Avstriya Hava Yollarının Bakıya uçuşlarını bərpa etmək niyyətindədir

“Bərpa zamanı təyyarə reyslərinə diqqət eləmək lazımdır ki, rentabelli uçuşlar yerinə yetirilsin”



Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində Avstriyanın federal Avropa, inteqrasiya və xarici işlər naziri Sebastian Kurz ilə görüşüb.

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan və Avstriya arasında siyasi dialoqun intensiv xarakter daşıdığı və əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğu bildirilib. S.Kurz Azərbaycan hökuməti tərəfindən yaradılan biznes mühitini təqdir etdiklərini və Avstriya şirkətlərinin ölkəyə sərmayə yatırtmaqda maraqlı olduqlarını diqqətə çatdırıb. O, Avstriya Hava Yollarının Bakıya uçuşları bərpa etmək niyyətində olduğunu deyib.

E.Məmmədyarov Azərbaycanın Avstriya ilə iqtisadi əlaqələri inkişaf etdirməkdə maraqlı olduğu, bu xüsusda Avstriya sərmayəsinin ikitərəfli münasibətlərə töhfə verəcəyinə əminlik ifadə edib.

Avstriyanın Avropanın mərkəzi olduğunu vurğulayan "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) sabiq prezidenti Ədalət Əliyev "Şərq”ə açıqlamasında Bakıdan İsveç və Avstriya kimi əsas Avropa ölkələrinə uçuşların sıfır səviyyəsində olduğunu deyib: "Avropa İttifaqının, BMT-nin və digər qərb təşkilatlarının idarələri bu şəhərlərdə yerləşir. Amma Bakıdan heç birinə birbaşa uçuşlar yoxdur”.

Avstriya Hava Yollarının Bakıya uçuşları bərpa etmək niyyətinin təqdirəlayiq olduğunu vurğulayan Ə.Əliyev hesab edir ki, uçuşların bərpası həm azərbaycanlı iş adamları, həm də məmurlar üçün yaxşı olardı: "Amma bərpa zamanı təyyarə reyslərinə diqqət eləmək lazımdır ki, rentabelli uçuşlar yerinə yetirilsin. Baş tutacağı təqdirdə uçuşların bərpasını müsbət qiymətləndirirəm”.

Uçuşların bərpası zamanı sərnişin tələbatını təmin etməyin vacibliyinə toxunan Ə.Əliyev deyib ki, Azərbaycanla Avropa arasındakı münasibətlər kifayət qədər yaxındır.

Şəymən