Xaricdə dəfn olunan tanınmışlarımızın məzarı vətənə köçürülməlidir

Nəsiman Yaqublu və Sabir Rüstəmxanlı bu məsələdə fərqli düşünürlər




Xaricdə dəfn olunan məşhur azərbaycanlıların məzarlarının ölkəmizə gətirilməsi məsələsi yenidən gündəmə gəlib. Tanınmış teleaparıcı, Əməkdar jurnalist Mirşahin Ağayev özünün feysbuk səhifəsində Azərbaycan xalqı qarşısında sanballı xidmətləri olan məşhur həmvətənlərimizin çoxunun məzarının hələ də qürbətdə qalmasından təəssüflə söz açıb:

"Azərbaycan Demokratik Respublikasının banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadə doğma vətəni Azərbaycanda yox, qardaş Türkiyə torpağında uyuyur. O həmişə arzulayırdı ki, vətəninə qayıtsın. Kommunist Azərbaycanında bu arzunun gerçəkləşməsi mümkün olmadı. İndi bütün maneələr aradan qalxıb. "Bir kərə yüksələn bayraq, bir daha enməz!” kəlamının müəllifini evə qaytarmaq lazımdır!”.

M.Ağayevin təklifini dəyərləndirən "Məhəmməd Əmin Rəsulzadə Mərkəzi”nin sədri, tarixçi-alim Nəsiman Yaqublu "Şərq”ə açıqlamasında həm M.Ə.Rəsulzadənin, həm də digər ziyalıların xaricdə olan məzarlarının Azərbaycana köçürülməsinin vacibliyindən danışıb: "Mənə elə gəlir ki, xaricdə olan tanınmış ziyalılarımızın məzarlarını Azərbaycana gətirmək lazımdır. Çünki bu, mənəvi məsələdir. Azərbaycan üçün böyük işlər görmüş, xidmətlər göstərmiş insanların müstəqil Azərbaycan torpağında uyumaq zamanı çoxdan gəlib çatıb”.

Mirşahin Ağayevin Rəsulzadənin məzarının Azərbaycana gətirilməsi ilə bağlı fikirlərini dəstəklədiyini vurğulayan N.Yaqublu bu məsələnin bir neçə dəfə tədqiqatçılar, ictimaiyyət nümayəndələri tərəfindən qaldırıldığını da xatırladıb: "Rəsulzadənin məzarının Azərbaycana köçürülməsinin təmin edilməsi üçün dövlət başçısına da, Bakı Şəhər İcra Hakimiyyətinin başçısına da müraciət eləmişik. Amma öncə onun statusu müəyyənləşdirilməli və sonra məzarı Azərbaycana gətirilməlidir. Yəni Rəsulzadənin məzarı adi bir şəxs kimi Azərbaycana gətirilməməlidir. Rəsulzadə Azərbaycan dövlətinin qurucusudur, ilk öncə ona 1918-20-ci illərdə ilk demokratik cümhuriyyətin yaradıcısı, qurucusu və banisi - bu status verilib, sonra Rəsulzadənin məzarı Azərbaycana gətirilməlidir”.

M.Ə.Rəsulzadənin nəvəsinin sağ olduğunu vurğulayan N.Yaqublunun sözlərinə görə, hüquqi varis kimi Rəis Rəsulzadədən icazənin alınması da zəruridir. Rəsulzadə irsinin tədqiqatçısı hesab edir ki, Rəsulzadənin məzarının harada olacağı məsələsi də öz həllini tapmalıdır: "Adı Azərbaycana köçürmək olsun deyə, Rəsulzadənin məzarını hər hansı bir yerdə qoymaq olmaz. Atatürk kimi Rəsulzadənin də məzarı anıt qəbri olmalıdır ki, xalqın onun məzarını ziyarət etmək imkanları geniş olsun. Bir sözlə, Rəsulzadənin məzarı ümumxalq ziyarət yerinə çevrilməlidir”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı isə tanınmış ziyalıların nəşinin Azərbaycana gətirilməsinin o qədər vacib olmadığını, əsas onların ruhunun qorunub saxlanılmalı olduğunu dedi: "Bu məsələyə bir az fərqli yanaşmaq lazımdır. Xatırladaq ki, məzarlar fərqli şəraitdə yerləşirlər. Məsələn, Türkiyədə olan məzarlar elə türk torpağındadır. Nəsiminin dəfn olunduğu Hələb də, Füzulinin dəfn olunduğu Kərbəla şəhəri də vaxtilə Azərbaycan-Türk dövlətlərinin sərhədləri içərisində olub. Hətta bizim sərhədlər içərisində olmasa da, Osmanlı İmperiyasının sərhədləri içərisində olub. İndi də Nəsiminin dəfn olunduğu Hələb şəhərində də, Füzulinin dəfn olunduğu Kərbəla şəhərində də türkmənlər yaşayırlar. Yəni onların öz doğma mühitidir. Orada bu şairlərin nəslindən olan insanlar da yaşayırlar. Bizim qürbət dediyimiz yerlər, vaxtilə onlar üçün qürbət olmayıb, onlar orada yaşayıb-yaradıblar. Tanınmış siyasi xadim Topçubaşov, Ceyhun bəy Hacıbəylinin məzarları Parisdə yerləşir. Onların bəzilərinin məzarları Fransanın şəhər qayda-qanununa uyğun olaraq məzar yeri kimi alınıb. Belə məzarlara kirayə haqqı verirlər. Günün birində verilən pul kəsiləndə məzar baxımsızlıqdan dağılıb gedir. Yenə də hesab edirəm ki, məzar köçürmək şərt deyil. Əsas şərt məzarlar orada qalsa da, abadlaşdırılıb baxılsın, amma o adamların məzarları əvəzində burada elə abidələr qoyulsun ki, həmin məzarları əvəz etmiş olsun. İnsan torpaqdan yaranıb, torpağa gedir.

Dünyanın hər yeri torpaqdır. İnsanın harada torpağa qarışmasının fərqi yoxdur. Amma onun ruhunun qorunması üçün abidəsi ucaldılmalıdır. Məsələn, Nəriman Nərimanovun cismi Moskvada Kremlin divarları yanında dəfn olunub. Sabah Leninin nəşi oradan çıxarılsa, həmin məzarlar da onunla birlikdə söküləcək. Belə hallarda həmin məzarlar ölkəmizə - Azərbaycana köçürülməlidir. Hətta gətirilməsə də, onun Bakının gözəl yerində heykəli var, mənim aləmimdə həmin heykəl onun ruhunu da yaşadır, xatırladır. Bəzi ölkələr var ki, insan öləndən sonra onun nəşi yandırılıb, külü havaya sovrulur. Heç onunla da heç nə dəyişmir. Əsas həmin insanın əməlləri yaddaşda qalmalı, xatirəsi qorunub saxlanılmalıdır.”

Şəymən