Ola bilsin Kılıçdaroğluna etiraz etmək istəyib

“Amma istənilən halda Baykalın HDP-çilərlə bir yerdə zalı tərk etməsi fərqli proqnozlara yol açır”



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Böyük Millət Məclisində olub. Prezident TBMM-nin açılışında çıxışı zamanı bir sıra mühüm məsələlərə toxunub. Amma maraqlıdır ki, ölkə mediası Prezidentin təmas etdiyi mövzulardan daha çox, onun çıxışı zamanı yaşanan proseslərə diqqət çəkiblər.

Belə ki, Ərdoğan Məclisdə çıxışa başlayarkən AKP, CHP və MHP millət vəkilləri ayağa qalxıblar. Üç partiyanın dövlət başçısına hörmət əlaməti olaraq ayağa qalxmasına baxmayaraq, HDP-çi kürd deputatlar ayağa qalxmayıb. Bununla kifayətlənməyən HDP-çi millət vəkilləri salonu tərk ediblər. Ancaq ən maraqlısı odur ki, salonu tərk edən vəkillər arasında CHP-nin keçmiş sədri, Antalyadan deputat seçilən Dəniz Baykal da olub. Parlamentdə yaşanan hadisə Türkiyə ictimaiyyətində geniş müzakirələrə yol açıb. Bu barədə "Şərq”ə danışan "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, HDP-li vəkillərin Ərdoğan üçün ayağa qalxmaması başadüşüləndir. Onlardan fərqli hərəkət gözləməyə də dəyməz. Çünki siyasi kürdlər Türkiyənin rəsmi orqanlarına, dövlət başçılarına barmaqarası baxırlar: "HDP-çilər ölkəni qana boyayan PKK-nı terrorçu təşkilat kimi tanımır və Türkiyənin ərazi bütövlüyünə qərəzli yanaşırlar. Onlar hər məqamda bu cür aşağılayıcı üsullardan istifadə edərək etirazlarını dilə gətirirlər. Amma bunlar o qədər əhəmiyyət kəsb etmir. Türkiyə öz problemlərini HDP-siz də həll etməyə qadir ölkədir. Lakin CHP-nin keçmiş sədri Dəniz Baykalın PKK-nın siyasi qanadına qoşularaq zalı tərk etməsi çox təəccüb doğuran hadisədir. Ərdoğan bütün siyasi qüvvələr tərəfindən qəbul olunmuş qanuni Prezidentdir. İqtidarla siyasi mübarizə aparan müxalifət nümayəndələri belə Prezidentə "sayın” deyə müraciət edirlər və rəhbər məqamına hörmətsizlik etməməyə çalışırlar”.

Politoloq bildirib ki, Dəniz Baykalın başına gətirilən "kaset” olayı Fətullah Gülən şəbəkəsi tərəfindən hazırlanıb: "Ərdoğan həmin şəbəkəyə qarşı mübarizə aparır. Parlamentin açılışında da Prezident FETÖ-nün qanunsuz hərəkətlərindən və ona qarşı aparılan mübarizədən danışırdı. Ona görə də normal halda Dəniz Baykal Ərdoğana dəstək verməli idi. Amma biz fərqli yanaşmanı müşahidə etdik. Ola bilsin, Baykal partiya sədri Kamal Kılıçdaroğluna etiraz etmək istəyib və ona bu tərzdə mesaj verib. Amma istənilən halda Baykalın HDP-çilərlə bir yerdə zalı tərk etməsi fərqli proqnozlara yol açır. Məncə, Dəniz Baykalın addımı səhv idi”.

İsmayıl