Televiziyalarda nitq mədəniyyəti aşağı səviyyədədir

Zeynal Məmmədli: “Nitq mədəniyyəti sadəcə televiziya və radioların deyil, bütövlükdə cəmiyyətin problemidir”
Azər Həsrət: “Efirdə ləhcə, jarqon baş alıb gedir”

(əvvəli ötən sayda)

Televiziyada, radioda, yazılı və elektron mediada nitq mədəniyyətinin xüsusi önəmi var. Bu amil həm ana dilimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, həm də səlis danışıq tərzinin formalaşmasında mühüm rol oynayır. Diqqət yetirmisinizsə, qardaş Türkiyənin televiziya kanallarında danışıq səviyyəsi çox yüksəkdir. Söhbət təkcə televiziya və radio aparıcılarının danışıq tərzindən, ləhcəsindən getmir. Eyni zamanda, hər hansı verilişə qonaq qismində dəvət olunan şəxslərin də nitqinin rəvan və səlis olması şərtdir. Çünki televiziya və radioda sözün təsir qüvvəsi bütün təbliğat vasitələrindən seçilir.

Televiziyanın informasiya vermək imkanlarını, şüurlara təsiretmə mexanizmini nəzərə alsaq, efiri milyonların tribunası adlandırmaq olar. Nitq mədəniyyətinin lazımi səviyyədə formalaşmaması məsələsindən dəfələrlə yazılıb. Bu istiqamətdə müəyyən addımlar atılmasının vacibliyi qeyd olunub. Ancaq təəssüflər olsun ki, nitq mədəniyyəti ilə bağlı vəziyyət hələ də acınacaqlı olaraq qalır. Halbuki ekran və efir mədəniyyətinin əsas qollarından biri məhz nitq mədəniyyətidir. Problem xüsusən televiziyalarda özünü açıq şəkildə göstərir. Həm aparıcıların, həm də verilişlərə dəvət edilən qonaqların sözləri biri-birinin ardınca deyə bilməməsini çoxlarınız müşahidə edirsiniz. Aparıcıların danışığında səhvlər həddindən artıq çoxdur. Aparıcıların danışığında intonasiya yoxdur. Danışanda tələsirlər, tamaşaçını, dinləyicini nəzərə almırlar. Daha çox alınma sözlərdən istifadə edirlər. Eyni zamanda bəziləri terminlərdən daha çox istifadə etməklə savadlı və ağıllı olduqlarını göstərməyə çalışırlar. Ancaq terminlərdən daha çox istifadə hələ savadlı olmaq demək deyil. Nitq mədəniyyətilə bağlı vəziyyət radiolarda daha acınacaqlıdır. Bu səbəbdən əksəriyyət radiolara qulaq asa bilmir. Şou proqramlarda, musiqi verilişlərində isə vəziyyət dözülməzdir. Məşhur fransız yazıçısı Viktor Hüqo deyir ki, "dil billur şüşəyə bənzəyir, onun parlaqlığı təmizliyindən asılıdır”. Biz ilk növbədə dilin təmizliyini qoruyub saxlamalı, sonra isə nitq mədəniyyətinin formalaşması ilə bağlı ciddi addımlar atmalıyıq. Çünki nitq və danışıq kamil olanda qarşı tərəfin qəlbinə yol tapır. Nitq fərdidir, hər bir şəxsin özünə məxsusdur. Ancaq şəxslərə məxsus olan danışıq meyar deyil. İstənilən fikri, informasiyanı, elmi, bədii məlumatı başqalarına çatdırmaq xüsusi istedad tələb edir. Müasir aparıcıların demək olar ki, əksəriyyətində qüsur hiss olunur. Buna görə də, ədəbi dilin qorunması üçün müəyyən normalar, kriteriyalar müəyyənləşdirmək vacibdir. Bəzi mütəxəssislərin fikrincə, diktor və aparıcıların dilindəki bu və ya digər qüsurlara nəzarət etmək üçün hər bir televiziyada bədii rəhbər olmalıdır. Əsas problem isə odur ki, hazırda nəinki təkcə media cameəsində, ümumiyyətlə, ölkə əhalisinin böyük əksəriyyətində nitq mədəniyyəti lazımi şəkildə formalaşmayıb. Nitq mədəniyyətinin formalaşmamasının əsas səbəblərindən biri insanların kitab oxumaması göstərilir. Hamı öz fikir və mülahizələrini doğma ana dilində ifadə etmək qabiliyyətinə yiyələnməlidir. Bəzən fikirləşirlər ki, nitq mədəniyyəti dilçilər, ədəbiyyatçılar, müəllimlər üçün daha vacibdir. Ancaq bu cür yanaşma yanlışdır. Orta məktəbdən insanların nitq mədəniyyətinə diqqət yetirilməlidir.

