Amerika Türkiyədə növbəti terrorun anonsunu verib

“İki ölkənin münasibətlərində ciddi problemlər var”


ABŞ Türkiyədə terror təhlükəsi barədə xəbərdarlıq edib. ABŞ-ın Türkiyədəki səfirliyi Qaziantep şəhərində xüsusən əcnəbilərin üstünlük verdiyi ticarət mərkəzləri və obyektlərdə terror aktı təşkil edilə biləcəyi barədə xəbərdarlıq yayıb. Səfirliyin ABŞ vətəndaşlarına xitabən yayımladığı mesajda qeyd olunub ki, Türkiyə polisi Qaziantepdə terrorçularla bağlı istintaq aparır.

Bu məlumat terrorçuların ticarət mərkəzləri və Qərb ölkələrinin vətəndaşlarının getdikləri restoran və kafeləri hədəf alacağına işarə edir. Səfirlik ABŞ vətəndaşlarına belə yerlərə gedərkən ehtiyatlı olmağı, mümkünsə, getməməyi tövsiyə edib. ABŞ səfirliyi terror aktının hansı terror təşkilatları tərəfindən həyata keçirilə biləcəyinə aydınlıq gətirməyib.

Xəbərdarlığı şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu bildirib ki, illərin strateji müttəfiqləri olan ABŞ və Türkiyə arasındakı münasibətlərində soyuqluq yaranıb: "İki istiqamətdə münasibətlərdə ciddi problemlər var. Bunlar da çox ciddi istiqamətlərdir. Birincisi, Ərdoğan bir daha vurğuladı ki, Vaşinqton PKK-nın qolu olan PYD - YPG-yə dəstək verir. Hətta Ankaranın əlində faktlar var ki, ABŞ onlara təyyarə ilə silah göndərib. Bu da ciddi fikir ayrılığına səbəb olur. Nə qədər Türkiyə tərəfi Amerikaya desə də ki, bu işi dayandırın, Amerika həmin qruplara silah verməkdə davam edir. PYD- YPG-yə ötürülən silahlar isə çox asanlıqla PKK-nın əlinə keçir. Buna dair də faktlar var. İkinci istiqamət FETÖ lideri Fətullah Güləndir. Ərdoğan bunu da vurğuladı ki, bu adamı Türkiyəyə təhvil vermirsiniz, heç olmasa, ev həbsi verin. Çünki F.Gülən yenə də sağa-sola açıqlamalar verir. Bu iki mövzu kifayət qədər ciddi olduğu üçün yaxın müddətdə ABŞ-Türkiyə münasibətləri çətin normallaşsın. Bu baxımdan ABŞ Türkiyəyə problemlər yaratmağa çalışır. Guya terror olacaq. Bu, Ankaranı zəiflətmək üçün istifadə olunan alətlərdir. Amerika Türkiyə ilə əlaqələri normallaşdırmaq məcburiyyətindədir. Vaşinqton bilir ki, zaman ötdükcə, Türkiyə ondan uzaqlaşacaq və Rusiya ilə yaxınlaşacaq. Suriya mövzusu ilə bağlı Rusiya-Türkiyə arasındakı fikir ayrılıqları getdikcə əriyir. Türkiyə

XİN başçısı Mövlud Çavuşğolu faktiki olaraq söylədi ki, Suriya mövzusunda Rusiya ilə aramızda ciddi fikir ayrılığı yoxdur. Biz istənilən məsələdə əməkdaşlıq edirik. Demək olar ki, Ankara-Moskva arasındakı əksər problemlər həllini tapır. Bu da Amerikanın maraqlarına cavab vermir. Ona görə də Vaşinqton Türkiyəni qazanmaq istəyirsə, ABŞ həm FETÖ, həm də PKK silahlılarına dəstək məsələsində ciddi addımlar atmalıdır. Bu məsələləri gözdən keçirməlidir. Bu iki istiqamətdə ABŞ yolundan dönməsə, Vaşinqton-Ankara münasibətləri normallaşmayacaq”.

Ekspert Ərdoğanın BMT ilə bağlı tənqidi çıxışına da diqqət çəkib: "Ərdoğan əvvəllər də belə bir təkliflə çıxış edib ki, BMT Təhlükəsizlik Şurasında yer alan 5 dövlət - Rusiya, Çin, ABŞ, Fransa, Böyük Britaniya dünyanın inkişafına qərar verə bilməzlər. BMT TŞ-nin üzvlərinin sayı artırılmalıdır. Bu çox haqlı iraddı. Bunu tək Ərdoğan deyil, bəzən digər dövlət başçıları da dilə gətirirlər. Onların da haqqı var ki, BMT TŞ-də təmsil olunsunlar. Amma inanmıram ki, bu qurum Ərdoğanın və digər tənqidçilərin fikirlərinə əməl etsinlər. Onlara sərf edir ki, elə öz aralarında bu məsələləri həll etsinlər və digər dövlətlər bu məsələlərə qarışmasınlar. Unikal vəziyyət odur ki, həm Ukrayna, həm də Suriya mövzusunda ABŞ və Rusiya arasında ciddi fikir ayrılıqları var. Buna rəğmən BMT TŞ-nin üzvlərinin sayının artırılması məsələsində sanki ikisi də yekdil mövqedən çıxış edirlər. Onlara qoşulmaq istəmirlər. Ümumiyyətlə, BMT amorf bir struktura çevrilib. Azərbaycanla bağlı BMT TŞ-nin 4 qətnaməsi var. Onların biri də yerinə yetirilmir. Bu baxımdan hətta düşünürəm ki, say artırılsa belə, BMT-nin dünyada baş verən münaqişələrin həllində effektiv qərar verəcəyini düşünmürəm”.

Ayyət Əhməd