Bu il sentyabrın 23-25-də Paris şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində 2010-2013-cü illərdə həyata keçirilmiş tədbirləri dəyərləndirən hesabat qəbul edilib. Hesabatda Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən siyasət ümumən təqdirəlayiq hesab edilib və bu sahədə əldə edilən nailiyyətlər vurğulanıb. Dəyərləndirmə Azərbaycanda antikorrupsiya siyasəti, antikorrupsiya qanunvericiliyi və korrupsiyanın qarşısının alınması istiqamətləri üzrə həyata keçirilib.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq etdiyi Açıq Hökumətin təşviq edilməsinə dair və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planları, Prezidentin təşəbbüsü ilə yaradılan və artıq uğurla vətəndaşlara xidmət göstərən "ASAN - Xidmət” Mərkəzlərinin fəaliyyəti və elektron xidmətlərin əhatəsinin genişlənməsi ilə bağlı imzaladığı fərman və sərəncamlar bu sahədə ölkə rəhbərliyinin möhkəm siyasi iradəsi kimi göstərilir. Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunvericiliyin bütün beynəlxalq tələblərə cavab verməsi xüsusilə vurğulanır və bu sahədə təşkilat tərəfindən əvvəl müəyyən edilmiş bütün tövsiyələrin tam icra edildiyi bildirilir.
Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin fəaliyyətinin təmin edilməsi üzrə tədbirlər, onun modeli və ona xüsusi olaraq korrupsiya cinayətləri üzrə əməliyyat-axtarış fəaliyyəti səlahiyyətinin verilməsi mütərəqqi təcrübə kimi göstərilir.
Şəffaflığın təmin edilməsi ilə bağlı Dövlət Neft Fondunun Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə (EITI) aktiv iştirakı xüsusilə qeyd edilir. Korrupsiyaya qarşı mübarizə tədbirlərinin hazırlanması, icrası və monitorinqinə vətəndaş cəmiyyəti üzvlərinin cəlb edilməsi və bu əməkdaşlığın daha da möhkəmlənməsini nəzərdə tutan "Vətəndaş İştirakçılığı haqqında” qanun layihəsinin parlamentdə iki oxunuşdan keçməsi müsbət hal kimi qeyd edilir.
Hesabatda, həmçinin müxtəlif sahələr üzrə tövsiyələr də müəyyən edilib. Bu tövsiyələr korrupsiyaya qarşı mübarizə və idarəçilik sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya qarşı mübarizə ilə bağlı dərin araşdırma və sorğuların aparılması və sair məsələləri əhatə edir.
OECD-nin Baş Qərargahında keçirilən İclasda OECD-nin rəhbər heyəti ilə yanaşı, OECD üzv ölkələrinin və ATƏT, Avropa Şurası, Dünya Bankı və digər nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Bundan əlavə, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya bildirir ki, bu il iyulun 9-da "Transparency İnternational” təşkilatının açıqladığı "2013-cü il Qlobal Korrupsiya Barometri” hesabatı da Azərbaycanda Korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olmasını təsdiq edib. Belə ki, hesabata əsasən demək olar ki, ölkəmizdə bütün sahələrdə korrupsiyanın səviyyəsi azalmışdır. Azərbaycanda respondentlərin 73 faizi hesab edir ki, ölkədə korrupsiyanın səviyyəsi artmayıb. 68 faiz respondent isə hesab edir ki, Azərbaycanda dövlət tərəfindən həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri səmərəlidir. Bu isə hesabatda qeyd edilən dünya ölkələri üzrə müəyyən edilmiş 22 faiz orta göstəricisindən 3 dəfə artıqdır. