Harda gəldi maşını saxlamaq doğru deyil

Bakıda taksilər üçün xüsusi dayanacaqlar yaradılır


Bakıda taksilər üçün xüsusi dayanacaqların yaradılması işinə başlanıb. Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev məlumat verib. Onun sözlərinə görə, belə dayanacaqların yoxluğu şəhərdəki tıxacların yaranmasına səbəb olur.

M.Ağayev bildirib ki, agentlik əməkdaşları Bakıda taksi dayanacaqlarının fəaliyyət göstərməsi üçün yerlərin müəyyənləşdirilməsinə başlayıb: "Adətən taksi sürücüləri əhalinin gur olduğu ticarət mərkəzləri və digər obyektlərin qarşısında dayanmaq istəyirlər ki, müştəriləri rahatlıqla cəlb edə bilsinlər. Amma bu proses şəhərdə tıxacların yaranmasına səbəb olur. Bunun üçün xüsusi taksi dayanacaqları müəyyənləşdiririk. Dayanacaqlar şəhərdən kənarda olmamalı, digər tərəfdən isə hərəkətə maneçilik yaratmamalıdır. Artıq bununla bağlı bir neçə yer müəyyən edilib. Yaxın vaxtlarda taksilər həmin dayanacaqlara cəlb ediləcək. Bu dayanacaqlardan kənarda taksilərin fəaliyyəti qanunsuz hesab ediləcək”.

"Digesta” hüquq firmasının direktoru Ərşad Hüseynov "Şərq”ə açıqlamasında taksilərin də ictimai nəqliyyatın bir növü olduğunu deyib. Onun sözlərinə görə, belə dayanacaqların yaradılması ölkəmiz üçün olduqca vacibdir: "Yol hərəkəti qaydalarında da göstərilir ki, sürücülər sərnişinləri mindirmək və ya düşürmək üçün onlara ayrılmış xüsusi dayanacaqdan istifadə etməlidi. Taksilərə aid xüsusi dayanacaqlar olmadığı üçün onlar harda gəldi maşını saxlayırlar. Bu isə yol hərəkəti qaydasının pozulması deməkdi. Taksilər ya hərəkətdə olmalıdı, ya da öz dayanacaqlarında dayanmalıdı. Həmin dayanacaqların taksilərə aid olduğunu bildirmək üçün xüsusi nişanları olmalıdı. Sovet dövründə belə dayanacaqlar var idi. Sonradan bir sıra bərpa işləri getdiyindən çox hissəsi ləğv olundu. İndi isə həmin dayanacaqlardan cəmi 1-2 dənəsi qalıb. Bakı Nəqliyyat Agentliyi əvvəllər mövcud olmuş dayancaqları yenidən bərpa etməyə başlayıb. Düşünürəm ki, bu, diqqətli bir addımdır. Taksilər də ictimai nəqliyyatın bir növüdür. Onlara məxsus xüsusi dayanacaqlar olmalıdır ki, şəhərin ümumi nəqliyyat axınında heç bir maneçilik törədilməsin”.

Yeganə Bayramova