Amma ağır günündə Bakıya “sağ ol” deyən Rusiyanın addımı təəccüb doğurur
“Necə olur ki, bir tərəfdən işğalçıdan torpaqların boşaldılmasını tələb edəsən, digər tərəfdən onu silahlandırasan”
Ermənistanın formal müstəqillik günündə keçirdiyi hərbi parad iki əsas hədəfə hesablanmışdı. Aprel hərbi uğursuzluğundan sonra orduda və cəmiyyətdə yaranmış ruh düşkünlüyü sindromunu aradan qaldırmaq və guya, Azərbaycana "əzələ nümayiş” etdirmək. Lakin bu hədəflərin heç birinə nail olunmadı. Ona görə ki, parada çıxarılan müasir hərbi texnikanın əksəri Ermənistanda dislokasiya olunan Rusiya hərbi qruplaşmasına məxsus idi. Yəni bir növ Rusiya ilə şərikli hərbi parad keçirildi.
Söhbət xüsusən də son günlər ciddi müzakirə predmetinə çevrilən "İsgəndər-M” raket sistemlərindən gedir. Bu sistemlərin məhz Ermənistan silahlı qüvvələrinə məxsus olması haqda yayılan informasiyalar hələlik öz təsdiqini tapmayıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib ki, silahlarla bağlı səhih məlumatı ancaq Rusiya Müdafiə Nazirliyi verə bilər. Bu səbəbdən məsələ müzakirələr formasında davam edir. Moskvadakı "Şimal-Cənub” adlı siyasi mərkəzin eksperti Aleksandr Karavayev isə deyib ki, əgər Rusiya Ermənistanın hərbi balansına "İsgəndər-M” raket sistemləri versə belə, bu, qoşunların təmas xəttindəki qüvvələr nisbətini dəyişə bilməz. Onun sözlərinə görə, raket sistemləri Ermənistana ancaq şərtlə verilə bilər: "Bu sistemlər Azərbaycanın konstitusion ərazisi olan Dağlıq Qarabağda istifadə edilə bilməz. Aprel eskalasiyası zamanı da Ermənistan "İsgəndər”lə oxşar olan "Toçka-U” komplekslərindən istifadə edə bilmədi. Çünki Rusiya həmin silahlara koordinatlar daxil edir və koordinatlara əsasən raketlər qadağan olunmuş ərazilərə uçmur. Eyni zamanda məlumdur ki, Ermənistandakı raket sistemlərini birbaşa ruslar idarə edir. Ekspert vurğulayıb ki, Rusiya Ermənistanı "sakitləşdirmək” üçün onlara jest edə bilər: "Nəzərə alsaq ki, nə Moskva, nə də Ermənistan tərəfdən "İsgəndər”lərin erməni silahlı qüvvələrinə verilməsi haqda rəsmi açıqlama yoxdur. Deməli, həmin silahlar Rusiya Müdafiə Nazirliyinin balansındadır. Raket komplekslərinə Ermənistan silahlı qüvvələrinin nişanları yapışdırıla və paradda istifadə oluna bilər. Lakin bununla situasiya dəyişmir. Rusiya çətin ki, belə yüksək texnologiyalı silahı öz müttəfiqinə versin”. Göründüyü kimi, işğalçı tərəfin sevinməsinə əsas yoxdur. Əslində 21 sentyabr paradı ilə düşmən ölkə bir daha Azərbaycanla silahlanma yarışında heç vaxt ayaqlaşa bilməyəcəyini ortaya qoymuş oldu. Növbəti dəfə aydın oldu ki, əgər Ermənistanın arxasında Rusiya dayanmasa, düşmən ölkə uzağı bir neçə gün tab gətirə bilər. Azərbaycan Ordusu ən qısa zamanda təcavüzkarı layiqincə cəzalandırar. Millət vəkili Sahib Alıyev isə deyib ki, Rusiyanın istənilən şəkildə işğalçı Ermənistanı silahlandırması təəssüf doğurur: "Rusiyanın işğalçı Ermənistanı təmənnasız olaraq silahlandırması onun vasitəçiliyinə kölgə salır. Rusiya Prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Moskvada keçirilən görüşündə erməni tərəfə işğal edilmiş torpaqları tərk etmək təklif edilib. Lakin Ermənistan təklifi rədd edib. Buna rəğmən Rusiyanın Ermənistana silah verməsi Moskvanın Dağlıq Qarabağ münaqişəsində bir vasitəçi kimi missiyasını şübhə altına qoyur. Necə olur ki, bir tərəfdən işğalçıdan torpaqların boşaldılmasını tələb edəsən, digər tərəfdən onu silahlandırasan. Əlbəttə, düşmənin silahlanması onu xilas etməyəcək. Azərbaycanın əlində Ermənistana verilən silahları zərərsizləşdirmək üçün yetərincə hərbi-texniki vasitələri var. Sadəcə, Rusiyanın bu addımı təəccüb doğurur”. S.Alıyev əlavə edib ki, Azərbaycan Rusiya ilə münasibətlərin həmişə strateji xarakter daşıdığını bəyan edib. Ticari-iqtisadi, siyasi əlaqələrin daha da möhkəmlənməsində maraqlı tərəf olub: "Rusiyaya qarşı Qərb tərəfindən sərt sanksiyalar tətbiq ediləndə Azərbaycan xoş qonşuluq, ənənəvi tərəfdaşlıq münasibətlərini pozmadı. Sanksiyaları pislədi. Ancaq bu gün Rusiyanın Azərbaycan ərazilərini işğal edən Ermənistanı silahlandırması təəssüf doğurmaya bilməz”.
İsmayıl