“Körpüsalanlar” həmişə xalqın sevimlisi olub
İlyas Əfəndiyevin yaradıcılığını sevdirən əsas səbəb onun hadisələrin içində həyatın nəbzini tuta bilmək bacarığına sahib olmasıdır
Azərbaycan ədəbiyyatının, xüsusən də dramaturgiyamızın tərpənməz daşlarından biri, hətta mənim üçün birincisi, görkəmli nasir, dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyev olub. Orta məktəbdə ən çox onun kitablarını oxuyardım. "Sevgililərin cəhənnəmdə vüsalı”, "Sən həmişə mənimləsən”, "Məhv olmuş gündəliklər” pyesləri, "Söyüdlü arx”, "Körpüsalanlar”, "Geriyə baxma, qoca” romanları hər zaman sevimli əsərlərim arasında ilk sıralarda yer tutub.
Hətta mənim üçün İlyas Əfəndiyev fenomeninin ədəbiyyata gəlişi ilə dönüş yaradan şəxsiyyətlərdən biri olduğunu da deyə bilərəm. Zənnimcə, İ.Əfəndiyevin yaradıcılığını sevdirən əsas səbəb onun hadisələrin içində həyatın nəbzini tuta bilmək bacarığına sahib olmasıdır. O, demək olar ki, bütün əsərlərində həyatla ayaqlaşmağı bacarıb. Bəlkə də elə onu sənətin zirvəsinə yüksəldən amillərdən biri də məhz bu kimi yüksək keyfiyyətlərinin olmasıdır. İ.Əfəndiyevin bir dramaturq olaraq böyüklüyü hər şeydən əvvəl onun haqsızlıqları ustalıqla ifşa edərək onları xalqın, ictimaiyyətin qınaq mənbəyinə çevirə bilmək bacarığında idi. Yaradıcılığa hekayə janrı ilə başlayan böyük yazıçı sonralar povest, roman, dram əsərlərinin müəllifi kimi oxucularının qəlbinə yol tapmaqla yanaşı, onların ən sevimli yazarına çevrilib. Bəlkə elə buna görə də onu əsərləri hələ sağlığında həmişəyaşar statusu alıb. Bu gün də onun zəngin və maraqlı irsi geniş oxucu kütləsi ilə bərabər tədqiqatçıların dönə-dönə müraciət etdikləri ədəbi sərvətdir. Bu sərvət ədibin ilk əsərlərindən sonuncu əsərinə kimi insan qəlbini, mənəviyyatını zənginləşdirən, saflaşdıran, yüksəldən ülvi hisslər vətənə, xalqa, torpağa, insana, ailəyə, yurda olan məhəbbət ədəbi mövzusuna çevrilib. Onun əsərlərinin ana xəttini təşkil edən məhəbbət bir çox mühüm sosial problemlərin həlli üçün yol açır, gənc qəhrəmanların arzu və diləkləri, onların xəyalları, ürək dünyası ilə bağlı olan əməlləri bədii problemin həllinə romantik bir ruh aşılayır. Gənclərimiz onun əsərlərində öz həyatlarının bədii ifadəsini gördükləri üçün də əsərlərini təkrar- təkrar oxuyurlar.
Qeyd edim ki, əsərlərindən mərdlik, sevgi, müdriklik dərsi aldığımız görkəmli sənətkar 1914-cü il may ayının 28-də Qaryagində (indiki Füzuli şəhəri) tanınmış və hörmətli tacir ailəsində anadan olub.
Əfəndiyevlər ailəsi sovet hakimiyyəti dövründə, 30-cu illərdə ciddi təqiblərə məruz qalmış, onların ata-baba mülkü əllərindən alınmış, ailənin bəzi üzvləri "xalq düşməni” kimi güllələnmiş, bəziləri həbs edilərək vətəndən uzaqlara sürgün olunub. Yazıçının atası Məhəmməd Əfəndiyevə "kulak” damğası vurularaq evi, böyük mülkü, bağı zəbt edilib, "səs hüququndan” məhrum olunub.
Yazıçının atası bu ədalətsizliklərə, təqib və təhqirlərə dözməyərək ağır xəstələnib və 1934-cü ildə vəfat edib. İlyasın bir gənc kimi formalaşmasında, kitaba, ədəbiyyata, ümumiyyətlə, mütaliəyə marağı oyanmasında anası Bilqeyis xanımın əvəzsiz xidmətləri olub. Yazıçı hələ uşaq yaşlarından zəhmətə alışmış, mütaliəyə böyük maraq göstərmiş, məktəbə getməzdən əvvəl yazıb-oxumağı öyrənmiş, çoxlu kitablar mütaliə etmişdi.