Məsələ ilə bağlı "Şərq”ə fikirlərini bölüşən media eksperti, professor Zeynal Məmmədli deyib ki, problemin səbəblərini dar çərçivədə axtarmamalıyıq: "Problemə geniş aspektdən, sistemli yanaşmaq lazımdır. Nitq mədəniyyəti sadəcə televiziya və radioların deyil, bütövlükdə cəmiyyətin problemidir. Demək olar ki, hamımızın danışığında müəyyən problemlər mövcuddur. Parlamentdə oturanların, dövlət məmurlarının və universitet professorlarının necə danışdıqlarını efirlərdən görürük. Fikrimcə, nitq məsələsində cəmiyyətin zövqünə və tələbatına diqqət yetirmək lazımdır. Biz bu məsələdə güzəştə gediriksə, yaxşı nəticə gözləməməliyik. Nəzərə almaq lazımdır ki, efirdə və radioda danışa bilməyən aparıcılar cəmiyyətimizdən çıxıblar, göydən zənbillə düşməyiblər. Cəmiyyətə xas olan xüsusiyyətlər aparıcılarda da var”. Z.Məmmədlinin fikrincə, aparıcıları, şoumenləri efirə hazırlayan, kamera qarşısına çıxaran şəxslər prosesə nəzarət etməlidir: "Aparıcıların buraxdığı hər bir səhv onların rejissorlarına, prodüserlərinə və menecerlərinə aiddir. Görünür, arxa plandakı şəxslərin Azərbaycan dili ilə bağlı zövqləri, peşəkarlıq dərəcələri aşağı səviyyədədir. Peşəkar danışmaq sadəcə nitqin yaxşı olması demək deyil, eyni zamanda yalan yox, doğru-dürüst danışmaqdır. Efirdə gərginlik var, qeyri-peşəkarlıq və təhsil dərəcəsinin aşağı olması ilə bərabər "hansı sözü seçim, necə danışım” həyəcanı da nitqə təsir edir”. Professora görə, ardıcıl, aramsız nitq dövlətdən maliyyələşən kanallarda, yəni AzTV və İTV-də daha çox nəzərə çarpır: "Məsələ burasındadır ki, həmin kanallarda aparıcıların söhbəti cəmiyyət üçün maraqlı olmur. Əksəriyyət hesab edir ki, dövlət televiziyalarında aparıcıların dili çox hamardır. Yəni diktorların danışığında hər şey yerindədir, səhv yoxdur, amma bununla yanaşı onların quru söhbətinə maraq da yoxdur. Əksinə, özəl kanallarda səviyyəsiz danışıq tərzi olan aparıcıların verilişlərinə baxanlar daha çoxdur. Sadəcə bir şeyi vurğulayım ki, özəl kanal olan ATV-də dil məsələlərinə müəyyən qədər diqqət yetirilir. Hətta şou proqramlarında belə söz seçimində, redaktə işində, subtitrlərdə səhvlərin az olması özünü büruzə verir. Deməli, bu özəl kanalda kadr arxasında çalışan peşəkar rejissorlar var. Şəxsən mən hesab edirəm ki, rəvan, axıcı, amma bir o qədər süni dildənsə, səhvlərlə dolu təbii dil daha məqsədəuyğundur. Çünki cəmiyyət təbii efiri daha çox izləyir”.

