"Rəsmi Bakı ilə Təl-Əvivin əlaqələri strateji xarakter daşıyır"

"İsrailin Ermənistanı özünə yaxın buraxması Azərbaycanla münasibətlərə mənfi təsir göstərməyəcək"

İsrailin paytaxtı Təl-Əvivdə işğalçı Ermənistan səfirliyinin rəsmi açılışı olub. Roş-Haşana bayramı ərəfəsində baş tutan mərasimə İsrail Xarici İşlər Nazirliyinin department müdiri İzhak Karmel-Kaqan da qatılıb. Çıxış edən səfir Armen Smbatyan səfirliyin yəhudi təqviminə görə Yeni il ərəfəsində işə başlamasında xüsusi bir simvolun olduğunu qeyd edib. Öz növbəsində, İsrail dövləti adından Ermənistanın diplomatik nümayəndəliyinin açılmasını alqışlayıb. Ölkələr arasındakı münasibətlərin inkişafının vacib bir proses olduğunu, bunun açıq və konstruktiv dialoqun ortaya çıxacağı təqdirdə gələcəkdə istənilən səviyyəli problemlərin həllinə imkan verəcəyini vurğulayıb. 

Düşmənin diplomatik həmlələrini “Şərq”ə dəyərləndirən politoloq Turan Rzayev deyib ki, Ermənistan tərəfi Azərbaycanla sıx əməkdaşlıq edən bir neçə ölkə ilə münasibətləri gücləndirməyə çalışır. Analitik vurğulayıb ki, bu yaxınlarda Ermənistan Xarici işlər naziri Z.Mnatsakanyanın Misirə səfəri reallaşdı. Erməni XİN rəhbəri Qahirədə Azərbaycan və Türkiyə əleyhinə bəyanatlar səsləndirdi. Bundan əlavə, Səudiyyə Ərəbistanı kralı Salman ibn Abdulaziz Əlsuud Ermənistanı müstəqillik günü münasibəti ilə təbrik etdi:

“Uzun müddətdir Ər-Riyadla İrəvan arasında heç bir diplomatik münasibət yox idi. Bu, Ərəbistanın ilk cəhdi kimi qiymətləndirilir. Təbii olaraq ən diqqətçəkən məsələ İsrail-Ermənistan yaxınlaşması, daha doğrusu, Ermənistanın müxtəlif üsullarla İsrailə yaxınlaşmaq səyləridir. İrəvan hökuməti Azərbaycan-İsrail əlaqələrinin yüksək səviyyədə olduğunun fərqindədir. Düzdür, rəsmi Bakı müəyyən məqamlarda, məsələn, Qüdslə bağlı məsələdə ehtiyatlı yanaşma ortaya qoyur. İsrail bizim hərbi-siyasi müttəfiqimiz kimi çıxış etsə də, Qüds məsələsində Təl-Əvivə birbaşa dəstək vermirik.

İşğalçı ölkə məhz Qüdsü əlində bayraq edərək İsraillə yaxınlaşmağa cəhd edir. Çünki Misir, Səudiyyə Ərəbistanı və İsrail kimi güclü ölkələrlə Azərbaycanın sıx əməkdaşlığı Ermənistanda narahatlıq yaradır. Başda İsrail olmaqla üç ölkənin rəhbərliyi öz açıqlamaları ilə daim Azərbaycana dəstək verir, işğalçı İrəvanın mövqelərinə zərbə vururlar. Buna görə də ermənilər hər üç dövləti müxtəlif metodlardan istifadə edərək öz yanlarına çəkmək istəyirlər”. 

T.Rzayev düşünür ki, İsrailin Ermənistanı özünə yaxın buraxması Azərbaycanla münasibətlərə mənfi təsir göstərməyəcək:

“Rəsmi Bakı ilə Təl-Əvivin əlaqələri strateji xarakter daşıyır. Əməkdaşlığımız iki-üç günlük deyil, tarixi köklərə bağlıdır. Hərbi, iqtisadi əlaqələrimiz üst səviyyədədir. Siyasi, mədəni münasibətlərimiz də var. İsrail özünəməxsus “Lora” raketlərini sadəcə Azərbaycana satır. İslam dünyasında ən sıx əməkdaşlıq etdiyi yeganə ölkə Azərbaycandır. Bu amillər ikili münasibətlərimizin hansı səviyyədə olduğunu göstərməyə kifayət edir. İsrail heç vaxt zəif və işğalçı Ermənistanı güclü Azərbaycanla bir tutmaz. Ermənistanla İsrailin münasibətləri şəffaf deyil”. 

Analitikin qənaətincə, İsrailin Ermənistanla diplomatik ünsiyyət qurması xeyrimizə də ola bilər:

“İrəvanla rəsmi əlaqəsi olmayan ölkələrin hamısı birbaşa Azərbaycanın mövqeyini dəstəkləsələr də, Qarabağ münaqişəsinin həllində hansısa rol oynaya bilmirlər. Ermənistanın əməkdaşlıq təklifinə razılıq verən Təl-Əviv bir zaman sonra münaqişənin həllində vasitəçilik missiyasını icra edə bilər”.