"Cənubi Qafqaz layihəsinin həyata keçirilməsi Rusiyadan asılılığa son qoyulması siyasətinin başlanğıcı və Azərbaycan kimi yeni tərəfdaşların qazanılması mənasına gələcək. Azərbaycan Avropa bazarında Rusiyanın birbaşa rəqibi deyil, lakin avropalı istehlakçılar üçün pozitiv alternativə çevrilməkdədir”.
Bu sözləri ABŞ-dakı Vudro Vilson adına Beynəlxalq Elmi Mərkəzin müşaviri Aleksandros Petersen deyib. O bildirib ki, layihə Avropanın enerji təhlükəsizliyi üçün xüsusi önəmə sahibdir: "Əgər Mərkəzi və Şərqi Avropanın Rusiya qazından asılılığı nəzərə alınarsa, enerji təchizatının diversifikasiyasının zəruri olduğu anlaşılar. Azərbaycan Avropa bazarlarına qazın çatdırılması üçün ən yaxşı variantdır”.
Regional münaqişələrin layihənin həyata keçirilməsinə əngəl törədə biləcəyi ehtimalına toxunan Petersen Dağlıq Qarabağ münaqişəsinin həll olunmadığı təqdirdə belə bir təhlükənin olduğunu vurğulayıb: "ABŞ və Avropa Dağlıq Qarabağ münaqişəsinin həllinə daha çox diqqət göstərməlidir. Ermənistan layihənin reallaşmasında pozitiv rol oynaya bilərdi, lakin nə qədər ki, münaqişə həll olunmamış qalır, Rusiya Ermənistan üzərində böyük təsirə malik olacaq və Ermənistan həmişə bu cür layihələrdən kənarda qalacaq”.
Siyasi ekspert Elşən Manafov deyir ki, ABŞ və Avropa Cənubi Qafqaz bölgəsindəki münaqişələrin tez və optimal həllində maraqlıdır. Çünki bu münaqişələr qaldıqca, Rusiyanın bölgəyə təsir imkanları kifayət qədər yüksək olacaq: "Amma ABŞ və Avropa Birliyinin Rusiyaya hansı formada təzyiq edəcəyi məsələsi ciddi suallar doğuran amildir. Rusiya son illərdə, xüsusilə də Putinin hakimiyyəti dövründə beynəlxalq aləmdə əldən vermiş olduğu mövqeləri yavaş-yavaş geri qaytarmaqdadır. Təbii ki, bu, heç də Rusiyanın inkişafından irəli gələn məsələ deyil. Sadəcə olaraq, Putin Rusiyanın nəhəng enerji resurslarını Avropa Birliyinə satmaqla bundan əldə etdiyi milyardlar hesabına dövlətin əvvəlki iqtisadi və maddi imkanlarını artırıb. Elə bu səbəbdən Avropa Beynəlxalq Təhlükəsizlik Məsələləri Konfransında Putin dedi ki, "cənablar, artıq Rusiya ilə hesablaşmaq lazımdır. Çünki Rusiya beynəlxalq münasibətlər sisteminə qayıdır”.
Politoloqun fikrincə, 2008-ci ildə Rusiya-Gürcüstan arasında yaşanan münaqişə də göstərdi ki, Avropa Birliyi və ABŞ Rusiya ilə Cənubi Qafqaz uğrunda həlledici mübarizəyə hazır deyil: "Gürcüstana göstərilən yardımlar gürcülərlə diplomatik əlaqələrdən o tərəfə keçmədi. Halbuki, rus tankları Tbilisinin 42 kilometrliyinə qədər gəlib çatmışdı. Eyni zamanda Suriya probleminin qərbin maraqları kontekstindən çözülməməsi, Rusiyanın İran və Çinlə bu məsələdə dirəniş göstərməsi də Rusiya ilə hesablaşmanı labüd edir. Hər halda gördük ki, Putinin təklifləri ABŞ-ın Suriyaya hərbi müdaxiləsinin qarşısını aldı”.
E.Manafov hesab edir ki, qərbin Rusiyaya təzyiqləri sadəcə, iqtisadi maneə kontekstində ola bilər: "İran kimi Rusiyaya da iqtisadi sanksiyalar tətbiq etsələr və Rusiyanın bank-maliyyə sistemini hədəfə alsalar, bu hardasa Rusiya iqtisadiyyatının yaxın perspektivdə zəifləməsinə şərait yarada bilər. Amma Rusiyanın da alternativ imkanları var. Qərb çox gözəl başa düşür ki, onların enerji təhlükəsizliyində Rusiya faktoru 35 faizdir. Qərb nə qədər Azərbaycan, Türkmənistan və Qazaxıstan kimi dövlətləri alternativ kəmərlərlə bu məsələyə cəlb etməyə çalışsa da, Rusiyadan asılılığı yaxın perspektivdə aradan qaldırmaq mümkün olmayacaq. Çünki Rusiya 10 il bundan qabaqkı ölkə deyil. Son zamanlar Rusiyanın iqtisadiyyatı ilə yanaşı, ordu sistemi də xeyli güclənib. Etiraf edək ki, Rusiya ordusu qərblə qarşıdurmaya hazır şəkildədir. Ermənistan və Ukraynanın Gömrük İttifaqına qoşulmasını da Rusiyanın uğuru hesab etmək olar. Şübhəsiz ki, bu addımlar qərbi narahat edir. Ancaq ABŞ və Avropanın hansı vasitələrlə Rusiyaya təzyiq edəcəyi bəlli deyil. Neçə ildir qərb dövlətləri İrana sanksiyalar tətbiq edir. Amma gördüyünüz kimi bu, o qədər də effektli olmur. Ona görə də indiki vaxtda Rusiyaya qarşı sanksiyalar təsəvvürə gəlməz fəlakətin və ya problemlərin yaranmasına səbəb ola bilər”.
Politoloqa görə, Rusiya və Çin arasında ABŞ-ın yeni dünya nizamı layihəsinə münasibətdə yekdil mövqe var: "Rusiyaya endirilə biləcək hər hansı bir zərbəni Çin ona qarşı edilmiş hərəkət olaraq görəcək ki, bu da anlaşılandır. Çin yaxşı başa düşür ki, Suriya vurulacağı təqdirdə neftin qiyməti bahalaşacaq. Bu, Çinə sərf etmir, çünki Çin dünya bazarındakı neftin təxminən 20 faizini idxal edən dövlətdir. Deməli, bütün bunlar Çin iqtisadiyyatına hesablanmış bir zərbədir”.
Siyasi ekspertin fikrincə, Azərbaycan üçün əlverişli imkan odur ki, Rusiya Azərbaycana enerji resursları baxımından ciddi təzyiq göstərə bilmir: "Azərbaycan özünün enerji təhlükəsizliyini və hardasa ərzaq təhlükəsizliyini öz imkanları çərçivəsində həll edə biləcək bir dövlətdir. Güman edirəm, Cənubi Qafqaz uğrunda həlledici mübarizə hələ xeyli qarşıdadır. Çünki Rusiyanın nə zamansa çökməsi ehtimalı hələ ki özünü doğrultmur. Eyni zamanda ABŞ və Avropa Birliyi hər məsələdə yekdil qərar vermirlər. İngiltərə, Almaniya və Fransa kimi hegemon dövlətlər Suriyaya müdaxilə məsələsində ABŞ-ı dəstəkləmədilər. İki tərəf arasında müəyyən çat yaranıb. Rusiya da bundan istifadə edir”.