İdarə müdiri yol qəzasında öldü

Qəzənfər Ağayev idarəetməni itirərək yoldan çıxıb və avtomobil dərəyə yuvarlanıb



Sabirabad rayonunda baş verən avtomobil qəzasında "İmişli elektrik quraşdırma” MMC-nin müdiri dünyasını dəyişib. APA-nın məlumatına görə, hadisə dünən saat 12.00 radələrində Qazıməmməd-Bəhrəmtəpə yolunun 36-cı kilometrliyində qeydə alınıb.

İmişli rayonunun Cəfərli kənd sakini, 1958-ci il təvəllüdlü Ağayev Qəzənfər Vəli oğlu idarə etdiyi "Hyundai-Sonata” markalı 10 HO 155 dövlət nömrə nişanlı avtomobili idarə edərkən idarəetməni itirərək yoldan çıxıb və avtomobil dərəyə yuvarlanıb. Nəticədə sürücü Q.Ağayev hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq idarəsində araşdırma aparılır.