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində tədbirlər davam etdiriləcək və ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Azərbaycanda korrupsiyaya qarşı mübarizənin səmərəli aparıldığına bir sübut da baş prokuror Zakir Qaralovun son günlərdə yazdığı məqalədir. "Azərbaycan” qəzetində "Azərbaycan prokurorluğunun inkişafının müasir mərhələsi” adlı məqalə ilə çıxış edən Z.Qaralov rəhbərlik etdiyi qurumun korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər və həmçinin korrupsiya ilə bağlı geniş məlumat verib. Baş prokuror bildirib ki, korrupsiyaya qarşı mübarizə prokurorluğun fəaliyyətinin ən vacib və önəmli istiqamətini təşkil edib: "Məlum olduğu kimi, korrupsiyaya qarşı daha effektli əks təsirin həyata keçirilməsi həmin istiqamətdə görülən tədbirlərin kompleks xarakterli, ardıcıl və hərtərəfli olmasını, dövlət idarə və müəssisələrinin fəaliyyətində aşkarlığın və şəffaflığın artırılmasını, görülən işlər və əldə edilən nəticələr barədə ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılmasını, əhaliyə göstərilən xidmətlərin elektron vasitələrlə həyata keçirilməsinin təşkilini, xidmətlərin göstərilməsi prosedurunun sadələşdirilməsini, vətəndaşların elektron vasitələrlə informasiya almaq imkanlarının genişləndirilməsini, neqativ hallarla mübarizədə ictimaiyyətin köməyindən daha geniş istifadə edilməsini, cəmiyyətdə korrupsiyaya qarşı dözümsüzlüyün möhkəmləndirilməsini şərtləndirir. Qeyd olunan amillər nəzərə alınmaqla respublikamızda korrupsiyaya qarşı əks-təsirin gücləndirilməsi istiqamətində son dövrlər həyata keçirilən daha ardıcıl və müfəssəl tədbirlər, hərtərəfli hazırlanan təşkilati, institusional və hüquqi islahatlar bu bəlanın aradan qaldırılması sahəsində ciddi uğurların əldə edilməsinə zəmin yaradıb.
Korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan olan Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Komissiyası ilə yanaşı, 2005-ci ildən fəaliyyətə başlamış Korrupsiyaya qarşı Mübarizə İdarəsi hər növbəti ildə əvvəlki ilə nisbətən daha səmərəli fəaliyyət göstərməklə qurumun səlahiyyətlərinə aid edilən vəzifə və funksiyaların yerinə yetirilməsində, korrupsiyaya qarşı mübarizənin həyata keçirilməsində, korrupsiya ilə bağlı cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsində ildən-ilə daha uğurlu nəticələr əldə edib. Belə ki, idarə tərəfindən 2005-ci ildə 35 şəxs barəsində 12 cinayət işinin, 2006-cı ildə 79 şəxs barəsində 39 cinayət işinin, 2007-ci ildə 69 şəxs barəsində 41 cinayət işinin, 2008-ci ildə 121 şəxs barəsində 70 cinayət işinin, 2009-cu ildə 176 şəxs barəsində 103 cinayət işinin, 2010-cu ildə 188 şəxs barəsində 104 cinayət işinin, 2011-ci ildə 229 şəxs barəsində 142 cinayət işinin, 2012-ci ildə isə 298 şəxs barəsində 170 cinayət işinin (cəmi 8 ildə 1195 şəxs barəsində 681 cinayət işinin) istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib. 2013-cü ilin doqquz ayı ərzində Korrupsiyaya qarşı Mübarizə İdarəsində 322 cinayət işinin ibtidai araşdırması həyata keçirilmiş, 250 şəxs barəsində 137 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəməyə göndərilmiş bütün işlər mahiyyəti üzrə baxılaraq ittiham hökmləri çıxarılmışdır. İstintaqı başa çatdırılmış cinayət işləri üzrə 3 milyon 358 min manat dəyərində əmlak üzərinə həbs qoyulması, istintaqı aparılmış və hazırda icraatda olan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 14 milyon 422 min manat ziyanın ödənilməsi təmin edilmişdir. İdarəyə respublikanın hüquq-mühafizə orqanlarında korrupsiya faktları ilə bağlı daxil olmuş 46 materialdan 34-ü üzrə cinayət işi başlanaraq istintaq aparılır. Bu əvvəlki illərdə olduğundan xeyli çoxdur. Belə ki, hüquq-mühafizə orqanlarından 2010-cu ildə daxil olmuş 14 materialdan 13-ü üzrə, 2011-ci ildə daxil olmuş 22 materialdan 19-u üzrə, 2012-ci ildə daxil olmuş 29 materialdan 27-si üzrə cinayət işi başlanıb istintaq edilib.
