Eyni hava, eyni səs...

Qərb təşkilatları illərdir repertuarında dəyişiklik etməyib
Bu, təkcə rəsmi Bakını daimi təzyiq altında saxlamaq üçün qurulmuş tamaşa deyil. Eyni zamanda, Avropanın yönəticiləri arasında yaranmış dərin çatın göstəricisidir


Avropa Parlamenti nümayəndə heyətinin Bakıda verdiyi açıqlamalara əsaslanıb demək olardı ki, Qərb dairələri Azərbaycana yanaşmalarında korrektələr ediblər. Ancaq səfərdən bir gün sonra Venesiya Komissiyası adından yayılan referendumu qaralamağa yönəlmiş bəyanat Qitə təşkilatlarının rasionalizmdən uzaqlaşmadıqlarını sübut etdi. Ənənəyə əsaslansaq, Avropa adından çıxış edən təşkilatların son davranışlarında qeyri-adilik yoxdur.

Ermənistanın yüksəldilməsi naminə Qərb təşkilatları həmişə Azərbaycanı aşağılamaq, bütün uğurlarına kölgə salmaq yolu tutublar. Nəinki seçki prosesləri, referendumlar, hətta 2012-ci ildə Bakıda keçirilən "Avroviziya” mahnı müsabiqəsi, 2015-ci ildə I Avropa Oyunları siyasiləşdirilərək antiazərbaycan bəyanatlar səsləndirmək üçün bəhanə kimi istifadə edilib. Paradoks görünən budur ki, ötən illərdə orkestr kimi bir ifa üzərində köklənən təşkilatların bəyanatlarında son iki ildə ciddi fərqlilik ortaya çıxıb. Bu fərqlilik ötən il gerçəkləşdirilən I Avropa Oyunları və parlament seçkiləri zamanı qabarıq göründü. 2015-ci ilin noyabrında Azərbaycanda parlament seçkiləri keçirilən zaman, Avropa Parlamenti seçkilərə müşahidə missiyası göndərməkdən imtina etməklə prosesin demokratikliyini şübhəyə aldı. Bununla kifayətlənməyib, seçkilər barədə qaralayıcı qətnamə yaydı. Amma Avropa Şurası Parlament Assambleyası həmin seçkiləri müşahidə etdi və müsbət bəyanat verdi. Bu il rollar dəyişib. İndi Avropa Parlamenti yol verdiyi səhvi aradan qaldırmaq üçün cəhd edir. Barışıq üçün Bakıya nümayəndə heyəti göndərir. Əksinə, Avropa Şurası referendum aktını ləkələmə yolu tutmaqla, rəsmi Bakı ilə baş-başa gəlir. İlk baxışdan anlaşılmaz görünsə də, Avropa təşkilatlarından sərgilənən paradoksal münasibətin açması məlumdur. Bu, təkcə rəsmi Bakını daimi təzyiq altında saxlamaq üçün qurulmuş tamaşa deyil. Eyni zamanda, Avropanın yönəticiləri arasında yaranmış dərin çatın göstəricisidir.

"Avropa ölkələri niyə Azərbaycanla ikibaşlı davranır”

Avropa təşkilatları ilə əməkdaşlıq etmək təkcə Azərbaycanın istəyi deyil. Qarşılıqlı maraqlar var və onların nədən ibarət olduğunu Prezident İlham Əliyev avropalı təmsilçilərlə görüşündə lakonik ifadə edib: "Azərbaycan strateji tərəfdaşlığı hədəfləyərək Avropa İttifaqı ilə əlaqələrini genişləndirməyə can atdığı kimi, Avropa İttifaqı da bizimlə münasibətləri dərinləşdirməyə çalışır. Avropa ilə əməkdaşlığımız qarşılıqlı maraqlar və qarşılıqlı hörmətə əsaslanır”. Coğrafi ərazi, strateji mövqe, mədəni əlaqələrdən başqa, Avropa təşkilatlarını ölkəmizə cəlb edən həm də enerji təhlükəsizliyidir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində həlledici rola malikdir və bu məqam Avropanın ən ali təmsilçiləri tərəfindən dəfələrlə bəyan edilib. ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn "Cənub Qaz Dəhlizi”nə istinad edərək Azərbaycanın Avropanı Rusiyanın asılılığından xilas edəcəyini demişdi: "Azərbaycan Avropanın milli və iqtisadi təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır və oynayacaq”. İndi sual yaranır: - Avropa özü üçün xilaskara çevrilən bir ölkə ilə nədən belə ikibaşlı davransın?! Bu, ənənəvi "bir əldə kökə, bir əldə kötək” prinsipidirmi, yoxsa fərqli nüanslar var?