Məhz 30-cu illərin sonlarında İ.Əfəndiyev ədəbiyyata gəlmiş və biri-birinin ardınca hekayələr yazmağa başlayıb. 1938-ci ilin axırlarında Bakıya gələn İ.Əfəndiyev "Yeni yol”, "Kommunist” və "Ədəbiyyat qəzeti” redaksiyalarında işləyib. İlk mətbu əsəri "Buruqlar arasında” oçerki 1938-ci ilin noyabrında dərc olunub, "Berlində bir gecə” adlı ilk hekayəsi "Ədəbiyyat qəzeti”nin 1939-cu il 26 yanvar tarixli nömrəsində çap olunub. 1939-cu ildə nəşr edilmiş "Kənddən məktublar” kitabı İ.Əfəndiyevə "ədəbiyyat dünyası”na çıxmaq səlahiyyəti verib. O, 1943-cü ildə Mehdi Hüseynlə birlikdə ilk dram əsəri olan "İntizar” pyesini yazıb və bununla da yazıçının Azərbaycan Milli Teatrı ilə sıx yaradıcılıq əməkdaşlığının əsası qoyulub. 40-cı illərin sonunda o, artıq özünü bir nasir və dramaturq kimi tanıtmış, əsərləri haqqında mətbuatda yazılar dərc olunub. Özünəməxsus yaradıcılıq üsulu ilə XX əsr Azərbaycan ədəbiyyatının əvəzolunmaz simalarından biri kimi tarixə düşən İlyas Əfəndiyev pyesləri ilə teatr sənətimizdə yeni bir mərhələ açan, "İlyas Əfəndiyev teatrı” yaradıb. Yazdığı 20 pyesdən 19-u Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulub və bu pyeslər çağdaş teatr təfəkkürünün inkişafına güclü təsir göstərib. Sənətkarın yaradıcılığında Qarabağ mövzusu da əsas yer tutub. O, namərd qonşularımızın ötən əsrin 90-cı illərindən başlayan xəyanətkarlıqlarını, işğalçılıq hərəkətlərini dərin narahatlıq, vətəndaş yanğısı ilə izləmiş, əsərlərində Qarabağın qədim tarixini əks etdirib.
Azərbaycanın ədəbi ictimaiyyəti 1994-cü ilin may-iyun aylarında Xalq yazıçısı İ.Əfəndiyevin anadan olmasının 80 illiyini təntənəli surətdə qeyd edib. Ədəbiyyatın inkişafında xidmətlərini nəzərə alan müstəqil Azərbaycan Respublikasının Prezidenti yazıçını "Şöhrət” ordeni ilə təltif edib. Respublikamızın sənət adamları arasında İ.Əfəndiyev birinci sənətkar idi ki, həmin ordenlə mükafatlandırılıb. Zəngin yaradıcılıq yolu keçən, həyatın acılı-şirinli günlərini yaşamış böyük sənətkarımız İlyas Əfəndiyev 1996-cı il oktyabr ayının 3-də Bakı şəhərində dünyasını dəyişib, Fəxri Xiyabanda dəfn olunub.
Ölümündən 20 il keçən bu böyük və sevimli sənətkarımızın ədəbiyyatımızda və dramaturgiyamızda yeri görünməkdədir. Ədibdən bizə qalan zəngin irsi isə tək təsəllimizdir.
Məlumat üçün bildirim ki, görkəmli ədəbiyyatşünaslar, nəzəriyyəçilər və sənət xadimləri İ.Əfəndiyevin yaradıcılığı haqqında monumental monoqrafiyalar, tədqiqat əsərləri, elmi-nəzəri məqalələr, tamaşalarına resenziyalar yazıb və qüdrətli sənətkarın yaradıcılığını xalqımızın tarixi taleyi kontekstində tədqiq edərək qiymətləndiriblər. İ.Əfəndiyev qüdrətli bir şəxsiyyət kimi öz fenomenal bütövlüyünü həyatı boyu qoruyub saxlayıb. Vətənsevərliyi, mərdliyi, xeyirxahlığı, həqiqətə, ədalətə tapınması, sözü üzə deməsi, təəssübkeşliyi, ədəbiyyata, sənətə qəlbən bağlılığı və əbədiyaşar əsərlərilə o, bu gün də yaşayır. İ.Əfəndiyevin dramaturgiyası teatr tariximizdə yeni rejissor və aktyor nəslini formalaşdırıb. Görkəmli sənət adamları sənət talelərindəki uğurlara görə bu böyük şəxsiyyətin həm özünün, həm də dramaturgiyasının müstəsna rolundan fərəh hissiylə söz açırlar.
Şəymən