Milli Məclisin Təhlükəsizlik və müdafiə Komitəsinin srağagünkü iclasında "Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” qanuna dəyişikliklər müzakirə edilib. Sözügedən komitənin sədri Ziyafət Əsgərov bildirib ki, "Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” qanun 1997-ci ilin may ayında qəbul olunub və bu günə qədər müxtəlif səbəblərdən sənədə 17 dəyişiklik edilib.
Onun sözlərinə görə, yeni dəyişiklik hərbi qulluqçuların həyat və səhhət sığortası ilə bağlıdır. Əsgərov vurğulayıb ki, əgər əvvəllər əlilliyə, yaralanmaya, kontuziyaya görə müəyyən olunan sığorta məbləğləri hansısa icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada verilirdisə, indi artıq qanunun özü bunu müəyyənləşdirəcək. Komitə tərəfindən yeni bir qanunun hazırlanmaqda olduğunu vurğulayan sədr qeyd edib ki, həmin sənəddə hərbi qulluqçuların ailələrinin də sığortası nəzərdə tutulur.
Qanunlarda boşluq olduğunu vurğulayan hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, həmin boşluqlar aradan qaldırılmayınca heç bir dəyişikliyin əhəmiyyəti yoxdur: "Dağlıq Qarabağ münaqişəsində biz xeyli sayda yaxınlarımızı, doğmalarımızı itirmişik. Hansılar ki, bu gün ya itkin, ya da məhkəmə qərarı ilə ölmüş hesab olunur. Onların heç birinin valideynləri, ailələri qanunla müəyyən olunmuş sığortadan yararlana bilmirlər. "Azərsığorta” onlara qarşı süründürməçilik siyasəti həyata keçirir. Bir neçə hərbi qulluqçunun məsələsi Ali Məhkəməyə qədər gedib çıxıb. İndi isə Ali Məhkəmə məsələyə birdəfəlik son qoymaq üçün işi Konstitusiya Məhkəməsinə göndərib. Məndə olan məlumata görə, müharibədə yaxınlarını itirən xeyli sayda vətəndaşa bu yaxınlarda vəd verilib ki, işə oktyabr ayının 26-da baxılacaq. Çox təəssüflər olsun ki, bu təşəbbüs də maliyyə naziri Samir Şərifov tərəfindən irəli sürülüb. Məgər, vətənin müdafiəsi uğrunda canını vermiş insanların ailələrinə 11000 manat sığorta, hansı ki, buna el arasında "qan pulu” deyirlər ödəməklə, Azərbaycan dövləti kasıblayacaq? Bu heç də düzgün yanaşma deyil. Ancaq dövlət bu yanlışlığı düzəltmək əvəzinə, həmin pulu verməmək üçün müxtəlif bəhanələr axtarır. Bizim günahımız deyil ki, 1992-94-cü illərdə döyüşmüşük, qanun isə sonradan qəbul olunub. Təbii ki, o vaxt müharibəyə gedənlərin heç biri sığorta və ya güzəşt haqqında düşünmürdü, onlar sadəcə vətən üçün döyüşürdülər. Ancaq hər halda dövlət meyiti belə ələ gəlməyən həmin döyüşçülərin ailələrinə həmin sığortanı ödəməlidir”.
Hərbi qulluqçuların ailələrinin də sığorta olunması ilə bağlı yeni bir qanun hazırlanması ilə bağlı açıqlamasına gəldikdə isə hərbiçi-ekspert qeyd edib ki, mövcud qanunlar işləsin, yeni qanun hazırlanmasa da olar: "Sözün açığı, bizim məmurların avazı yaxşı gəlir, oxuduqları quran olsa. Bizə onların əlavə qanunlar qəbul etməsi lazım deyil. Azərbaycanda mövcud olan qanunlar normal işləsin, bəsimizdir. Mənə elə gəlir ki, hər bir hərbiçi və şəhid ailəsinin də dövlətdən istədiyi yalnız qanunlara riayət edilməsidir. Bizim ən böyük bəlamız ondadır ki, qanunlarımız doğru işləmir. Bu isə sonda məmurların öz vəzifəsindən sui-istifadəsinə gətirib çıxarır. Son nəticədə isə vətəndaşlar dövlətdən incik düşür. Yenə qayıdıram, əvvəlki məsələnin üstünə. Mən başa düşə bilmirəm ki, "Azərsığorta” niyə hərbiçilərin sığortasını ödəmək istəmir? Axı burada onun nə marağı ola bilər? Bir halda ki, onların hər birinə sığorta ödənməsi qanunla tənzimlənir. Qanunla mən hərbi xidmətə çağrılan gündən dövlət mənim həyatımı sığortalayır. Əgər xidmət zamanı mən xəsarət alsam, yaxud da həlak olsam, dövlət həmin vəsaiti ailəmə ödəməlidir. İndi Ziyafət Əsgərov deyir ki, gələcəkdə hərbi qulluqçuların ailələri də sığortalanacaq. Ancaq buna heç bir ehtiyac görmürəm. Şəxsən mən onun tərəfdarıyam ki, tək ailə başçısı olan gənclər hərbi xidmətə çağrılan zaman dövlət onların ailələrini maddi yardımla təmin etsin. Yaxşı olar ki, hörmətli millət vəkilləri bu barədə də düşünsünlər. Qanun qəbul etməklə iş bitmir ki! Onsuz da ki, bu gün onların qəbul etdikləri qanun bürokratik əngəllər yaradan məmurlar tərəfindən yerinə yetirilməyəcək”.