Falçıların sayı artır

“Bu məsələ ilə bağlı olduqca ciddi tədbirlər görülməlidir”



Ölkəmizdə insanların sadəlövhlüyündən istifadə edən falçıların sayı kifayət qədər çoxdur. Görünür, vətəndaşlara bəxtlərinin və yollarının açılacağı, ruzilərinin bol olacağı kimi vədlər verən falçıların inandırmaq qabiliyyəti güclüdü. Bu günlərdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları dələduzluqla məşğul olan şəxsi yaxalayıb.

Bakı şəhəri Binə qəsəbəsində yaşayan, falçılıqla məşğul olan 39 yaşlı Vüsal Hüseynov barədə Baş İdarəyə məlumat daxil olub. Saxlanılan ona müraciət edən vətəndaşların ümumilikdə 6700 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. İlahiyyatçı-alim Elşad Miri "Şərq”ə açıqlamasında falçılıqla məşğul olan şəxslərin hər birinin dələduz olduğunu söyləyib: "Falçılar arasında ciddi araşdırma aparılsa, onların hamısının fırıldaq olduğu üzə çıxar. Falçılıq özü dələduzluq əlamətidi. Onlar belə işlərlə məşğul olaraq bir növ özlərinə biznes qururlar. İnsanların belə dələduzlara inanmağı onları yanlışlığa doğru sürükləyir”. Falçılarla bağlı ciddi təbliğat aparılmasını deyən ilahiyyatçı əsas günahı vətəndaşlarda görür: "İnsanlar özləri aldanmaq istəyirlər və aldanırlar. Bu məsələ ilə bağlı olduqca ciddi tədbirlər görülməlidir. Alınan nəticələr müvafiq sturukturlara təhvil verilməli və vətəndaşların aldanmasının qarşısı alınmalıdır”.

Yeganə Bayramova