MHP-də zəlzələ...

Toğrul Türkeş AKP hökumətində vəzifə almağa hazırdır
Tayyib Ərdoğan: “Türkiyəni rifaha, sabitliyə aparan bütün yollar CHP və MHP tərəfindən tutulur. Ancaq millət onların etdiyini yaxşı görür”



Ötən gün Türkiyənin Baş naziri Əhməd Davudoğlu müvəqqəti hökumət qurmaq üçün müxalifət partiyalarında təmsil olunan 11 nəfərə rəsmi təklif göndərib. CHP-li millət vəkilləri Davudoğlunun təkliflərini ard-arda rədd edərkən MHP-li vəkil Toğrul Türkeş baş nazirin təklifini qəbul edib. Digər MHP-li iki millət vəkili isə hökumətdə təmsil olunma təklifini geri çevirib. Ancaq Davudoğlu AKP-li vəkillərə hələlik təklif göndərməyib.

Türkeş sürprizi...

Türkeşin aldığı gözlənilməz qərar MHP rəhbərliyində zəlzələ effekti yaratdı. Türkeşin bu addımı Baxçalının 7 iyundan sonrakı taktikasını tamamilə boşa çıxardı. Bu qərarla MHP böyük ehtimalla HDP-nin də yer alacağı müvəqqəti hökumətə nazir vermiş olacaq. Dövlət Baxçalı nə qədər Toğrul Türkeşin partiyadan qovulması üçün təlimat versə də, bu addımı atan MHP-nin qurucusu Alparslan Türkeşin oğludur. Deyilənə görə, Türkeşin MHP-də ciddi dayaqları var.

Ərdoğan müxalifətə əsəbiləşdi...

Türkiyə Prezidenti Ərdoğan müvəqqəti hökumət təkliflərini rədd edən CHP və MHP rəhbərliyini "tvitter” səhifəsində sərt tənqid edib. Ərdoğan deyib ki, müxalifət ölkənin və xalqın inkişaf yolunun üzərində dayanıb: "Türkiyəni rifaha, sabitliyə aparan bütün yollar CHP və MHP tərəfindən tutulur. Ancaq millət onların etdiyini yaxşı görür. Bundan sonra onlar hansı üzlə xalqdan səs gözləyəcəklər? Millətin qarşısına dürüst və səmimi çıxmaq lazımdır”.

Son ümid partiya mənsubiyyəti olmayan deputatlaradır...

Hələlik Davudoğlunun təklifini üç HDP-li və bir MHP-li millət vəkili qəbul edib. Hazırda qurulacaq kabinədə baş nazir də daxil olmaqla 12 AKP-li vəkil var. Digər müxalif vəkillərlə isə onların sayı 16-ya çatır. Digər 10 nəfərin bitərəf deputatlardan seçiləcəyi deyilir.

HDP vəzifə təklifindən məmnun qalıb

Ötən gün mətbuata açıqlama verən HDP başqanı Səlahəddin Dəmirtaş kürd vəkillərin Davudoğlunun təkliflərini qəbul edəcəyini açıqlayıb: "Biz bu məsələdə qərarımızı daha əvvəldən açıqlamışdıq. Keçici seçki hökumətində vəzifə tutmağa hazırıq. Hansı vəkilimizə deputat verilməsi bizim üçün əhəmiyyət kəsb etmir. Bütün vəkillərimiz istənilən vəzifəni icra etmək səlahiyyətindədir”.

Səadət Partiyası AKP ilə ittifaqa hazırdır

Səadət Partiyasının sədr müavini Birol Aydın indiki çətin məqamda istənilən müttəfiqliyə hazır olduqlarını açıqlayıb: "Ölkəmizin ciddi problemləri var. Əgər uzatdığımız əl və ya bizə uzadılan əl Türkiyənin problemlərini çözəcəksə, heç kimin təklifini geri çevirmərik. Bu AKP-nin, CHP-nin və ya MHP-nin əlidir, fərq etməz. Yetər ki, millətimiz bu məngənədən qurtulsun. Biz hər zaman demişik. İttifaq və koalisiya ən gözəl yoldur, əksinə, oturub anlaşa bilməmək, birlikdə yol getməyi bacarmamaq pisdir. Bərabər yol ala bilməyənlər ölkənin problemlərini həll edə bilməzlər”.

İsmayıl