
135 milyon manat hardadır?
“Azəristiliktəchizat”ın işi görünmür, paytaxtın mərkəzində insanlar soyuqdan titrəyir

Bakı üşüyür. Bu, nə təşbehdir, nə də metafora. Sadəcə, reallıqdır. Bakı sakinləri evlərində, mənzillərində titrəyirlərsə, 3-4 yorğanla yatırlarsa, çaydanı da yarım saata qaynadırlarsa, demək ki, şəhərimiz də üşüyür. Donur. Hələ qar yağmayıb, qışın oğlan çağı qapımızı kəsməyib, əhali
qazsızdır, bəs sabah qar-çovğun başlasa, vəziyyət necə olacaq?! Rəsmi qurumları dinləsək, dillərindən "ləl-cəvahirat” tökülür. Elə danışırlar, sanki bu şəhərin heç bir problemi yoxdur.
Problem yoxdursa, mənzillərə, deyildiyi kimi lazımi təzyiqdə qaz verilirsə, bəs bu əhali evinin içində soyuqdan niyə titrəşir? Baxın, məsələni o tərəf, bu tərəfə çək-çevir etmək əhəmiyyətsizdir. Hamımız axşam evdə qaz plitəsinin önünə keçirik, əlimizi də istilik cihazlarına doğru uzadırıq; bəlkə istiliyi hiss etdik ümidi ilə. Amma görürük ki, mətbəxdəki plitədə də qaz közərir, istiyə uzanan əlimizi də dəmirin soyuğu "kəsir”.
Problem nədədir? İstiliyin qarşısını kəsən kimdir, kimlərdir?
Qaz yolda hara "itir”?
Xatırladaq ki, ötən dəfə problemlə bağlı müraciət etdiyimiz "Azəriqaz” QSC-nin mətbuat xidmətindən "Şərq”ə bildirilmişdi ki, qazın təzyiqinin az olması ilə bağlı deyilənlər həqiqətəuyğun deyil. İstehlakçılara verilən təbii qazın təzyiqi daim normadadır. Təzyiq gündəlik tənzimlənir. Havalar soyuyursa, tələbat artır, amma qazın həcmi də tələbata uyğun artırılır.
"Azəriqaz”dan onu da bildirmişdilər ki, kütləvi surətdə qaz qıtlığı yaşanması mümkün deyil. Bu, ancaq lokal xarakterli ola bilər. Hansısa ərazidə, qəsəbədə və ya yaşayış binasında qaz zəifdirsə, səbəbi ərazi üzrə axtarmaq lazımdır. Yəni ki, təbii qazın mənzillərə bəzən normada gəlib çatmaması sırf yerli səbəblərlə bağlı olur.
Qeyd edək ki, "Azəristiliktəchizat” ASC də problemi yerində araşdırmağı məsləhət görüb. ASC-nin abonent və müştəri şöbəsinin rəisi Rafiq Əliyev "Qafqazinfo”ya açıqlamasında bildirib ki, Bakıda nəzərdə tutulmuş 3500 binanın hamısı istiliklə təchiz olunub:
"Ola bilər ki, problem kiminsə mənzili ilə bağlı ola bilər. "Azəristiliktəchizat”la bağlı problem qalmayıb. Kimin problemi varsa, quruma müraciət etsin, onun evini fərdi araşdıraq. "Azəriqaz”da öz problemini demək olar ki, aradan qaldırıb”.
Deyilənlərdən belə anlaşılır ki, nə "Azəriqaz”, nə də "Azəristiliktəchizat” əhalinin soyuqdan donmasının məsuliyyətini, belə demək mümkünsə, titrəşən uşaqların və böyüklərin titrəşməsinin vəbalını boynuna almaq fikrində deyil. Və günahkar kimi yenə də camaatın özünü göstərirlər. Qısası, demək istəyirlər ki, gedin, araşdırın, görün, qazınız niyə zəif gəlir? Məsələ bizlik deyil, biz qazı veririk. Qaz yolda harasa buxarlanırsa, itirsə, günah özünüzdədir.
Yaxşı, tutalım, fərdi yaşayış evlərinin istilik sisteminə sakinlərin özü cavabdehdir, halbuki, bu, əsla belə ola bilməz, bəs, yaşayış binalarına istiliyin verilməməsinin günahını kimin boynuna yazaq?
Məsələn, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 84 saylı binanın sakinlərindən istilik pulu yığılsa da, mənzillərə hələ də istilik verilmir. Sakinlər məcburiyyət qarşısında elektrik qızdırıcılarından istifadə edirlər. Halbuki binada istilik sistemi quraşdırılıb. Bunun məsuliyyətini də əlaqədar qurumlar sakinlərin üzərinə atır. Bəzi mənzillərdə kombi sistemi quraşdırılıb, bəziləri isə istilik təchizatını gözləyir. Bilmirlər, istilik sistemini necə işə salsınlar. Problemdən çıxış yolunu heç cür tapa bilmirlər. Sakinlərsə donur...
Prezident lazım gələn bütün işlərin görülməsini tapşırıb...
