Fazil Mustafa: “...Əzbərlədiyi mətnlər birbaşa molla sadıqların mətnləridir”
Jurnalist və millət vəkili "üz-üzə" rubrikasında dartışdı
Səbuhi Məmmədli: “Allah bizə qarğıyıbdı nədi, bu adam hələ millətə vəkillik də edir”
Fazil Mustafa: “...Əzbərlədiyi mətnlər birbaşa molla sadıqların mətnləridir”
Fazil Mustafa: “...Əzbərlədiyi mətnlər birbaşa molla sadıqların mətnləridir”
Millət vəkili Fazil Mustafanın Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətai ilə bağlı tənqidi fikirləri ölkə ictimaiyyətində və eyni zamanda sosial mediada ciddi etirazlar doğurub. Əksəriyyət millət vəkilini Azərbaycanın tarixi şəxsiyyətlərinə qarşı qərəzli mövqedən çıxış etməkdə ittiham edir. Bildirirlər ki, separatçı Ermənistanın özünə yalançı qəhrəmanlar düzəltdiyi bir dönəmdə azərbaycanlı deputatın tarixi şəxsiyyətlərimizi hədəfə alıb, xalq düşməni adlandırması tamamilə yersizdir. Bəziləri də iddia edir ki, millət vəkili tarixi şəxsiyyətlərimizə çamur atmaqla gündəmdə qalmaq istəyir. Qeyd edək ki, feysbuk sosial şəbəkəsində parlament üzvünə etiraz edən şəxslərdən biri də tanınmış jurnalist Səbuhi Məmmədlidir. Bu faktı nəzərə alaraq, jurnalistlə əlaqə saxlayıb, "Üz-üzə” rubrikamızda əvvəla onun fikirlərini öyrəndik:
- Gündəmdə qalmağın, piarın bir qaydası, norması, forması var. Təəssüf ki, Fazil Mustafa çox əcaib yol tutub. Ümumiyyətlə, bir millət vəkilinin durub-durub türklər demiş, bu "konu”ya əl atması əcaib və anormaldır. 515 il bundan əvvəl Azərbaycan siyasi tarixində rol almış birisini ittiham etməyin adını tapmaq çətindir. Təsəvvür edin, Rusiya Dumasında bir nəfər durur və 1-ci Pyotru təftiş edir. Nəinki təftiş edir, hətta az qala təhqir edir. Həmin şəxsi millətçilər yox, Dumadakı kommunistlər belə o binaya girməyinə peşman edərdilər.
- Sizcə, millət vəkilinin bu fikirləri niyə belə ciddi etiraz doğurur?
- Çünki Fazil müəllimin işi bu olmamalıdır. 26 saylı Sabunçu birinci seçki dairəsindən deputat olan Mustafayev Fazil Qəzənfər oğlunun işi seçicilərinin dərdi, azarı, qayğısı, problemi olmalıdır. Amma hörmətli Fazil müəllim bəlkə də gərgin işləyir, yuxusuz qalır deyə hərdən elə bu stresin ağırlığındadır ki, tarixi şəxsiyyətlərə qarşı amansızdır.
- Niyə məhz dirilər deyil, ölülər hədəfə alınır?
- Ona görə ki, Xətainin qohum-əqrəbası yoxdur ki, durub onun cavabını versin. Elçibəyin Xətaiyə olan münasibətini oxuyub, öyrənsin.
- Millət vəkilini bu fikirlərinə görə "düşmən dəyirmanına su tökən” adlandıranlar da var. Bu, doğru yanaşmadırmı?
- Deyim ki, F.Mustafayla bədxah düşmənlərimizin fikri üst-üstə düşür. Onlar az qala Azərbaycan tarixinə kölgə salaraq heç bir tarixi şəxsiyyətimizin olmadığını deyirlər. Bəy də az qala əksər tarixi şəxslərimizə çamur atır. Digər millətlər (ermənilər, kürdlər, farslar...) özlərinə tarixdə olmayan yalançı qəhrəmanlar kəşf edirlər. Allah bizə qarğıyıbdı nədi, bu adam hələ millətə vəkillik də edir. Azərbaycanda iki nəfər var ki, beləcə cəfəng-cəfəng danışırlar. Biri Güntay Gəncalpdır, biri də Fazil Mustafa! Hər ikisi yarımalimdir. Təəssüf ki, tarixçi alimlərimiz də bunların hərəkətinə qiymət vermirlər.
- Niyə? Buna intellektləri çatmır?
- Ruslarda bir ifadə var "naçitınnı”. Yəni mütaliəli. Mən biləni, Fazil müəllim həddən artıq mütaliəli insandı. Amma görünür, oxuduqları azdır və bir az da oxumalıdı. Və həm də sakit-sakit oxumalıdı. Və bir daha oxumalıdı. Həm də, qısa müddətdə oxumalıdı Azərbaycan tarixini. Çünki hər açıqlamasında özünü "yandırır”. Şah İsmayılla gündəmdə qalmaq olmaz. Bu, mümkünsüz bir şeydi. Ən yaxşısı isə partiyada müavini olan Cavid İsmayıla müraciət etsin. Adam Şah İsmayıldan fundamental monoqrafiya yazıb. Elmlər doktorudur. Məncə, Cavid bəy hörmətli sədrə bu sahədə ciddi yardım etmiş olar.
