“Monte Melkonyanın erməni kiberordusu” gülüş doğurdu

Ermənilər hansı əsrdə yaşayır ki, ordumuzun 1200 zabitinin şəxsi məlumatını əldə etməyi uğur sayırlar?!
Onsuz da indi hər kəs haqqında internetdə məlumat var



"Monte Melkonyanın erməni kiberordusu” adlı haker qruplaşması Azərbaycan ordusunun 1200 zabitinin şəxsi məlumatlarını internetə yerləşdirdiyi barədə məlumat yayıb. Ermənistan KİV-nə istinadən aldığımız xəbərə görə, qruplaşma feysbukdakı rəsmi səhifəsində azərbaycanlı zabitlərin pasport məlumatları, əlaqə nömrələri və yaşadıqları ünvanları qeyd edərək "aksiyamızı Ermənistanın müstəqilliyinin 25 illik yubileyinə həsr edirik” açıqlamasını veriblər.

Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov isə "Monte Melkonyanın erməni kiberordusu” adlı haker qruplaşmasının Azərbaycan ordusunun 1200 zabitinin şəxsi məlumatlarının internetdə yerləşdirilməsinin onda ancaq gülüş doğurduğunu deyib: "Başa düşə bilmirəm ki, ermənilər hansı əsrdə yaşayır ki, əldə etdiyi faktları böyük bir uğur kimi qələmə verirlər. 21-ci əsrdə istənilən ölkə vətəndaşı haqqında internetdən məlumat əldə etmək mümkündür. Digər tərəfdən də Azərbaycan ordusunun 1200 zabitinin şəxsi məlumatları ilə Ermənistan nəyə nail olacaq, başa düşə bilmədim? Bəlkə, Azərbaycan Silahlı Qüvvələrinin zabitləri İrəvana turistik səfər edəcəklər və ermənilər də əllərindəki şəxsi məlumatlarla zabitlərimizin şəxsiyyətini müəyyənləşdirib, onlara qarşı tədbir görəcəklər? Şükür Allaha, zabitlərimiz xarici ölkələrə səfər edəndə də getdikləri ölkələrin müvafiq qurumları onların təhlükəsizliyinə cavabdehlik daşıyırlar”.

Bu cür məlumatlarla ermənilərin "blörf” etdiyini vurğulayan hərbi ekspertin sözlərinə görə, ermənilər aprel döyüşlərində aldıqları sarsıdıcı zərbəni hələ də həzm edə bilməyiblər: "Aprel döyüşləri zamanı ordumuzun gücü qarşısında aciz qalan Ermənistan rəhbərliyi bilmir nə yolla bizə "xox” gəlsin. Bir ara nüvə silahı yalanını ortaya ataraq Azərbaycana qarşı "əzələ nümayiş” etdirdilər. İki gün əvvəl də Rusiyanın "İskəndər M” raketlərini parada çıxararaq Ermənistan ordusunun hərbi texnikası kimi təqdim ediblər”.

Azərbaycan Silahlı Qüvvələrində yüz minlərlə şəxsi heyətin xidmət göstərdiyini vurğulayan ekspertin sözlərinə görə, rəhbər şəxslərin hər birinin avtobioqrafik məlumatları saytlarda yerləşdirilib: "Nə olsun? Guya ki, əllərində şəxsi məlumatlar var deyə, ermənilər bizim generallarımıza, zabitlərimizə qarşı nəsə edə biləcəklər? Əlbəttə ki, yox. Sadəcə onlar adi bir şeyi şişirdib kəşfiyyat xəbəri kimi təqdim etməklə öz acizliklərini bir daha nümayiş etdirmiş oldular”.

Şəymən