2019-cu ildə Azərbaycan qazı dünya bazarına çıxacaq

Beş ildən sonra 40 il və bəlkə də daha çox müddətə qazımız Avropaya ixrac olunacaq




Prezident İlham Əliyevin təşəbbüsü ilə "Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması strateji baxımdan dünya və region ölkələri üçün böyük əhəmiyyət kəsb edir. Ölkəmizin həyata keçirdiyi enerji layihələri regional əməkdaşlıqla yanaşı, beynəlxalq əməkdaşlığa da geniş imkanlar açır və bütün tərəfdaşların həmin layihələrdən bəhrələnmələrinə müsbət təsir göstərir.

Artıq Azərbaycan böyük qaz ehtiyatlarının hasilatı və Avropa istehlakçılarına çatdırılması ilə bağlı liderliyi öz əlinə ala bilib. Layihə "Əsrin müqaviləsi”ndən sonra ölkəmizin imzaladığı ikinci böyük miqyaslı beynəlxalq layihə hesab olunur. Ekspertlər birmənalı olaraq vurğulayırlar ki, bu proje bir neçə ildən sonra Azərbaycan qazının Avropaya çıxışını təmin edəcək. Təbii ki, Avropanın enerji ilə təmin edilməsi dövlətimiz üçün də geniş imkanlar yaradacaq.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov layihə ilə bağlı ölkələrin energetika nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclasını ciddi hadisə sayır və bildirir ki, bu iclas layihənin icrasını sürətləndirəcək: "2018-ci ildə Azərbaycan qazı Avropaya çatdırılmalıdır. Əvvəlcə Transanadolu Boru Kəməri, 2020-ci ildə isə Transadriatik Boru Kəməri çəkilib başa çatdırılmalıdır. Məni narahat edən Yunanıstanın mövqeyi, irəli sürdüyü şərtlərdir. Ancaq güman edirəm ki, məsələ həllini tapacaq. Çünki dövlət başçısı ixrac siyasətini gözəl bilir”.

Millət vəkili hesab edir ki, "Cənub Qaz Dəhlizi” layihəsinin icrasının Azərbaycan üçün çox böyük əhəmiyyəti var: "Həm iqtisadi gəlirlərin artırılması, həm də siyasi müstəqilliyin möhkəmlənməsi üçün bu layihə vacibdir. Bu layihə siyasi və iqtisadi cəhətdən "Əsrin müqaviləsi” qədər əhəmiyyət kəsb edir”. V.Əhmədova görə, Azərbaycan bütün hallarda öz qazını ixrac edəcək: "Burada 15-20 milyard kubmetrlik qazın ixracından söhbət gedir. Gələcəkdə Türkmənistan və İran qazı üzrə razılaşma əldə olunarsa, Azərbaycan həm də tranzit ölkə kimi əhəmiyyətli dövlətə çevriləcək. Bu layihəyə Avropa Birliyi, Amerika dəstək verir. Avaropanın alternativ enerji mənbəyi yalnız Azərbaycandır. Əgər Avropa enerji asılılığını azaltmaq, iqtisadi müstəqilliyini gücləndirmək istəyirsə, "Cənub Qaz Dəhlizi” layihəsinə dəstəyini daha da artırmalıdır”.

Neft Araşdırmaları Mərkəzinin sədri, iqtisadçı-ekspert İlham Şaban da bildirib ki, bu layihə Azərbaycanın Xəzər sektorunda yerləşən böyük qaz ehtiyatlarının dünya bazarına çıxmasına imkan yaradır. Ekspertin sözlərinə görə, 2019-cu ildə Azərbaycan qazı dünya bazarına çıxacaq: "Biz bu qazı faktiki olaraq 1999-cu ildə tapmışıq və onun kiçik bir hissəsini 2007-ci ildə Türkiyə bazarına çıxarmışıq. Həmin zamanlar dünya bazarına çıxış imkanımız olmayıb. Ancaq regional bazarda satmışıq. Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, 2010-cu ildən sonra isə Dağıstana və

Rusiyaya satılıb. "Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı ölkəmiz 2005-ci ildən başlayaraq 2012-ci ilə qədər çalışıb. Layihə ilə bağlı Avropa və Türkiyə ilə uzunmüddətli danışıqlar aparılıb və razılıq əldə olunub. Onun nəticəsidir ki, bu günlərdə "Cənub Qaz Dəhlizi”nin təməli qoyuldu”.

İ.Şaban hesab edir ki, beş ildən sonra 40 il və bəlkə də daha çox müddətə qazımız Avropaya ixrac olunacaq: "Çünki həmin infrastruktur ən aşağısı 40 il, modernizə edilməklə isə 60 il müddətində resursların Avropa bazarına daşınmasına xidmət edəcək. Nəticədə birinci mərhələdə Azərbaycan öz resurslarının satışından gəlir əldə edəcək. İkinci mərhələdə həmin infrastrukturun işlənməsindən gəlir əldə olunacaq. Buna görə də investisiya boyu Azərbaycan Dövlət Neft Şirkəti TANAP layihəsində operator, Transadriatik boru kəmərində 20 faizə və Cənubi Qafqaz Boru kəmərində 10 faiz paya sahib olub. Yəni bu, gələcəyə hesablanmış, uzunmüddətli layihədə Azərbaycan həm hasilatda, həm də infrastrukturda özünün gələcəyini göstərəcək”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib ki, "Cənub Qaz Dəhlizi” koridoru ilə bağlı ilk məşvərət yığıncağının Bakıda keçirilməsi və layihənin reallaşması birmənalı şəkildə ölkə başçısının siyasi iradəsindən xəbər verir: "Azərbaycan "Cənub Qaz Dəhlizi”nin reallaşması ilə bağlı kifayət qədər önəmli, xüsusən Avropa Birliyi üçün əhəmiyyətli siyasi iradə ortaya qoyub. Prezident həm ikitərəfli görüşlərdə, həm də məhz bu çıxışında kifayət qədər əhəmiyyətli məqamlara toxunub. Azərbaycanın yaxın gələcəkdə Avropa üçün mavi yanacağın idxalında yeganə alternativ olaraq vurğulanması ondan xəbər verir ki, ölkəmiz həqiqətən də Avropanın enerji asılılığının aradan qaldırılmasında yeganə alternativdir. Bu, o deməkdir ki, indi və yaxın gələcəkdə AB-nin enerji təhlükəsizliyinin təmin edilməsi birmənalı şəkildə Azərbaycandan asılıdır. Azərbaycan əslində həyata keçirdiyi enerji layihələri və xarici enerji siyasəti ilə bir daha təsdiq etdi ki, ölkənin iqtisadi siyasəti regional inteqrasiya və eləcə də Avropanın enerji təhlükəsizliyinin formalaşmasına xidmət edir”.

V.Bayramovun sözlərinə görə, enerji təhlükəsizliyi Avropa üçün siyasi və milli təhlükəsizlik kimi qiymətləndirilir: "Bu gün Qərbdə təhlükəsizlik dedikdə, ilk ağla gələn enerji təhlükəsizliyidir. Azərbaycan hazırda bunu təmin edən bir ölkədir. Bu baxımdan təbii ki, ölkə başçısının da qeyd etdiyi kimi, Azərbaycan praktik olaraq öz xarici enerji siyasəti və xüsusilə də AB ilə apardığı enerji əməkdaşlığı ilə bir daha bütövlükdə qitənin alternativinə çevrilib”.

İsmayıl