Məhkəməyə göndərilmiş cinayət işləri əsasən rüşvət vermə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, mənimsəmə və israfetmə, vəzifə saxtakarlığı, səhlənkarlıq, özgə əmlakını talama, dələduzluq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və hədə-qorxu ilə tələb etmə faktları ilə əlaqədar olub.
Korrupsiyaya qarşı Mübarizə İdarəsinin tərkibində 2011-ci ildən başlayaraq əməliyyat qurumlarının fəaliyyət göstərməsi korrupsiya ilə əlaqədar olan latent cinayətkarlığın aşkar edilməsində mühüm rol oynayaraq əsasən gizli xarakter daşıyan rüşvətxorluq cinayətlərinin müəyyən edilməsi işinin xeyli dərəcədə gücləndirilməsinə şərait yaratmışdır. Hazırlanan cinayətlər barədə daxil olmuş müraciətlər üzrə yüksək peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində təkcə 2013-cü ilin doqquz ayı ərzində korrupsiya cinayətləri törətmiş 31 şəxs cinayət başında yaxalanmaqla barələrində 23 cinayət işi başlanaraq istintaq edilib”.
Bu Z.Qaralovun məqaləsindən çıxarılmış kiçik bir hissədir. Göstərilənlər onu sübut edir ki, Azərbaycanda korrupsiya hallarının aradan qaldırılması üçün yetərli addımlar atılıb və işlər görülməkdədir.
OECD-nin hesabatı və "Transparency İnternational” təşkilatının "2013-cü il Qlobal Korrupsiya Barometri” hesabatı Azərbaycanda korrupsiya ilə mübarizənin kifayət qədər səmərəli mübarizə mexanizminin formalaşdırıldığını təsdiq edir. Bir daha sübut olunur ki, Azərbaycan iqtidarı ölkədə korrupsiyanın qarşısının alınması, onun səviyyəsinin əsaslı şəkildə aşağı salınması üçün ortaya ciddi siyasi iradə qoyub. Korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericilik təkmilləşdirilir, müvafiq proqramlar təsdiq olunur və uğurla həyata keçirilir, korrupsiya və rüşvətxorluğun qarşısını alacaq yeni mexanizmlər işə salınır. Buna misal olaraq ASAN Xidmət, elektron hökumət və s. göstərmək olar. Sistem xarakterli tədbirlər, institusional islahatlar, cəza tədbirləri və s. bir daha təsdiq edir ki, bu gün Azərbaycanda korrupsiya və digər neqativ hallara qarşı əsaslı mübarizə aparılır və cəmiyyət, beynəlxalq aləm real nəticələri artıq hiss etməkdədir. Yalnız dağıdıcı müxalifət, onun formalaşdırdığı "Milli Şura” adlanan qurum tam inkarçılıq mövqeyi tutaraq bunun əksini iddia etməyə çalışır. "Milli Şura”da təmsil olunan müxalifət özünün siyasi iddialarına uyğun olaraq hakimiyyəti qaralamaq üçün nə uydurmaq mümkündürsə, onu da dilinə gətirir, hansı qaranlıq mənbəyə istinad etmək mümkündürsə, ora da baş vurur. Ona görə də korrupsiya ilə bağlı fantastik rəqəmlər səsləndirir, heç kimin tanımadığı mənbələrin qondarma "araşdırmalarını” əlində bayraq edir. Cəmiyyət korrupsiya, rüşvətxorluq və digər neqativ hallarla mübarizənin gücləndirildiyini, artıq ortada ciddi nəticələr olduğunu görür, bunu təqdir edir və dağıdıcı müxalifətin iddialarını rədd edir.