18 yaşın işığında...

Sevincimizi bölüşdülər, Türkiyədən, Polşadan, Gürcüstandan da təbriklər gəldi
Bu gün Azərbaycanın ilk müstəqil qəzetlərindən olan və yarandığı ilk gündən Azərbaycan jurnalistikasına saysız töhfələr verən, peşəkar jurnalistlər yetişdirən "Şərq” qəzetinin 18 yaşı tamam olur. Təbriklərdə də deyildiyi kimi, qəzetimiz artıq əsgər yaşına çatıb. Deməli, bu gün həm də azad sözün, plüralizmin əsgəri olan "Şərq”çilərin bayramıdır. 1996-cı ilin noyabrın 1-dən bugünədək media sahəsinə ilk addımını "Şərq”dən atan onlarla jurnalist öz peşə bacarıqlarını bu qəzetdə formalaşdırıb.
Hansı ki, həmin jurnalistlərin hər biri indi müxtəlif elektron saytlarda, televiziyalarda, dövlət qurumlarında çalışır. Bəziləri də elə 18 il "Şərq”də çiyin-çiyinə "döyüşür”. Bu gözəl gün münasibətilə bütün "Şərq”çiləri, o cümlədən də vaxtilə bu qəzetdə çalışıb, jurnalistikamıza öz töhfələrini verən, müxtəlif yerlərdə çalışan "Şərq”çiləri də təbrik edirik.
Bu arada qeyd edək ki, qəzetin ad gününü kollektiv kiçik süfrə arxasında keçirsə də, "Şərq” qəzetinin 18 illik yubileyi münasibəti ilə redaksiyaya olunan zənglərin, təbrikə gələnlərin ardı-arası kəsilmədi.
"Lent. az” və "aktual. az” internet portallarından olan həmkarlarımız redaksiyamıza təşrif buyuraraq baş redaktorlarının təbriklərini çatdırdılar. "Şərq”dəki vəziyyətlə tanış olan həmkarlarımız əməkdaşlarla söhbətləşdilər, öz çəkilişlərini apardılar və qəzeti 18 yaşı münasibəti ilə təbrik etdilər.
"Azərsu”nun ictimaiyyətlə əlaqələr departamentinin direktoru Anar Cəbrayıllı zəng edərək əməkdaşları təbrik etdi. Və bu təbrikin ardınca da tort hədiyyəsini göndərdi.
"Şərq” qəzeti fəaliyyət müddətində obyektiv və aktuallığı ilə digər mətbuat orqanlarından həmişə seçilib və böyük nüfuz sahibi olub. Bəs, görəsən, 18 illiyini qeyd edən "Şərq” qəzeti haqqında daimi müsahiblərimiz nə düşünür? Odur ki, öz fəaliyyətinə və yaradıcılığına görə, ictimaiyyətdə kifayət qədər çəkisi olan gənclərdən "Şərq”lə bağlı təəssüratlarını öyrəndik.
"Şərq” qəzeti ilə tanışlığının təxminən 15 il əvvələ təsadüf etdiyini vurğulayan gənc yazar Cəlil Cavanşir yarandığı ilk illərdən "Şərq” oxucusu olduğunu deyib: "Atam qəzetin hər nömrəsini alırdı və mən o zamanlar acgözlüklə bu qəzeti oxuyurdum. Hələ orta məktəb illərində bu qəzet mənim sevimli qəzetim olub. Son illər ardıcıl olaraq izləməsəm də, baş redaktoru Akif Aşırlıya da, qəzetin yaradıcı kollektivinə də böyük ehtiramım var. Hər birinizə işlərinizdə və fəaliyyətinizdə uğurlar arzulayıram”.
BDU-nun beynəlxalq jurnalistika kafedrasının dosenti, Vüqar Zifəroğlu isə "Şərq” qəzetinə münasibətinin həmişə müsbət olduğunu deyib: "Şərq” öz dəsti-xətti ilə seçilən bir qəzet olub. Azərbaycan müstəqillik əldə edəndən sonra nəşr edilən ilk müstəqil, müasir qəzetçilik ənənələrini ortaya qoyan bir media orqanıdır. Və sevindirici haldır ki, bu qəzet bu gün də dərc edilir və ən əsası da müasir informasiya kanallarının şəbəkə jurnalistikasına transformasiya olduğu bir dönəmdə indi də sadiq oxucu auditoriyasına malikdir”.
"Şərq”lə ilk tanışlığının uşaqlıq illərinə təsadüf etdiyini xatırladan V.Zifəroğlu "Şərq”lə bağlı arzusunu da bildirib: "Şəxsən bizim ailədə, mən hələ orta məktəbdə oxuduğum dönəmlərdən həmişə "Şərq” qəzeti oxunub. Bu qəzet mənim üçün əziz və qiymətlidir. Çox arzu edərdim ki, tezliklə "Şərq”in işlək və rəqabətə davamlı elektron versiyası da öz auditoriyasının görüşünə gəlsin”.