Jurnalistin ittihamlarını cavablandıran Fazil Mustafa isə qeyd edib ki, məqsəd heç də gündəmdə qalmaq deyil. Sadəcə olaraq tariximizin maraqlı dövrləri ilə bağlı jurnalistlərimiz müraciət edirlər. O da öz düşündüklərini, mülahizələrini açıq və əsaslandırılmış şəkildə bildirir:
- Digər tərəfdən gündəmə aid mövzularda da istənilən müraciəti geri çevirmirəm, anladıqlarımı, bildiklərimi insanlara çatdırmağa çalışıram. Elə mövzular var ki, onun birmənalı qarşılanmayacağını mən də bilirəm. Ancaq bu o demək deyil ki, kimlərinsə ürəyinə yatmayacaq deyə, öz millətim üçün zəruri olan gerçəkləri söyləməkdən çəkinməliyəm. Əslində mənim tarixlə, cəmiyyətimizlə bağlı fikirlərim Ağaoğlunun, Rəsulzadənin, Sabirin görüşlərinə tam uyğunluq təşkil edir, sadəcə onların qaragüruhun basqısı altında fikirlərini dolayı yolla söyləmək məcburiyyətində qaldıqlarını əsərləri ilə tanış olarkən dərhal sezmək olur. Bu zaman müzakirələrin açılmasının, əks arqumentlərin səsləndirilməsinin, elmi diskussiyaların aparılmasının ancaq faydası ola bilər. Bununla belə, bu müzakirəyə qoşulan bir qrup insan məqsədyönlü şəkildə şəxsimizi hədəf alaraq böhtan və təhqirləri işə salırlar. Bu adamlara layiq olduğu şəkildə cavab verəndə isə, dərhal yazırlar ki, siz millət vəkilisiniz, fikirlərinizi bəyənməyənlərə qarşı gərək bu cür reaksiya verməyəsiniz. Bu adamlar hələ də anlamırlar ki, burada mən millət vəkili statusuna sığınaraq yazı yazmıram, fikir bildirmirəm, hamı kimi bərabər şərtlərdə öz görüşlərimi paylaşıram. Qəbul etmirsən, razılaşmadığını bildir, etirazını mədəni üslubda yaz, tərbiyən yetərli deyilsə, fikirlərimizlə tanış olub, münasibət bildirmədən gedib bir bardaq su iç, ancaq özün kimi düşünməyə məni məcbur edə bilməzsən. Vətənsevərliyin, millətsevərliyin nə olduğunu öyrədə bilməzsən. Çünki əminəm ki, yazdıqlarımı anlayaraq oxusan, ömür yoluma qərəzsiz diqqət etsən, anlarsan ki, bu millətə, bu dövlətə sevgimi imtahana çəkməyə kimsənin haqqı yoxdur. Sözümün canı: qaragüruhçuluqla fikirləri təkzib etməzlər, doğrulara inandıraraq nəyin yanlış olduğunu elm və məntiqlə qəbul etdirərlər. Azərbaycanın tarixən yaşadığı sıxıntıların başında gələn gerçəklik budur: Rus əhmədləri qandallayıb aparanda, meydan molla sadıqlara qalır. Onun isə öyrətdiyi ey zəbər "e”, bey zəbər "b”-dən başqası olmayacaq. Bir də meyxana. Ardınca da Şeyx Nəsrullahın ölü diriltdiyi Azərbaycanımız. Yəni indi bir qrup insanın əzbərlədiyi mətnlər də birbaşa Molla Sadığın mətnləridir. Bəlkə Allahın rəhmi gələ, Rus Əhmədin qapısını aça, yoxsa qafamızda yüz il öncəkindən fərqli bir şeylər olmayacaq.
- Fikirlərinizi niyə qəbul etmirlər?
- Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə səviyyədə insanlar məsələyə münasibət bildirəndə onların münasibətini başa düşməyən adamların bizim münasibəti necə başa düşəcəyi bir az şübhə doğurur. Ona görə də, açığı, kiməsə cavab verməyə ehtiyac yoxdur. Kiminsə fikirləri varsa, açıq ortaya qoysun. Oturub, kitab, əsər yazsınlar. Görüşlərini ortaya qoysunlar. Ondan sonra biz də bilək ki, müəyyən məsələlərdə kim nə düşünür. Amma problemi belə dedi-qodu səviyyəsində çözmək olmaz. Bu kimi məsələlərdə dedi-qodu xarakterli mövqeləri ciddi qəbul etmirik. Məsələnin elmi müzakirəsini açmaq istəyənlər varsa, buyursunlar. Məlum iddialar və ittihamlar dedi-qodudan başqa bir şey deyil. Özü üçün deyir də. Ağlı o cür kəsir, o cür də danışır. Burda nə var ki? Demokratiyadır. Hələ başa düşmürlər ki, biz ümumiyyətlə, şəxslərə qarşı hansısa mövqe irəli sürmürük. Şəxslərə qarşı qoyulan mövqe ayrı olur. Bu, sırf tarix fəlsəfəsinə aid məsələdir. Onların tarix fəlsəfəsindən başı çıxmır. Düşünürlər ki, aha, şəxsi mənada kiminsə haqqında nəsə deyildi. Bunu demək olmaz. Belə müzakirə aparırlar. Bu da bizim üslubumuza uyğun deyil ki, oturub onlarla polemikaya girək. Elmi əsərləri varsa, ortaya qoyub isbat etsinlər ki, nəyisə düz demirik. Biz bunun əsasında hansısa müzakirə açıb, öz münasibətimizi bildirə bilərik. Ona görə də bu cür yazılar olacaq. 10 min adam oturub məsələyə Xomeyni zehniyyəti ilə münasibət bildirəcəksə, biz də oturub onlarla dartışmalıyıqmı? Fikirlərini, ciddi ədəbiyyatlarını ortaya qoysunlar və məsələ ətrafında müzakirə açaq.
- Bu cür ittihamlar səsləndirilir ki, ermənilər özlərindən yalançı qəhrəmanlar düzəldirlər. Amma Fazil Mustafa qəhrəmanlarımızı tarixin arxivinə keçirmək istəyir? Bu, doğru yanaşmadırmı?
- Gücüm çatıb keçirirəmsə, demək o qəhrəmanlıq doğru qəhrəmanlıq deyil. Bizə hədəf olaraq faydalı deyil. Özü də bu adamlar Əhməd bəy Ağaoğludan çoxmu bilirlər, Məhəmməd Əmin Rəsulzadədən çoxmu ağıllıdırlar? Birinci bunu sübut etsinlər. Sonra qalan məsələləri müzakirə etmək olar.
- Belə fikirlər də var ki, Fazil Mustafa tarixi şəxsiyyətlərin həyatı və fəaliyyətilə maraqlanmaqdansa, gedib seçiciləri ilə maraqlansın. Doğrudan da, seçicilərinizlə maraqlanmırsız?
- Bilirsinizmi, belə adamların sözü, cavabı olmayanda müxtəlif bəhanələr uydururlar. Gah deyirlər indi bu mövzunun vaxtı deyil, gah da deyirlər ki, qarnımız acdı. Amma düşünmürlər ki, mən yalnız bu mövzunu qaldırmamışam. Feysbuk səhifəmi izləsəniz görərsiniz ki, onlarla mövzu qaldırıram. Niyə onların içərisindən yalnız bu mövzu diqqət çəkdi? Çünki buna sərt reaksiya verən adamların əzbərlədiyi mətnlər artıq dəyişir. Molla Sadığın məktəbini qurtarıblar. Orda nə deyiblərsə, bunlar da əzbərləyiblər. Bu mənada belə məsələlərdə bizi ittiham etməyin heç bir ciddi əsası yoxdur. Öz mövqeyimizi hər zaman müdafiə etməyə hazırıq. Burada bizim çəkinəcəyimiz heç bir məqam yoxdur. Çünki Azərbaycan xalqı üçün lazım olan bir mövqedir.
- Rəhbərlik etdiyiniz siyasi təşkilatın üzvü Cavid İsmayılın Şah İsmayıl Xətaidən fundamental monoqrafiya yazıb, tarix elmi üzrə fələfə doktorudur. Və bəzi hallarda bunu "təşkilatda parçalanma” kimi qələmə verirlər. Bunu necə dəyərləndirirsiniz?
- Görün Böyük Quruluş Partiyası nə qədər demokratik təşkilatdır ki, əks fikir normal hal sayılır. Biz bunu normal hesab edirik. Amma onların zehniyyətində belə bir yanaşma yoxdur. Bu, bizim təşkilatın demokratik prinsiplərlə idarə olunduğunu göstərir.
- Sizi Azərbaycan bayrağını düzgün tutmamaqda da qınayırlar. Doğru ittihamdırmı?
- Yalan deyirlər. Bu məsələnin mahiyyəti başqadır. Kimsə bayraqla şəkil çəkdirmək istəyəndə məndən xahiş etmişdi və əlində tutduğu bayrağı verib avtobusdan düşəndə şəkil çəkilmişdi. Bu da, boş və mənasız məsələdir. Tələsik çəkilmiş bir şəkil idi. Bunun məsələnin mahiyyətinə heç bir dəxli yoxdur. Bayrağımızı mənim sevdiyimin yarısı qədər sevsinlər, ondan sonra Azərbaycanın problemi olmayacaq.
Hazırladı: Ayyət Əhməd