Ekspert bildirib ki, dili mükəmməl bilmək insanın bütün işlərinə öz təsirini göstərir: "Yazılı və onlayn mediada nitqlə, mətnlə bağlı çox ciddi qüsurlar üzə çıxır. Məsələn, jurnalistikada "üçün” qoşması yerli-yersiz işlənir. Yazırlar ki, "balıqçılar üçün ayaqqabı”, halbuki balıqçı ayaqqabısı yazmaq yetərlidir və ana dilimizə daha yaxındır. Bu cür ifadə tərzi bizə analitik dil hesab olunan ruslardan keçib. Sovet dövründə də yersiz qoşmalardan istifadə etmişik. İndi daha da artıb. O cümlədən, "isə” bağlayıcısı harada gəldi yazılır. Əksər media nümayəndələri fikirlərini "dəftərxana dilində” ifadə edirlər. Ancaq buna ehtiyac yoxdur. Dilimizi, danışığımızı, yazımızı təbii axarına buraxmalıyıq. Dil inkişaf etdikcə, danışıqla yazı arasında fərq minimuma enəcək. Dil bizim ən mühüm özəlliyimizdir”.

"Xəzər” TV-nin "Tərs bucaq” verilişinin aparıcısı Azər Həsrət 4 illik efir təcrübəsinə əsaslanaraq problemi şərh edib: "Hələ də efir öncəsi bu işə yeni başlamış kimi üzərimdə məsuliyyət hiss edirəm. Təqdim edəcəyim mövzunu dəfələrlə götür-qoy edirəm, oxuyuram, nitqimə, səs tonuma, ifadə tərzimə diqqət yetirirəm. Mən verilişdə əsasən xarici ölkələrlə bağlı şərh verdiyim üçün çoxlu xarici adlar işlətməli oluram. Ona görə də həmin adları internetdə tapıb tələffüzünə qulaq asır, səsləndirib müqayisə aparıram ki, efirdə əcaib səslənməsin. Təəssüf ki, gənc aparıcıların çoxu bunu etmir. Düşünürlər ki, efirdən necə gəldi danışmaq olar. Xüsusilə də radio aparıcıları danışıqda çox ciddi qüsurlara yol verirlər. Nəticədə efirdə ləhcə, jarqon baş alıb gedir”. Ekspertə görə, AzTV, həmçinin İTV-də yaxşı mənada fərq gözə dəyir: "Xəzər TV haqqında danışmağım obyektiv olmaz. Digər telekanallarla nitq mədəniyyəti ilə bağlı ciddi iş aparmaq lazımdır”.

Şoumenlərə və şou verilişlərə yaxından bələd olan jurnalist İntiqam Valehoğlu da media nümayəndəsi və eyni zamanda tamaşaçı olaraq deyib ki, aparıcıların əksəriyyətinin nitqində ciddi qüsurlar var: "Efirlərdə tez-tez "Ukraniya”, "Sanık Petirburuk” kimi ifadələri tez-tez eşidirik. Bəzi aparıcılar təcrübə sözünü tərcübə kimi tələffüz edirlər. Hətta çox tanınmış bir xanım aparıcı hələ də sonra sözünü düzgün tələffüz edə bilmir, "sorna” deyir. Təbii ki, bütün  bunlar televiziya sahəsində qüsur olmaqla bərabər, həm də tamaşaçının itməsi deməkdir. Danışa bilməyən aparıcılara görə, ölkə əhalisinin böyük hissəsi aylarla yerli telekanallara baxmır. O ki qaldı dövlət və özəl kanallardakı aparıcıların fərqinə, insafən AzTV, yaxud İTV-dəki aparıcılar daha savadlı danışırlar. Əlbəttə, onların nə danışdığı, dediklərinin doğru-yanlış olması başqa söhbətin mövzusudur. Amma peşəkarlıq mənasında daha öndədirlər. Region kanallarından isə danışmağa dəyməz. Moskva sözünü "Masqıva” kimi yazan adam tanıyıram ki, hazırda Sumqayıtın "Dünya” televiziyasında veriliş aparır”.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb