2017 mətbuatda necə iz buraxdı?

Ekspertlərin rəyinə görə, Azərbaycan mediası yeni inkişaf və keyfiyyət dəyişikliyinə qədəm qoyub
“İntellektual nəsil üçün jurnalistika cazibə mərkəzinə çevrildi”








2017-ci ilin başa çatmağına sayılı günlər qalıb. Nə az, nə çox, düz 4 gündən sonra acısı ilə, şirini ilə birlikdə 2017-ci ili yola salıb, yeni bir ilə qədəm qoyuruq. Sözsüz ki, geridə qoyduğumuz hər il kimi 2017-ci il də həyatımızda müxtəlif hadisələrlə zəngin oldu. Kimiyə uğur gətirən, kiminin də əzizini, yaxınını özü ilə aparan bu il hər kəsin ömür kitabında bir iz buraxdı. Təbii, bunlar şəxsi həyatımızla bağlı olan anılardır. Siyasi-ictimai, sosial-iqtisadi baxımdan da bu bir il də cəmiyyət üçün yaddaqalan oldu.

Dövlət idarəetməsində müəyyən dəyişikliklər baş verdi. 

Biz də "Şərq” qəzeti olaraq media nümayəndələri ilə əlaqə saxlayıb başa vurmaqda olduğumuz illə bağlı həmkarlarımızın fikirlərini öyrəndik. Medianın inkişafı, jurnalistlərin peşə fəaliyyətinin artırılması, sosial rifah halının yaxşılaşdırılması məsələsi, görəsən, onları qane etdimi?

"Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlunun qənaətinə görə, 2017-ci ildə mediamız mətbuat işçilərinin cənab Prezident İlham Əliyev tərəfindən məişət problemlərinin həll olunması, onlara mənzillərin verilməsi ilə yadda qalıb: "Düşünürəm ki, bunu sadəcə jurnalistlərə ev verilməsi hadisəsi kimi qiymətləndirmək lazım deyil. Bunu daha dərindən dəyərləndirməliyik. Bu, Azərbaycan Prezidentinin mətbuata qayğısı kimi qiymətləndirilməlidir. Hər şeydən öncə bu, jurnalist peşəsinin təbliğ olunması, yeni intellektual nəsil üçün jurnalistikanın cazibə mərkəzinə çevrilməsidir. İkinci mühüm hadisə, şübhəsiz ki, Azərbaycan jurnalistlərinin artıq beynəlxalq media qurumları ilə işləmək, ölkəmizdə həyata keçirilən beynəlxalq tədbirləri işıqlandırmaq təcrübəsini əldə etməsidir. 2017-ci ildə Azərbaycan jurnalistikası bir daha milli mətbu ənənələrinə sadiq qalaraq İslam Həmrəyliyi oyunlarını lazımi keyfiyyətdə işıqlandırmağı bacardı. Hesab edirəm ki, bu da önəmli hadisələrdən biridir. 2017-ci il media üçün əsas hadisələrdən biri milli təhlükəsizlik məsələlərində Azərbaycan jurnalistikasının və jurnalist fəaliyyətinin cilalanması ilə xarakterizə edə bilərik. Çünki Azərbaycan mediası müəyyən hərbi-strateji məsələlərlə bağlı işləmək təcrübəsi əldə etdi. Nəhayət, 2017-ci ildə mediamız təsdiq etdi ki, hadisələri milli təhlükəsizlik kontekstində qiymətləndirə bilir. Bu da jurnalistikamızda yeni keyfiyyət göstəricisi kimi səciyyələndirilməlidir.

Digər tərəfdən, jurnalist ixtisasının qəbulunda edilən dəyişikliklər 2017-ci ildə nəticələrini göstərməyə başlayıb. Jurnalistlər artıq yığdıqları ballara görə, təsadüfən bu ixtisasa düşmürlər. Onlar düşünərək, məqsədyönlü şəkildə jurnalist peşəsinə yiyələnirlər. Əminəm ki, bu da Azərbaycan jurnalistikasında yeni keyfiyyət dəyişikliklərinə gətirib çıxaracaq. Bütün bunlar Azərbaycan Prezidentinin jurnalistika inkişafına göstəridiyi diqqət və qayğının nəticəsi kimi meydana çıxıb. Ümumilikdə 2017-ci il mediamız üçün uğurlu oldu”.

"Ölkə.az” portalının baş redaktoru Məmməd Gülməmmədov:

"Təbii ki, 2017-ci ildə Azərbaycan mətbuatı üçün əsas əlamətdar hadisə ölkə başçısı tərəfindən 256 jurnalist ailəsinə mənzillərin hədiyyə edilməsi idi. Bu hadisəyə görə bütün ev alan jurnalistlər kimi, mən də şad oldum. İnşallah, həmin jurnalistlər 2018-ci ili öz mənzillərində qarşılayacaqlar, Yeni ili jurnalist qonşuları ilə həmrəy qeyd edəcəklər. Dünyada elə bir dövlət yoxdur ki, jurnalistlərə pulsuz mənzil hədiyyə etsin. Ancaq müstəqil və demokratik Azərbaycan dövləti dünyada bu cür müsbət addımı ilə də öz sözünü demiş oldu. Yəqin ki, növbəti illərdə digər dövlətlər də Azərbaycan nümunəsindən yararlanaraq, öz jurnalistlərini mükafatlandıracaqlar. Azərbaycan Prezidenti tərəfindən mənzil hədiyyə olunan jurnalistlər arasında hökuməti tənqid edən kifayət qədər KİV nümayəndələri var. Buradan bir daha aydın olur ki, Azərbaycan dövləti müstəqil və sağlam medianın inkişafında maraqlıdır. Növbəti yaddaqalan hadisələrdən biri kimi reket mətbuatla mübarizəni qeyd etmək istərdim. Jurnalistikanın nüfuzuna xələl gətirən bu kimi halların qarşısının alınması üçün vacib addımlar atıldı.
Sonda isə ümid edirəm ki, onlayn mətbuata dövlət dəstəyi olaraq maddi vəsaitin ayrılması ilə bu ili yekunlaşdıracağıq”.

Azərbaycan İnformasiya Mərkəzinin rəhbəri Təbriz Vəfalının sözlərinə görə, əvvəlki illərdə olduğu kimi, bu il də Azərbaycan mətbuatı çoxsaylı uğurları ilə həm ölkə, həm də dünya ictimaiyyətinin diqqətini özünə cəlb etməyi bacardı: 

"Xüsusilə də informasiya müharibəsində Azərbaycanın xeyrinə gedişlərin edilməsində, beynəlxalq aləmdə ölkəmizin xeyrinə ictimai rəyin formalaşdırılmasında, beynəlxalq təşkilatlar tərəfindən respublikamızın demoktratik inkişaf yolunda olan bir dövlət kimi qəbul edilməsində və digər bu kimi strateji məsələlərdə ölkə KİV-ləri də çox əhəmiyyətli rol oynadılar. Ölkə mediasının həyatındakı builki uğurları sadalamaqla bitməz. Onların arasında ölkə Prezidenti İlham Əliyevin 256 jurnalisti təmənnasız mənzillə təmin etməsi, media nümayəndələri üçün yeni binanın bünövrəsinin qoyulması, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun xəttilə bəzi KİV-lərin maddi-texniki bazasının yaxşılaşdırılması üçün müəyyən məbləğdə dövlət yardımının ayrılması, adıçəkilən fond tərəfindən təşkil olunmuş müsabiqələrdə 500-dən artıq jurnalistin pul mükafatı ilə mükafatlandırılması və digər əlamətdar hadisələr də var. 2017-ci il mənim şəxsi həyatım və jurnalistlik fəaliyyətim baxımından hafizəmdə ən unudulmaz xatirələrlə yadda qalacaq. Çünki bu il həm mənə iyulun 20-də jurnalistlər üçün tikilmiş binadan ikiotaqlı mənzil verildi. Həm bir neçə müsabiqənin qalibi oldum, həm Azərbaycan İnformasiya Mərkəzini və www.azim.az internet portalını yaratdım”.

Təbriz Vəfalı 2018-ci il üçün gözləntilərinin çox olduğunu deyib:

"İlk olaraq bildirim ki, "KİV haqqında” qanuna edilən dəyişikliklər və əlavələr media nümayəndələrinin daha məsuliyyətli olmasına gətirib çıxaracaq. Jurnalistlərimizin dövlətin siyasətini dəstəkləməsi, media orqanlarının həyata keçirilən islahatlara açıq dəstək verməsi gözlənilir ki, bu da informasiya müharibəsində Azərbaycanın xeyrinə qərarların qəbul ediləcəyinə işarədir. Digər tərəfdən, gələn il ölkəmizdə prezident seçkiləri keçiriləcək və ölkəmizdəki iqtisadi inkişafın, siyasi sabitliyin və demokratiyanın əleyhinə olan qüvvələrin Azərbaycana qarşı aparacaqları kampaniyaların nəticəsiz qalması üçün ölkə mediasının üzərinə müəyyən öhdəliklər düşəcək. Əminəm ki, həmkarlarım bu işin öhdəsindən layiqincə gələcəklər. 2018-ci ildə daha çevik, daha operativ və daha əhatəli media məhsullarının istehsalını, təbii ki, arzu edirəm. Amma etiraf etməliyik ki, bu təkcə medianın problemi deyil. Rəsmi strukturlar mövcud durumu daha dəqiq qiymətləndirib, daha düzgün nəticələr çıxarmasa, mediamız yerində saymaqda davam edəcək”.

"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev isə 2017-ci ili fərqləndirəcək hadisə xatırlamadığını deyib:

"Amma iyulun 22-si ərəfəsində 256 jurnalist ailəsinin evlə təmin olunmasını xüsusi qeyd etmək istərdim. Bu, 2017-ci ildə dövlətin mətbuata qayğısı çərçivəsində atılmış, diqqətçəkən hadisə oldu. Ümumilikdə peşəkar müstəvidən yanaşsaq, zaman-zaman mediada müəyyən problemlər gündəmə çıxarıldı və bu istiqamətdə müzakirələr aparıldı. Qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində, xüsusilə "reket jurnalistika”sı ilə bağlı müəyyən addımların atıldığını xatırlayıram. Daha sonra ilin sonunda qəzet kağızlarına tətbiq olunan gömrük rüsumunun ləğv olunması sevindirici hal idi”.

"Türküstan” qəzetinin və Turkustan.info saytının baş redaktoru Aqil Camal bu il media sahəsinin uğurlarından danışan zaman bunları xatırlayıb: 

"Bizim üçün də yaddaqalan bir il oldu. Ölkə prezidentinin qərar və göstərişi ilə tikilmiş ikinci bina media işçilərinin istifadəsinə verildi.
İnternet mediasının inkişafı və müasir tələblərə cavab verən informasiya siyasətində iştirakı bir qədər də genişləndi.

Ümid edirəm ki, yola saldığımız ildə bütün sahələrdə əldə olunan nəticələr növbəti illər üçün təməl rolunu oynayacaq və qarşıdan gələn 2018-ci ildə ölkəmiz əldə olunan nailiyyətləri daha da gücləndirə biləcək”.

"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli də hesab edir ki, 2017-ci il Azərbaycan mediası üçün bir sıra əlamətdar hadisələrlə yadda qalıb. İlk növbədə isə 256 jurnalistin prezident İlham Əliyevin tərəfindən mənzillə təmin olunmasını qeyd etməliyik. Redaktor hesab edir ki, bu, olduqca sevindirici hadisə olub və 256 həmkarımız mənzillə təmin olunub: 

"Bu, dövlətin mediaya, jurnalistlərə qayğısının göstəricisidir. İkincisi, 2017-ci ildə reket media ilə mübarizənin gücləndiyinin şahidi olduq, il ərzində xeyli sayda reket, şantajla məşğul olan medianın rəhbəri barəsində hüquqi tədbirlər görüldü, o nəşrlərin, saytların fəaliyyəti dayandırıldı. Konkret olaraq çalışdığım media orqanına gəldikdə, musavat.com bir sıra yeniliklərə, yeni layihələrə imza atdı, həmçinin, "Yeni Müsavat” qəzetində də bu yeniliklər özünü göstərdi. Ümumilikdə 2017-ci ili media üçün düşərli hesab etmək olar. Sonda bir məsələni də qeyd edim, biz 2017-ci ildə həm də iki həmkarımızı itirdik, ilin əvvəlində Zabil Müqabiloğlunu, sonunda isə Natiq Qədimovu. Onlara da rəhmət diləyirik, görünür, bu dostlarımızın da taleyi belə yazılıbmış”.

"Milli.az” internet portalının baş redaktoru Anar İmanov 2017-ci ildə də Azərbaycan mediasının öz inkişafını davam etdirdiyini deyib: 

"Hər sahədə olduğu kimi, media sahəsində də müsbət hallar oldu. Bu il Azərbaycan mediası üçün həm də ona görə, yaxşı oldu ki, ehtiyacı olan jurnalistlər evlə təmin olundu. Yüzlərlə ailə sevindi və bununla əlaqədər mən həmkarlarımı təbrik edir, gələcək işlərində uğurlar arzulayıram. Üçüncü binanın da təməli qoyulub və bu o deməkdir ki, müəyyən vaxtdan sonra yenə yüzlərlə insan sevinəcək. Bu şəraiti yaradan cənab Prezidentə, Mətbuat Şurasına, KİVDF-yə dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, nəticədə mediamız inkişaf edəcək və daha da güclü olacaq. Bu il "reket” jurnalistlərlə mübarizə böyük uğurla davam etdi. Düşünürəm ki, yaxın gələcəkdə Azərbaycan mediasında "reket” jurnalistlər qalmayacaq. Bu il mediamız çox böyük peşəkarlıqla dövlətimizin imicini yüksəldən möhtəşəm idman yarışlarını işıqlandırdı - "Formula 1” yarışını və İslam Həmrəyliyi Oyunlarını və digərlərini.

Milli.Az saytı bu ili də uğurla başa vurur. Oxucularımız artır, hər gün 100 minə yaxın insan saytımız vasitəsilə bütün hadisələrdən xəbərdar olur. Ümid edirəm ki, 2018-ci il də bu il kimi mediamız üçün yenə də uğurlu olacaq”.

Şəymən


Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb