Valideynlər sosial şəbəkələrdə övladlarının şəkillərini paylaşaraq onları təhlükəyəmi atırlar?
Sosial şəbəkələrin həyatımıza müdaxiləsi artıq o həddə çatıb ki, əksər valideynlər uşaqlarının həyat salnaməsini internetə köçürüb. Son zamanlar yenicə doğulmuş körpələrin fotolarını feysbukda yükləmək dəbə minib. Eyni zamanda sosial şəbəkələr məktəbə gedib-gələn uşaqların fotoları ilə aşıb-daşır.
Beynəlxalq ekspertlər isə bu kimi halları uşaqların şəxsi həyatlarına müdaxilə kimi dəyərləndirirlər. Uşaq haqqında nə qədər çox informasiya yayılırsa, o bir o qədər də böyük potensial təhlükə ilə üzləşir. İddialara görə, uşaqlar üçün potensial təhlükəni minimum etməyin yeganə yolu onlar haqqında heç bir informasiyanı paylaşmamaqdır.
Yəni valideynlər övladlarının fotolarını feysbuk, instaqram, tvitter kimi sosial şəbəkələrdə paylaşdıqda diqqətli olmalıdırlar.
Uşağın simasının sosial şəbəkədə görünməsi mövzusunda bütün valideynlərin fikirləri birmənalı olmadığı üçün ad günü, bayram şənlikləri və başqa tədbirlərdə uşaqların kütləvi şəkillərini paylaşmazdan əvvəl hörmət əlaməti olaraq digər ailələrin fikirlərilə maraqlanmaq lazımdır. Həmçinin uşaqların bağça, sinif və məktəbdə çəkilən fotolarını paylaşmaq istədikdə, ünvanı müəyyən edən xüsusiyyətləri gizli saxlamaq lazımdır. Körpənin duş qəbul edərkən, çimərkən çəkilən şəkillərinin yanlış insanların əlinə keçməsi də risk ehtimalını artırır. Eləcə də, şəkil paylaşan valideynlər də uşaqlarının adlarının tam göründüyü paylaşımlardan çəkinməlidirlər.
Bəs, yerli ekspertlər necə düşünür? Doğrudan da, valideynlər sosial şəbəkələrdə övladlarının şəkillərini paylaşaraq onları təhlükəyəmi atırlar?
"Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı "Şərq”ə açıqlamasında özlərinin və uşaqlarının hər addımını sosial şəbəkələrdə paylaşan insanlara qıcıq olduğunu deyib:
"Ora getdim, orda yedim, burda əyləndim, burdan keçdim kimi paylaşımlar çox olur. Düzdü, bəzi tanınmış simalar bunu müəyyən pul müqabilində edirlər, yəni bir növ reklam edirlər paylaşdıqları şəkil və statuslarla. Amma uşağının bütün göstəricilərini paylaşmağı da düzgün hesab etmirəm. Bunun bir neçə səbəbi var. Əvvəla, körpəni nə qədər çox ictimailəşdirsən, bir o qədər çox mənfi və ya müsbət enerji ilə yükləmiş olursan. Siz də razılaşarsınız ki, ətrafımızdakı insanların heç də hamısı bizi sevən insanlar deyil. Özünüz də qeyd etmisiniz, körpə həsrətində olanlar, övladını itirmiş olanlar da bu şəkilləri görür və özündən asılı olmayaraq mənfi enerjisini şəklə, dolayısı ilə uşağa hopduranlar olur. Övladı olmayan elə insanlar tanıyıram ki, başdan ayağa müsbət enerji ilə yüklüdür, ətrafına daim xoş enerji yayır. Amma razılaşaq ki, bunun əksi olan vəziyyətlər də olur. Çox adam tanıyıram ki, deyir uşağın şəklini paylaşandan sonra qəfil xəstələnir, yıxılır, zədə alır. Bu, enerjilərdən sonra baş verir.
İkincisi, uşaqları ictimai platformada nə qədər çox tanıtsan, bir o qədər çox onun azadlığını əlindən almış olursan. Çölə-bayıra çox çıxara bilmirsən, hamı tanıyır, barmaqla göstərilir, hələ uşaq bir az yaraşıqlıdırsa, başına toplanırlar. Bu da onun üçün heç də yaxşı olmur. Çünki körpələr hay-küydən, qələbəlikdən heç vaxt xoşlanmırlar”.
L.Mehralının sözlərinə görə, valideynlər uşaqlarının bütün parametrlərini öz əlləri ilə aləmə car çəkərək insan alverinə, orqan mafiyasına potensial qurban hazırlayırlar: "Məsələn, bir valideyn övladının sağlam bədənindən, güclü immunitetindən, ümumiyyətlə, sağlam olan səhhətindən yazır və az qala qan qrupunadək hər şeyi qeyd edir. Axı bilirik ki, bizim dostluğumuzdakı insanların çoxu saxta profillərlə daxil olur. O profillərdə insan oğrusu, orqan qaçaqçısı, qatil də ola bilər. Bütün bu kimi xırdalıqları diqqətə almaq lazımdır”.
Şəymən