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin dekabrında "2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasına həsr olunmuş konfransdakı çıxışı zamanı paytaxtın istilik sistemi məsələsinə toxunmuşdu və "Bakının istilik sisteminin bərpası məsələsi kəskin şəkildə dayanır” söyləmişdi. Prezident qeyd etmişdi ki, sovet vaxtı quraşdırılmış avadanlıqlar sıradan çıxıb, sakinlər də istilik qurğularını söküb atıblar. Buna baxmayaraq Prezident istilik sisteminin bərpası üçün lazım gələn bütün işlərin görülməsini tapşırdı. Və dövlət büdcəsindən də bu tədbirlərin həyata keçirilməsinə vəsait ayrıldı. Qısaca onu xatırladaq ki, "Azəristiliktəchizat” ASC-yə 2006-2013-cü illər üçün 110 milyon manat vəsait ayrılıb. Təkcə 2013-cü il üçün bu məbləğ 25 milyon manat təşkil edib. Bu vəsaitin 10,3 milyonu Bakı şəhərində qazanxanaların tikilməsi, istilik təchizatı sistemlərinin təmir və bərpası üçün nəzərdə tutulub. Bəs, nə oldu? Niyə camaat soyuqdan titrəyir?..
"Azəristiliktəchizat”ınsa öz statistikası var. Sadalamayacağıq. Çünki filan qədər qazanxana tikilib, filan metr istilik xətti çəkilib, filan qədər boru, filan qədər qurğu... Deyilənlər doğru olsaydı, hazırda paytaxtın istilik təchizatında köklü dəyişikliklər hiss olunardı. İstilik də yerin altından keçən su xətti-filan deyil ki, gözlə görünməsin. Fakt budur ki, hazırda Bakıda 1000-dən artıq binaya istilik verilmir. Paytaxtın istilik təchizatı bərbad vəziyyətdədir. Bunu biz də, siz də, hamımız hiss edirik. Çünki evlərimiz çox soyuqdur...
"Qazı təzyiqlə verməyə ehtiyat edirlər, çünki...”
"Azəriqaz”ın sabiq idarə rəisi Nüsrət Qasımov isə "Şərq”ə açıqlamasında qaz və istilik təchizatına məsul qurumları yalan danışmaqda suçladı:
- Artıq sayğac sisteminə keçilib. Abonent nə qədər qaz sərf edirsə, onun da pulunu ödəyir. Sayğac sisteminə keçilibsə, təbii qaz, yay-qış, fərqi yoxdur, eyni təzyiqlə verilməlidir. Təbii ki, yayda az istifadə olunacaq, havalar soyuyanda, qışda isə çox. Təbii qazın təzyiqi il ərzində 130 mm. su tutumuna bərabər olmalıdır. Bu, normadır. Temperatur aşağı düşdükcə qaz sərfiyyatı artır. İstehsalçı maraqlı olmalıdır ki, qazı normasında versin, pulunu alsın. Paytaxt üzrə qış aylarında 15-16 kub.metr qaz işlənməlidir. Binaların problemi isə fərqlidir. Elə binalar var ki, qazanxana sisteminə keçib, elələri də var ki, köhnə sistem dağıdılıb, yenisi isə hələ quraşdırılmayıb. Hələ kooperativ binalar da var ki, onların işi lap çətindir. Nə qədər yeni tikililər, hündürmərtəbəli binalar təhvil alınmadığından onlara qaz verilmir. Təsəvvür edin ki, camaat ya elektrik cihazı ilə otaqları qızdırır, ya da balon qazı işlədirlər. Bu da çox təhlükəlidir. Binaların tüstü bacaları təmizlənmir, qaz xətləri yoxlanmır. Nə qədər ölüm halları. Dəm qazından zəhərlənmələr baş verir. Bütün bu işlərə kimsə məsuliyyət daşımalıdır. Şükür ki, təbii ehtiyatlarımız boldur. Qazımız da var. Amma ola bilsin ki, qazı təzyiqlə verməyə ehtiyat edirlər. Çünki Bakıdakı qaz kəmərləri təsəvvür edin ki, 1929, 30-40-cı illərdə çəkilmiş xətlərdir. Bu xətlər istifadə müddətini çoxdan başa vurub. Qorxurlar ki, qazı təzyiqlə verərlər, kəmərlərdə sızmalar olar, bədbəxt hadisələr baş verər. Kəmərlərin çoxu təzələnməyib. Əlaqədar qurumlar mənzillərə qazın normal təzyiqlə gəlib çatmamasının lokal xarakterli olduğunu deməklə, özlərini məsuliyyətdən kənara çəkirlər. Lap tutalım, problem lokal xarakterlidirsə, mavi yanacaq hardasa itkiyə gedirsə, bunu qaz-istismar sahələri yoxlayıb üzə çıxarmalı və problemi aradan qaldırmalıdırlar. Niyə kimlərinsə məsuliyyətsizliyi ucbatından neft-qaz ölkəsinin paytaxtında əhali soyuqdan əziyyət çəkməlidir? Dövlət büdcəsindən bu qədər vəsait ayrılır. Qurumların birbaşa vəzifə borcudur ki, əhaliyə normal təzyiqdə qaz versin.
P.S. Hələ qarşıda sərt qış var. Mövzunu davam etdirəcəyik. Bu qədər ayrılan pulların müqabilində Bakının hansı binalarında istilik yoxdur, növbəti saylarımızda onların siyahısını dərc edəcəyik.
Məlahət Rzayeva