“Cəriməsi olan piyadalara kreditlər verilməsin”

Elməddin Muradlı: “Bəlkə onda vətəndaşlar özlərində hansısa məsuliyyət hiss edərlər”



Ölkəmizdə baş verən yol-nəqliyyat hadisələri, xüsusilə piyadaların vurulması ilə nəticələnən qəzaların sayı artmaqda davam edir. Belə hallarda daha çox sürücülər günahkar hesab edilsə də, yeraltı və yerüstü keçidlər olduğu halda piyadalar adətən keçidlərdən istifadə etmirlər.

Bununla da ay ərzində onlarla piyada yol qəzalarının qurbanı olur. Vətəndaşlar yenə də piyada zolağı olmayan yerlərdə yolu keçməklə özlərinin və digərlərinin həyatını təhlükəyə atırlar. Məsələyə münasibət bildirən Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı il ərzində yüz minlərlə piyadanın inzibati məsuliyyətə cəlb olunduğunu deyib. Onun fikrincə, sürücüləri kəskin şəkildə günahlandırmaq olmaz: "Dövlət Yol Polisi İdarəsinin 8 aylıq statistik hesabatında acınacaqlı bir vəziyyət müşahidə olunur. 8 ay ərzində Bakı şəhəri üzrə baş vermiş qəzaların 57 faizi piyadaların vurulması ilə bağlıdır. Bu, kifayət qədər yüksək nəticədir. Deməli, burada piyadalarla bağlı bir problem var. Bütün günahı sürücülərdə axtarmaq lazım deyil. Təəssüflər olsun ki, son vaxtlar ölkəmizdə piyadanın günahı olsa da, olmasa da, sürücü hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə cəzalandırılır. Fikrimcə, piyadalar arasında ciddi təbliğat işi aparılmalıdır. Cərimələrin artırılmasının tərəfdarı deyiləm. Lakin cəriməsi olan piyadaların bankdan kredit götürməsinə icazə verilməməlidir. Bəlkə onda vətəndaşlar özlərində hansısa məsuliyyət hiss edərlər”. Hələ də təhlükəsizlik kəməri taxan sürücülərə gülənlərin olduğunu deyən E.Muradlının fikrincə, yol hərəkəti qaydalarının bir fənn kimi məktəblərdə tədrisi vacib bir haldır.

Yeganə Bayramova