20 qəpik davasına son qoyulur

Ekspert inanır ki, avtobus sürücülərinə 700 manat maaş veriləcək



Paytaxtda sərnişin daşınması üçün yeni yaradılmış "Baku Bus” MMC gələn ilin əvvəlindən fəaliyyətə başlayacaq. Bununla əlaqədar şirkət avtobus sürücülərinin işə qəbuluna başlayıb. Şirkətdən verilən məlumata görə, təqribən 400 təcrübəli avtobus sürücüsünün işə götürülməsi planlaşdırılır.

Namizədlərdən 30-55 yaşında olmaları, azı 5 il avtobus sürücüsü kimi iş təcrübəsi, "C” və "D” kateqoriyalı sürücülük vəsiqəsi tələb olunur. "Baku Bus” MMC-də çalışan avtobus sürücüləri ilkin olaraq 700 manat maaş alacaqlar. Sonradan bu məbləğ artacaq. Sürücülərdən gündəlik plan da tələb olunmayacaq. Çünki avtobuslarda ödəniş kart sistemi ilə, validatorların köməyi ilə həyata keçiriləcək.

Nəqliyyat eksperti Ərşad Hüseynov isə deyib ki, burada söhbət dövlətimizin vəsaiti hesabına BŞİH-nin tabeçiliyində olan iri kommersiya qurumunun yaradılmasından gedir. Onun sözlərinə görə, dövlətə məxsus olacaq və tam təsərrüfat hesabı ilə işləyəcək bu müəssisə digər özəl şirkətlərlə yanaşı, şəhərimizdə sərnişindaşıma ilə məşğul olacaq. Bu müəssisə kommersiya təşkilatı olacaq. Amma bəri başdan bu təşkilatı dövlət hesabına qururlar: "Baku Bus”un yaradılması, onun dövlət mülkiyyətində olması və şirkətə hərtərəfli dövlət dəstəyinin olması bizə ehtimal etməyə əsas verir ki, bu şirkət doğrudan da fərqli şirkət olacaq. Ən azından ümidlərimiz var. Bir var hansısa sahibkarın yaratdığı və əsas məqsədi hər nə yolla olur-olsun, gəlir əldə etmək olan daşıyıcı şirkət olsun, bir də var dövlət qurumunun və Azərbaycan dövlətinin arxasında dayandığı şirkət olsun”.

Ekspertin sözlərinə görə, daşıyıcı şirkətlərin ən birinci və yüksək göstəricisi onların texniki baza əsasdır. Yəni avtobusların keyfiyyəti, onların istismara yararlılığı, sərnişinlər üçün rahatlığı və ən əsası istifadəyə verilən avtobusların həmin vəziyyətdə saxlanılmasıdır. Çünki istismar müddətində avtobuslar sıradan çıxır. Onlara texniki qulluq lazımdır. Bu mənada "Bakı Bus”un digər sərnişin daşıyıcı şirkətlərdən üstünlükləri var.

Ə.Hüseynov bildirib ki, "Bakı Bus” sərnişindaşımada rəqabəti də gücləndirəcək. "Yeni yaranan müəssisə dövlət nəzarətində olduğundan müəyyən dərəcədə məsuliyyətli işləyəcək. Ola bilsin ki, bəzi kiçik şirkətlər bazardan sıxışdırılıb çıxarılacaq, rəqabətə tab gətirməyəcək. Amma yenə də ümid edirəm ki, bu şirkət sürücülərə yaxşı maaş verəcək. Bu gün Azərbaycan nəqliyyatının ən "ölü nöqtə”si sürücülərin 20 qəpikdən ötrü biri-birini qovalamasıdır. Sərnişinlərin həyatı ilə oynayan, onları bezdirən bu vəhşilik artıq pik həddə çatıb. Hesab edirəm ki, "Bakı Bus” sürücülərə 700 manat maaş verəcək və bunu sona qədər saxlaya biləcəklərsə, həmin problem aradan qalxacaq. Ən azından 400 avtobus sürücüsü 20 qəpikdən ötrü insanların həyatı ilə oynamaz.

Bu müəssisə indiki şirkətlərə ciddi rəqib olacaq. Bax bu rəqabətin də taleyini əslində Nəqliyyat Nazirliyi həll edəcək, çünki yeni marşrutlar yaratmaq, əvvəlki marşrutları yenidən bölüşdürmək tam olaraq bu nazirliyə aid səlahiyyətdir və həmin səlahiyyəti heç kim almayıb. Sadəcə olaraq maraqlı odur ki, bu yeni müəssisəyə hansı marşrutlar veriləcək, həmin marşrutların əvvəlki sahibləri necə olacaq”.

"Baku Bus” effektiv fəaliyyətinə ümidlərinin çox olduğunu vurğulayan ekspert qorxulu məqamları da qeyd edib: "Sovetlər dövründə sahibkarlıq fəaliyyəti yox idi. Bütün sahələr dövlətin nəzarətindəydi. Həmin vaxt Azərbaycanda fəaliyyət göstərən dövlət müəssisələri eyni ilə indiki özəl sərnişindaşıma şirkətləri kimi işləyirdi. Özbaşınalıq, hoqqabazlıq pik həddə idi. Hətta sürücülərin maaşlarını kəsirdilər ki, onsuz da siz "dolanırsınız”. "Baku Bus” da həmin şirkətlər kimi olacaqsa, elə onu diri-diri dəfn eləmək lazımdır. Azərbaycanda ictimai nəqliyyat hər zaman problemli sahələrdən olub. Bütün dövrlərdə sərnişindaşıma sahəsində "levi” marşrutlar, "levi” pullar olub. Ümid edirəm ki, "Baku Bus” bütün bu qanunsuzluqlardan uzaq olacaq və nəhayət ki, bizə də doğru-düzgün fəaliyyət göstərən ictimai nəqliyyat qismət olacaq”.

Şəymən