Aqşin Yenisey Türkiyəyə köçdü, keçmişinə, ölkəsinə kənardan baxmaq imkanı qazandı
2017-ci ildə yazarların başı kitablarına qarışıb
Bir yazıçı da kredit borcunu bir il azaltdığına görə sevindi
Aqşin Yenisey Türkiyəyə köçdü, keçmişinə, ölkəsinə kənardan baxmaq imkanı qazandı
Aqşin Yenisey Türkiyəyə köçdü, keçmişinə, ölkəsinə kənardan baxmaq imkanı qazandı
Daha bir ili - 2017-ci ili geridə qoymağa hazırlaşırıq. Cəmisi bir gündən sonra acısı ilə, şirini ilə birlikdə 2017-ci ili yola salıb, yeni bir ilə qədəm qoyuruq. Hər ötən ili xatırladıqda xəyalımıza, yaddaşımıza nələrsə daxil olur. İstər xoş, istər kədərli xatirələr.
Bəs görəsən, 2017-ci il hansı hadisələri ilə ədəbiyyat adamlarının yaddaşında qaldı? Geridə qoyacağımız xoruz ili bizim yazar əhlinə nələri xatırladacaq?
Şair Aqşin Yenisey bu il həyatında ciddi dəyişikliklər olmadığını deyib:
"2017-ci ildə müvəqqəti Türkiyəyə köçməyimiz bir az öz keçmişimə və ölkəmizin bu gününə kənardan baxmaq imkanı qazandırdı mənə. Bir il ərzində öz şeirlər kitabımı türkcəyə və daha iki müəllifi türkcədən azərbaycancaya uyğunlaşdırdım. Hər üç kitab çap mərhələsindədir. Yenə də qalan həyatımız öz qayğıları ilə davam edir”.
Yazar Sevinc Elsevər üçün 2017-ci il ziddiyyətli il olub:
"İl təzə başlamışdı ki, dostumuz Mövludu itirdik. Dəhşətli şok idi. Halbuki 2017-ni birlikdə qarşılamışdıq. Birlikdə sevinmişdik, gülmüşdük onun gəlişinə. 31 dekabr günü bizdə idi Mövlud. Ümumiyyətlə, o, bayramları bizimlə keçirməyi çox sevirdi. Səhər, yanvarın 1-i bizimlə görüşmədən getmişdi. O gecə İstanbulda terror olmuşdu. Tələsik, səhər yeməyini də yemədən qaçıb redaksiyaya getmişdi ki, xəbər qoysun. Sağlamlığımda problemlər irəlilədi. Amma yaxşı işlər də oldu. Uşaqlar üçün yazdığım "Donu qırmızı” kitabım çıxdı.
Pis də qarşılanmadı. Yaxşı rəylər aldım. Həm uşaqlardan, həm böyüklərdən. Uşaqlarım bir yaş da böyüdülər. Kredit borcumuz bir il də azaldı. Geriyə iki il qaldı. Bir xeyli də publisist yazılar yazdım. 2018-ci ilin can sağlığı, hüzurla keçməsini arzulayıram. Başqa nə gözləyəcəm? Nə Nobel alanam, nə lotoreyada milyon dollar qazanan. Sevdiyim insanların, ailəmin, dostlarımın canı sağ olsun, insanımız mutlu olsun, çörəyimiz bol olsun, mehriban olaq, bir olaq. Məncə, insan şəxsi həyatında da o vaxt xoşbəxt ola bilir ki, içində bulunduğu cəmiyyətdə hər şey qaydasında olsun. Yaxşı xəbərlər gəlsin ölkəmizin dörd yanından, dünyanın hər yerindən, kosmosdan, kainatdan”.
Yazar Fərid Hüseyn isə 2017-ci ilin ədəbiyyatımız üçün maraqlı olduğunu bildirib:
"Mənim üçün də uğurlu bir oldu. Kitablarım işıq üzü gördü, gələn il üçün də həm həmkarlarımdan, həm də öz taleyimdən yeni uğurlar gözləyirəm”.
Yazıçı Mirmehdi Ağaoğlu bir neçə gündür bu sual ətrafında özü-özünə düşündüyünü deyib:
"2017-ci il şəxsi həyatımda çox ağır itkilər verdim. Bu il həyatımın ən ağır illərindən biri oldu desəm, yalan olmaz. Yaxın dostum Mövlud Mövludun ölümü mənim və digər yazar dostlarım üçün çox böyük itki oldu. Onun intiharı ümumilikdə Azərbaycan ədəbiyyatı üçün böyük faciə idi. Biz hələ də bu itkinin ağrısını ürəyimizdə yaşayır, bu yükü çiyinlərimizdə daşıyırıq. Onun xatirələri hər dəfə yadımıza düşəndə yaramızın qaysağını qopardır. Bu il iki əmim də dünyasını dəyişib. Hər ikisi xəstəlikdən əziyyət çəkirdi və bir ay fasilə ilə vəfat etdilər. Bu itkilərimə görə 2017-ci il şəxsi həyatımda xoş izlər buraxmadı. Həddindən artıq stressli və sıxıntılı bir il yaşadım. Getsin, bir də gəlməsin! 2018-ci ildə əsla belə acılar yaşamaq istəmirəm”.
Ancaq yaradıcılıq baxımından 2017-ci il Mirmehdi Ağaoğlu üçün o qədər də gərgin keçməyib. Hətta uğurlu olub da deyə bilərik, çünki bir neçə müsabiqədə qalib olaraq mükafat alıb:
"Mədəniyyət və Turizm Nazirliyinin iki ildən bir təqdim etdiyi "Qızıl Kəlmə” ədəbi mükafatına layiq görüldüm. "Alman malı” hekayəm "Şans” ödülü aldı. Şəhriyar del Geraniyə də "Darıxmağın adı”na görə bu ödülü verdilər. Bundan başqa ədəbi-publisistik fəaliyyətimə görə, "Ədəbiyyat” qəzeti "Əli bəy Hüseynzadə mükafatı”nı təqdim edib. Ən önəmlisi isə bu yaxınlarda Dialoq və Əməkdaşlıq uğrunda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun keçirdiyi Birinci Qısa hekayələr müsabiqəsinin qalibi oldum. Əldə etdiyim bu uğurlar mənim üçün çox böyük uğur idi və hər birindən stimul aldım.
Yazarın 2018-ci ildən böyük gözləntiləri var, o, yarımçıq qalan əsərlərini tamamlamaq niyyətindədir: "Çoxdandır bir roman yazmaq istəyirəm. 2018-ci ildə tam hazır olmasa da, üzərində ciddi şəkildə işləməyi düşünürəm. Bir də ki, hekayələr kitabı çıxarmaq istəyirəm. Hesab edirəm ki, bu arzum daha tez reallaşacaq”.
Yazıçı Şərif Ağayar bütün problemlərə rəğmən 2017-ci ili ədəbiyyatımızda, eyni zamanda öz yaradıcılığında uğurlu il sayır:
"Məncə, bir addım da olsa irəli getdik. Həm mühitin formalaşmasında, həm kitab nəşrində, həm yeni və maraqlı yazıların yazılmasında. 2018-də daha böyük uğurlar əldə edəcəyimizə inanıram”.
P.S. Biz də "Şərq” qəzeti olaraq bütün Azərbaycan xalqını qarşıdan gələn Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə təbrik edirik! Hamınıza yalnız gözəl, sevincli günlər arzulayırıq!
Şəymən