Gənc yazar Qan Turalı isə "Şərq” qəzetinin ədəbi prosesə diqqət göstərən nadir qəzetlərdən olduğunu deyib: "Mən "Şərq”in ad günündə qəzetə və kollektivinə uğurlar arzulayıram. Arzu edirəm ki, qəzet daim Azərbaycan ədəbiyyat və mədəniyyətinin ən mütərəqqi meyillərini inkişaf etdirsin.
"Ədəbiyyat biz”in baş redaktoru Zahir Əzəmət isə bildirib ki, "Şərq” qəzeti bir vaxtlar ölkənin ən sanballı, tirajlı müstəqil qəzetlərindən biri olub: "Hər gün oxuduğum qəzet idi. Təəssüf ki, internet bumu, saytlar qəzetləri bir az arxa plana keçirib. Çox yaxşıdır ki, bütün bu çətinliklərə baxmayaraq, "Şərq” qəzeti bu gün də çəkisini qoruyub saxlaya bilir. Qəzetə bundan sonra da inkişaf etməyi, gələcəyin çağırışlarına indidən hazır olmağı arzulayıram. Təbriklər!”
Müsavat Partiyasının Divan üzvü, gənc siyasətçi Tural Abbaslı da öz növbəsində "Şərq” qəzetinin bütün kollektivini 18 illik yubiley münasibəti ilə təbrik edib: "Şərq”ə media aləmində uğurlar və çoxsaylı oxucu kütləsi arzu edirəm. "Şərq” qəzeti Azərbaycan mətbuatında özünəməxsus yeri olan bir mətbu orqandır. Zamanında ən çox oxunan 2 qəzetdən biri kimi xatirimdə qalmaqdadır. Bu qəzetlə məni həm də özəl münasibətlər bağlayır. Belə ki, mən ixtisasca jurnalistəm və tələbəlik illərində ilk jurnalist təcrübəm bu qəzetdə olub. İndi həmin dönəmdə orada çalışan jurnalistlərin çoxu media aləmində söz sahibi olan qələm ustalarıdırlar. Bu həm də qəzetin Azərbaycanda jurnalistika məktəbinin formalaşmasında verdiyi töhfələrdəndir. Qəzetin siyasi kursunu onun özünün müəyyənləşdirdiyini nəzərə alaraq bu barədə bir söz deməyəcəm. Bundan sonra da "Şərq”in sözünü deyəcəyinə və söz azadlığı, fikir plüralizminə verdiyi dəstəyi davam edəcəyinə əminəm. Uğurlar!”
Daimi müsahibimiz olan "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu da "Şərq”ə öz təbriklərini çatdırıb: "Əvvəllər qəzetin daimi oxucusu olmuşam, indi isə həm də demək olar ki, daimi müsahibiyəm. Son illər xüsusilə çox məhsuldar və səmərəli əməkdaşlıq qura bilmişik və bu da qəzet əməkdaşlarının yüksək jurnalist etikasına, əməkdaşlıq mədəniyyətinə malik olmaları və riayət etməsi sayəsində mümkün olub. Əziz "Şərq”çilər, sizinlə əməkdaşlıqdan məmnunam və bunun davam edəcəyinə əminəm. Mediamız üçün çox çətin bir dönəmdə hər bir jurnalistin əməyi əvəzsizdir və sizlərə bu çətin yolda uğurlar, şəxsi həyatınızda xoşbəxt olmağı arzulayıram!”.
"Müsbət Dəyişiklik” Gənclər Hərəkatının həmtəsisçisi, gənc fəal Bəxtiyar Hacıyev də "Şərq” qəzetinə və "Şərq”çilərə böyük uğurlar arzulayıb: "Azərbaycanda mətbuatın azadlıq dərəcəsini nəzərə alsaq, indiki şəraitdə bacardığınız qədər balanslı, ədalətli, peşəkar yazılar, xəbərlər hazırlayırsınız və ümid edirəm ki, azadlıqlarınız genişləndikcə, peşəkarlığınız da, yazılarınızın əhatəsi də, cəmiyyətə təsiri də artacaq. Sizə qarşıdakı illərdə daha böyük uğurlar, daha çox və sadiq oxucu kütləsi arzulayıram”.
"Üç nöqtə” qəzetinin redaktoru və daimi müsahibimiz Elməddin Muradlı da "Şərq”lə bağlı ürək sözlərini deyib: "İlk növbədə sizi təbrik edirəm! Hər halda, nədənsə, mən "Üç nöqtə”də işlədiyim 15 il ərzində "Şərq” qəzetini özümüzə yaxın qəzet saymışam. "Şərq” qəzetində mövzulara fərqli yanaşma var. Əməkdaşları da həmişə axtarışda olublar. Yəni ki, həmişə yeni-yeni mövzuları "Şərq” qəzetində oxumaq mümkündür. Doğrudur, bəzən bütün qəzetlərdə olduğu kimi, "Şərq”in də axsayan vaxtları olub. Amma sevindirici haldır ki, bu gün "Şərq” elə başda
Akif Aşırlı olmaqla, gənc və enerjili kollektivin əhatəsində işıq üzü görür, çap olunur və oxunur. "Üç nöqtə” qəzeti olaraq uğurlarınıza sevinirik, hörmətli həmkarlar!!”
