Astarada insanlığa sığmayan cinayət hadisəsi törədilib. Narkotik vasitələrin aludəçisi olan kişi, həyat yoldaşının əl-qolunu bağlayaraq ona ağla gəlməyən işgəncələr verib.
Ərlə-arvad arasında son mübahisə isə üzük üstündə baş verib.
Gün.Az-ın bölgə müxbiri xəbər verir ki, tükürpədici hadisə Astara rayonunun Kələdəhnə kəndində qeydə alınıb. Evin gəlini, zərərçəkən, 28 yaşlı Nisə Xəlilova 9 ilə yaxındır Artupa kəndindən, Kələdəhnə kəndinə Mehdiyevlər ailəsinə gəlin köçüb.
Ömrünün son 3 ilini isə o işgəncələr içində keçirib. Həyat yoldaşı 33 yaşlı Çingiz Mehdiyevin ona verdiyi işgəncələrə dözməyən Nisə Xəlilova 9 ay bundan öncə ata evinə qayıdıb. Çingiz Mehdiyev ailələrinin dağıtmamaq bəhanəsi ilə onu geri qaytara bilib.
Lakin Nisəni evə gətirən Çingiz, onun əl-qolunu bağlayaraq başını qırxır, qulaqlarını bıçaqla kəsir, bədənin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirir. Sonuncu işgəncə faktının baş verməsinə səbəb isə Çingizin qumarda Nisə Xəlilovaya məxsus üzüyü uduzması olub. Çingiz evdə olan qızıl üzüyü apararkən Nisə buna müdaxilə edib.
Verilən işgəncələr dözməyən iki uşaq anası Nisə Xəlilova var gücü ilə bağlandığı otaqda qışqırmağa başlayır. Səsə ilk xəbər tutan isə qonşular olur. Qonşular qızın atası Telman Xəlilova zəng edərək onu hadisədən xəbərdar ediblər.
Atası gəldikdən sonra ciddi xəsarət alan qızını Astara rayon mərkəzi xəstəxanasına çatdırıb. Hazırda N.Xəlilovanın vəziyyəti ağırdır.
Nisə Xəlilovaya işgəncə verməkdə təqsirləndirilən həyat yoldaşı Çingiz Mehdiyev istintaqa verdiyi ilkin ifadəsində arvadını ona xəyanət etməkdə təqsirləndirir. Nisə Xəlilovanın yaxınları isə deyilənləri təkzib edir, bunu Çingiz Mehdiyevin özünümüdafiə kimi qiymətləndirirlər.
Qeyd edək ki, hadisəni törədən Çingiz Mehdiyev narkotik vasitələrin aludəçisidir. Faktla bağlı Astara rayon polis şöbəsində və rayon prokurorluğunda araşdırmalara başlanıb.