“Prezidentlərin görüşlərinin təşkili böyük nailiyyət sayılır”

Elxan Mehdiyev: “Bu baxımdan həmsədrlərin görüş təşəbbüsü münaqişənin həllində müsbət rol oynamır”



ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşün yekunlarına dair bəyanat yayıblar. Bəyanatda vurğulanıb ki, Vyana və Sankt-Peterburq Sammitlərində qəbul olunmuş qərarların icrasına xüsusi önəm verilib:

"Münaqişənin həllinə yönələn danışıqlara nail olmaq və münbit atmosfer yaratmaq üçün gələcək addımları müzakirə etdik. Həmçinin, tərəflərin müzakirə edə biləcəyi təkliflər barədə fikir mübadiləsi apardıq. Bizim hökumətlər prezidentlərin münasib zamanda görüşünü təşkil etməyə hazırdır. Yaxın gələcəkdə regiona səfər etməyi planlaşdırırıq”. Bəyanatla bağlı "Şərq”ə açıqlama verən Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev deyib ki, prezidentlərin görüşünü təşkil etmək həmsədrlərin ən böyük nailiyyəti sayılır: "Onlar illik hesabat verirlər. Əgər hesabatda "prezidentləri görüşdürdük” ifadəsi yer alırsa, özlərini ciddi iş görmüş, öhdəliyi yerinə yetirmiş kimi hiss edirlər. Vasitəçilər sonuncu bəyanatda iddia edirlər ki, guya, Vyana və Sankt-Peterburq danışıqlarında hansısa razılaşmalar əldə olunub. Halbuki tərəflər, sadəcə, müşahidə qrupunda təmsil olunan şəxslərin sayının artırılmasına və insidentlərin araşdırılmasına qərar veriblər. Hazırda erməni diplomatiyası həmsədrlərlə birgə bu məsələlərin üzərində çalışır. Ancaq bunun Azərbaycan tərəfinə heç bir faydası yoxdur. Əksinə, həmin missiya işğal faktorunu möhkəmləndirməyə xidmət edir. Bu baxımdan həmsədrlərin görüş təşəbbüsü münaqişənin həllində müsbət rol oynamır”.

İsmayıl