Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) nümayəndə heyəti İvanovo şəhərində bir sıra görüşlər keçirib, vacib tədbirlərin iştirakçısı olub. Nümayəndə heyəti tədbirlər proqramına xeyriyyə aksiyası ilə start verib. Trend-in məlumatına görə, İvanovo şəhərinin Qocalar Evinə gələn diaspor fəalları Beynəlxalq Qocalar Günü münasibətilə İvanovo veteranlarını təbrik edib, onlara hədiyyələr təqdim ediblər.
"Böyük Vətən Müharibəsində həlak olmuş qəhrəmanlar”ın abidəsi önünə əklil qoyduqdan sonra İvanovo şəhərinin Millətlər Evində Ümumrusiya Azərbaycan Konqresinin Rusiyanın Mərkəzi Federal Dairəsi üzrə nümayəndəliklərinin toplantısı keçirilib. ÜAK-ın Moskvadan gəlmiş nümayəndə heyəti, İvanovo vilayətinin əksər rayonlarının diaspor fəalları, adıçəkilən təşkilatın Kostroma, Smolensk, Vladimirdəki nümayəndəliklərinin rəhbərləri və aktivləri toplantının əsas kontingentini təşkil edib.
Tədbiri giriş sözü ilə açan nümayəndə heyətinin rəhbəri, Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev regiona olan səfərin baş məqsədi kimi qarşıdakı prezident seçkilərinin olduğunu vurğulayıb. ÜAK təmsilçisinin fikrincə, diaspor üzvləri vətəndaşlığından asılı olmayaraq, qarşıdakı məsuliyyətli siyasi hadisədə yaxından iştirak etməlidir. Çünki bu gün Azərbaycan diasporunun Rusiyada fəaliyyət göstərməsi, milli özünəməxsusluğunu qoruyub saxlaması və inkişaf etdirməsi üçün tam şərait var ki, bu da ilk növbədə Rusiya və Azərbaycan prezidentlərinin düzgün milli siyasəti nəticəsində mümkün olub.
Konqresin İvanovo vilayəti üzrə regional bölməsinin rəhbəri, İvanovo şəhər Dumasının deputatı Sərraf Məmmədov öz nitqində qeyd edib ki, ÜAK-ın Rusiyanın Mərkəzi Federal Dairəsi üzrə regional bölmələri qarşıdakı prezident seçkiləri ilə əlaqədar yekdil fikir formalaşdırıb. Diaspor fəalının fikrincə, regiondakı soydaşlarımız Azərbaycan Respublikasının prezidentlik kürsüsünə cənab İlham Əliyevi layiq bilir və onunla müqayisə ediləcək alternativ namizəd görmür. Bu fikri tədbirə digər regionlardan qatılmış diaspor rəhbərləri də təsdiqləyiblər. Diaspor fəallarının fikrincə, regionlarda bu vacib siyasi hadisə ilə bağlı "dəyirmi masa”lar təşkil edilib, toplantılar keçirilib.
İvanovo vilayətinə səfərin yekun tədbiri kimi nümayəndə heyəti İvanovo Dövlət Filarmoniyasında möhtəşəm konsert təşkil edib. Azərbaycan diasporunun mədəni kütləvi tədbirinə İvanovo şəhərinin meri Vyaçeslov Sverçkov, İvanovo Şəhər Dumasının deputatları, şəhərin və vilayətin müxtəlif instansiyalarının rəhbərləri də qatılıblar.
Tədbiri giriş sözü ilə açan İvanovo şəhərinin meri V.Sverçkov qeyd edib ki, Ümumrusiya Azərbaycan Konqresinin İvanovo şəhərində qarşıdakı mühüm siyasi hadisə ilə bağlı konsert təşkil etməsi bir daha İvanovodakı Azərbaycan diasporunun həm Rusiya, həm də Azərbaycanın həyatında yaxından iştirak etdiyini sübut edir.
Merin fikrincə, Azərbaycan diasporunun Azərbaycan Prezidentinin daxili və xarici siyasəti ilə həmrəy olmasının çox vacib əsasları var. "3 ildir ki, ardıcıl olaraq mən öz ezamiyyətimi Azərbaycanda keçirirəm və ildən-ilə Azərbaycanın çiçəkləndiyini, dəyişdiyini, qüdrətləndiyini öz gözümlə görürəm. Deməliyəm ki, təkcə Azərbaycanın paytaxtı Bakı şəhəri deyil, Şəki, Gəncə, Naftalan kimi şəhər və regionlarda da əsaslı inkişafın olduğunu görürəm. Azərbaycanın və Rusiyanın inkişafı yalnız bizim dostluq münasibətlərimizin inkişaf etməsinə müsbət təsir edə bilər”.
Tədbirin qeyri-rəsmi hissəsində Azərbaycandan gələn müğənnilər musiqi proqramı ilə çıxış ediblər.