"Öndə Avropa təşkilatları dayansa da, arxa planda ABŞ durur”

Sirr deyil ki, 26 sentyabr referendum aktına qarşı kampaniyanın başlanmasına ABŞ start verdi. Konqresin Helsinki komissiyasının rəhbəri Kristofer Smitin referendum aktıyla bağlı bəyanat verməsi, paralel olaraq, İnsan Hüquqları Komissiyasının Azərbaycanla bağlı dinləmələr keçirməsi Avropa təşkilatlarının da hərəkətə keçmələri üçün siqnal oldu. Bu, bir ənənədir. Vaxtı ilə I Avropa Oyunlarının təmtəraqlı açılış mərasimini pozmaq planı, kampaniyanı icra edəcək obyektlərin və tezislərin müəyyənləşdirilməsinə qədər hər bir detal ABŞ-da işlənmişdi. Amerika QHT-ləri, hüquq müdafiə təşkilatları "idman yarışları insan haqları pozulan ölkədə keçirilə bilməz” tezislərinə qədər ən müxtəlif şüarları gündəmə gətirməklə Azərbaycanı təslim almaq istəyirdilər. Həmin vaxt ATƏT-də Azərbaycan əleyhinə kampaniyaya da amerikalı Daniyel Boyen rəhbərlik edirdi. Onun ATƏT-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Şahtaxtinski ilə bağlı sərgilədiyi mövqeni hər kəs xatırlayır. I Avropa Oyunları ilə bağlı plan baş tutmayınca, parlament seçkiləri hədəf alındı. Avropa Parlamenti vasitəsilə seçkilərin pozulmasına cəhd göstərildi. Sırada Avropa təşkilatları görünsələr də, arxada ABŞ-ın dayandığı hər kəsə bəlli oldu.

ABŞ Avropanı öz maraqlarını qurban verməyə necə məcbur edir?

Belə proqramlar ABŞ texnoloqları tərəfindən dəfələrlə icra edilib. Məkan və məqsəd fərqli olsa da, texnologiyalar bənzərdir. Faktlar sübut edir ki, ABŞ 2-ci Dünya Müharibəsindən ötən 70 il müddətində ümumilikdə Avropa məkanını "QHT-lər”, "Hüquq müdafiə təşkilatları”, "Dövlətlərarası təşkilatlar” adlı sadə mexanizmlərlə idarə edib. Vaşinqtonun təsir dairəsində olan vətəndaş cəmiyyəti institutları milli hökumətləri fakt qarşısında qoymaqla, onları güzəştlərə sövq edə biliblər. Bəs bu "Milli QHT-lər” əsas vəsaiti haradan alıblar? Təbii ki, ABŞ donorlarından. Donorların da büdcəsi birbaşa ABŞ Dövlət Departamentinə bağlanır. Bu cür proqramların işlək halda saxlanılması üçün ABŞ-da tam bir dövlət mexanizmi yaradılıb. Avropada yüzlərlə "milli QHT”lər var. Qılafı avropalı, ürəyi amerikalı olan bu peyk təşkilatları ayaqda saxlamaq və lazımi anda hərəkətə keçirmək üçün ciddi xərc tələb olunmur. Daha doğrusu, bu QHT-lərə ABŞ-ın sərf etdiyi hər bir sent, mahiyyət etibarilə milyonlara dönüb ABŞ-ın özünə qayıdır. Nəticə etibarı ilə ABŞ öz maraqlarının təmin edilməsi üçün nəinki rəqib ölkələri, hətta müttəfiqlərini və bütövlükdə Avropanı xarabalığa çevirməkdən çəkinmir.

İsmayıl