Digər həmkarımız, "Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı da öz təbriklərini bildirib: "Şərq” qəzetini başda Akif Aşırlı olmaqla 18 illiyi münasibəti ilə təbrik edirəm. "Şərq” hər zaman milli-mənəvi dəyərlərin qorunmasında, insanların düzgün şəkildə maarifləndirilməsində önəmli rol oynayıb. 18 il heç də az bir dönəm deyil. "Şərq” bu qədər müddətdir ki, öz oxucularının görüşünə gəlir. Davamı olsun deyirəm və qəzetin kollektivini bir daha təbrik edirəm”.
Qeyd edək ki, yalnız ölkə daxilində deyil, ayrı-ayrı xarici ölkələrdə fəaliyyət göstərən ziyalılar da "Şərq”i 18 yaşı münasibəti ilə təbrik ediblər.
AYB-nin Gürcüstan bölməsinin rəhbəri,  söz adamı Rafiq Hümmət: "Hazırda yüzlərlə qəzet-dərginin olmasına baxmayaraq, qoca Şərqin şəffaf aynalarından biri olan "Şərq” qəzeti mənim üçün yenə də ən doğma, ən sevimli mətbu ocaqlardan biridir. 2000-ci illərin əvvəllərində ən çox oxunan bu qəzetdə bəlkə də ən çox çap olunan yazarlardan biri də mən olmuşam və buna görə də qürur duyuram... "Şərq” daha boya-başa yetib, artıq əsgərlik - 18 yaşına çatıb. Və, inşallah, yeni zəfərlərlə, möhtəşəm qələbələrlə bizləri sevindirəcək və şərəfli Millətimizin şərəf dolu zəfərini hamımıza ilk çatdıran da "Şərq”in qızıl yazılı manşeti olacaqdır! Sənə bolluca uğurlar diləyirəm, "Şərq”im - sönməz ocağım!”
Polşadan "Şərq”ə təbrik yazan qəzetin sabiq əməkdaşı Şövqi Vaqifoğlu isə belə deyib: "Təbriklər, həmişə doğma, isti ocağımızın gəlmiş keçmiş bütün üzvlərinə! Heç şübhə etmirəm ki, onların hər biri üçün Akif Aşırlı və Yusif Nəzərli xüsusi bir dəyərdir! Boynumuzda haqqı olan böyük insanlar! Gözümüz aydın olsun! Onu da qeyd edim ki, "Şərq”in 5 illik yubileyini indiki tək xatırlayıram. İnşallah, 20 illiyimizdə görüşərik!!!”.
Türkiyədən "Şərq”i təbrik edən Dimes Hak Alerli ləqəbi ilə tanınan Müşfiq Həqq də redaksiyaya öz təbriklərini çatdırıb: "Şərq” həqiqətən də fərqli bir dəyərdir və əminəm ki, bu dəyəri sonuna qədər qoruyacaqsınız...”.
Türkiyədə çalışan həmkarımız, peşəkar jurnalist Sevil Nuriyeva: "Şərq” qəzeti Azərbaycan media tarixində önəmli yer tutur. İlk növbədə "Şərq” ardıcıllığı və peşə əxlaqını mühafizə edən nadir media orqanlarındandır. Qəzet medianın prinsiplərindən və jurnalistikanın qaydalarından heç  vaxt imtina etmədi. Özünəməxsus üslubu və yeni media tarixində araşdırma anlayışı ilə öndə gedən media quruluşu adını qazandı. Dürüst və prinsipli media anlayışını başqa media orqanları üçün örnək təşkil etməkdədir. Qəzetin komandası hər zaman milli məfkurə fəlsəfəsinə xidmət verməyi, özünün yolunu seçənlərdən ibarət olması isə başqa bir ayrıcalıqdır. Bütün çalxantılara rəğmən ayaqda durmağı bacarmaq bir media qurumu üçün önəmli göstəricidir. "Şərq” sərt küləklərə rəğmən savrulmadı. Bunun tək səbəbi ilk növbədə peşə əxlaqı və yazılan qanunlar qədər yazılmayan qanunları da diqqətə alaraq yayım siyasət qurmasıdır. Bu yubiley tarixi Azərbaycan media tarixinin önəmli və şərəfli parçasıdır. Azərbaycan üçün yaşlan, Azərbaycanla yaşlan, əziz "Şərq”. Bu media qurumunun hər bir fərdini təbrik edir, bu əxlaq kodeksindən güzəşt etmədiyiniz üçün sizi alqışlayıram, əziz həmkarlarım. Tarixdə məşəqqətlərə rəğmən dayanmağı bacaran, amma öz dəsti-xəttindən, düsturundan əl çəkməyənlər örnək göstərilir. Siz sadəcə bu gün deyil, ümid edirəm ki, daha neçə sabahlar örnək olaraq göstəriləcəksiniz. Dəyərinizə dəyər qatan yayım fəlsəfənizdən vaz keçmədikcə, siz örnək olacaqsınız. Allaha əmanət olun, əziz həmkarlarım!”.
Şəymən