsinə görə dərhal toplantılar çağıran, bəyanatlar tirajlayan həmin beynəlxalq təşkilatlar 2 jurnalistin canlı yayımda qətl edilməsi məsələsində susub. Məsələ burasındadır ki, hadisə dünyaya "demokratiya” dərsi keçən Amerikada baş verib. Öz ölkəsinin jurnalistini qoruya bilməyən bir ölkə başqa ölkələrdəki jurnalistlərə havadarlıq edir?! Hadisənin baş verdiyi gün ABŞ-da jurnalistlərlə bağlı digər qərar da diqqətçəkicidir. Yayılan məlumatlara görə, Amerika ordusunun komandirlərinə jurnalistləri cəzalandırmaq və onlara münaqişə iştirakçısı kimi yanaşmaq icazəsi verilib.

Siyasi elmlər doktoru, professor Elman Nəsirli Vaşinqtonun susqunluğunun daha çox məqama aydınlıq gətirdiyini deyib: "Virciniya ştatında baş verən qətl hadisəsinə ABŞ Administrasiyasının ciddi reaksiya verməməsi həqiqəti üzə çıxartdı. Deməli, qərb dairələri jurnalistlərlə bağlı qətl hadisələrinə və onların ölümü ilə bağlı digər hallara selektiv yanaşır. ABŞ öz ölkəsində baş verən hadisəyə heç bir lazımi qiymət vermir və burada siyasi motiv axtarmır. Olaya insan hüquq və azadlıqlarının, xüsusilə də söz və mətbuat azadlıqlarının boğulması anlamını vermir”. E.Nəsirli jurnalistlərlə bağlı Azərbaycanda baş verən hər hansı olaya ABŞ-ın sərt reaksiyasını ölkəmizə təzyiq vasitəsi kimi qiymətləndirir: "ABŞ və bir çox qərb ölkələri məişət zəminində baş verən qətl hadisələrinə belə siyasi motiv geyindirmək istəyir, cinayət faktını siyasiləşdirmək istəyir. Məqsəd hər vəchlə həmin ölkəyə təzyiq göstərmək, onunla diktə dilində danışmaq, rəhbərliyini bu və ya digər güzəştə getməyə məcbur etməkdir”.

"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev də bildirib ki, yaşanan hadisə ABŞ-da media azadlığının hansı səviyyədə olduğunu bir daha ortaya qoyub: "Bu hadisə ABŞ demokratiyası üçün üz qarasıdır. Canlı yayımda jurnalistləri güllələnən ABŞ başqa ölkələrdə jurnalistlərin hüquqlarının pozulması ilə bağlı hesabatlarla, bəyanatlarla çıxış edir. Çox qəribədir, başqasına məsləhət görən dövlət, görəsən, özü niyə buna əməl etmir? Düşünürəm ki, olay ciddi şəkildə pislənməlidir. Həm beynəlxalq təşkilatlar, həm də mətbuat sahəsində çalışan bütün qələm adamları buna etirazlarını bildirməlidir”.

"Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz bəyan edib ki, demokratik dəyərlərdən dəm vuranların ölkələrində bu cür hadisələr tez-tez baş verir: "Bu yaxınlarda ölkəmizdə jurnalist ölümü ilə bağlı məsələləri birbaşa ölkə Prezidenti İlham Əliyev nəzarətinə götürsə də, bəziləri bunu siyasiləşdirməyə çalışdılar. İndi desinlər görək kim öz vətəndaşına, jurnalistinə daha çox

hörmətlə yanaşır. ABŞ, yoxsa Azərbaycan?”. Baş redaktor deyib ki, özünü demokratiyanın beşiyi hesab edən ABŞ-da baş verən hadisələri heç kim analiz etmək istəmir: "Bu, onların yaratdığı hökumətin təsirindən irəli gələn məsələdir. Əslində ABŞ Prezidenti Barak Obama və oradakı QHT-lər sözügedən məsələyə münasibət bildirməli idilər. Çox təəssüf ki, bunu görmədik. Sanki belə bir hadisə baş verməyib. Bu, ABŞ-ın ikiüzlülüyünü, "demokratiyasını” bir daha göstərir. Buradan sual yaranır. Əgər ABŞ insan hüquqlarını belə qoruyursa, heyvanlara belə hörmətlə yanaşmağı başqalarına öyrədirsə, o zaman niyə öz vətəndaşına qarşı bu cür münasibət göstərir? Demək, ABŞ-ın əsil siması elə budur”.

İsmayıl