"Qarabağ münaqişəsinin həllində Azərbaycan və Ermənistanın mövqeləri arasında müəyyən fərqlər var. Bizim mövqeyimiz danışıqlarda vasitəçilik etmək üçün mandatları olan ABŞ, Rusiya və Fransa kimi ölkələrin mövqeyinə tam uyğundur”.
Bunu Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun "sizcə, bu problemi necə həll edə bilərik” sualını cavablandırarkən deyib. Erməni nazirin sözlərinə görə, Azərbaycanın mövqeyindən fərqli olaraq, Ermənistan tərəfi münaqişəni 3 həmsədr ölkə tərəfindən irəli sürülmüş təkliflərə uyğun olaraq həll edilməsinə hazır olduğunu nümayiş etdirib: "Sizin (S.Seyidovun) burda səsləndirdiyiniz məsələ Azərbaycanın mövqeyidir və bu yanaşma beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmir”.
Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun rəhbəri, siyasi elmlər doktoru Elman Nəsirli erməni nazirin bəyanatını həyasızca söylənilmiş növbəti yalan adlandırıb: "Ermənilər hər vəchlə çalışırlar ki, həqiqətlərin üstünü örtərək beynəlxalq ictimaiyyəti aldatsınlar. Çünki bu, onların xislətidir. O qədər çox yalan danışırlar ki, axırda yalanlarına özləri də inanmağa başlayırlar. 1999-cu ildən 2012-ci ilin yanvar ayına qədər 46 dəfə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib və hər dəfə də nəticəsiz başa çatıb. Prezident İlham Əliyev də dəfələrlə qeyd edib ki, bir çox hallarda Ermənistan prezidenti ilə müəyyən məsələlərdə razılaşma əldə etsək də, növbəti görüşdə o, elə danışır ki, sanki keçən razılaşmadan xəbəri yoxdur. Ermənilərin praktikası vaxt uzatmaq, müddətsiz və nəticəsiz danışıqlar aparmaqdan ibarətdir. Status-kvonu maksimum qoruyub saxlamağa çalışan ermənilər hər fürsətdə yalan və ikiüzlü çıxış edərək ictimaiyyəti yanlış istiqamətə yönləndirməyə çalışırlar. Bu dəfə də onlar öz köhnə oyunlarını oynayır”.
Siyasi ekspertin sözlərinə görə, ermənilərin bu cür davranışı bumeranq effekti yaradaraq onların əksinə işləyir: "Artıq Ermənistana inanan dövlət demək olar ki, yoxdur. Haqsız olduqları üçün BMT TŞ-yə sədrlik iddiasından əl çəkərək sənədlərini götürüb sakitcə aradan çıxdılar. Cənab prezident İ.Əliyev bu günlərdə Bərdə şəhərində məcburi köçkünlərlə görüşərkən qeyd etdi ki, "Ermənistanda nə qədər ki, Sarkisyan rejimi hakimiyyətdədir, ölkə durmadan uçuruma gedəcək və 5-6 ildən sonra ölkədə bir milyon əhali qalacaq. Ermənistanda artıq "ağ genosid” başlayıb. Kütləvi şəkildə insanlar ölkədən qaçırlar. Ona görə də erməni nazirin hörmətli S.Seyidovun suallarına cavab verərkən belə manipulyasiya motivlərindən istifadə etməsini başa düşmək olar. Ermənilər Dağlıq Qarabağdan siyasi kart kimi istifadə edirlər və daxili auditoriyanı sakitləşdirmək üçün hər cür siyasi hoqqabazlığa əl atırlar. Ancaq bu üsul getdikcə özünün səmərəsizliyini, perspektivə uyğun olmadığını göstərməkdədir. Yaxın müddətdə artıq yalan da danışa bilməyəcəklər”.
E.Nəsirli qeyd edir ki, düşməndən fərqli olaraq Azərbaycan hər gün inkişaf edir və güclənir: "Eyni zamanda ölkəmizin beynəlxalq mövqeləri də möhkəmlənir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul edilir. Amma etibarsız ermənilər müxtəlif kürsülərdən nə qədər yalan bəyanatlar versələr də, onlara inananların sayı durmadan azalır. Çünki daha Ermənistana siyasi etimad göstərilmir. Bunu onların özləri də dərk edirlər. Xüsusilə Ermənistanın Avropa Birliyi ilə apardıqları danışıqlardan faktiki olaraq imtina etməsi bir daha göstərir ki, Ermənistan müstəqil ölkə deyil, onu başqaları idarə edir. Prezident seçkiləri də formaldır, yəni ölkədə rəhbər seçilmir, Rusiya tərəfindən təyin olunur. Məhz bu səbəbdən Ermənistanı ciddi tərəf kimi qəbul etmirlər”.
Politoloq qeyd edir ki, Sarkisyan sentyabrın 3-də Putinlə görüşündən sonra belə bir bəyanatla çıxış etdi ki, guya Rusiya başçısı Dağlıq Qarabağ münaqişəsinin həllini xalqların öz müqəddəratını müəyyən etmək prizmasında görür. Guya həmin söhbətdə ərazi bütövlüyü prinsipindən danışılmayıb: "Ancaq sonra məlum oldu ki, bütün bunlar erməni prezidentinin növbəti yalanları imiş. Əslində həmin görüşdə 3 prinsip öz əksini tapıb ki, onlardan biri də ərazi prinsipi məsələsidir. ATƏT-in Minsk Qrupunun irəli sürdüyü yanaşmalar və prinsiplər hər üç tərəfin ortaq prinsipləridir. Burada Rusiya, Fransa və ABŞ eyni mövqedən çıxış edir. Bu, bir daha erməni nazirin dediklərini yalanlayır. Hər kəsə yaxşı bəllidir ki, Minsk Qrupunun irəli sürdüyü mərhələli və ümumi dövlət variantının, "Madrid prinsipləri” və "Yenilənmiş Madrid prinsipləri”nin həyata keçməməsinin yeganə baiskarı Ermənistan dövlətidir. Məhz ermənilərin özləri bu prinsipləri qəbul etmirlər. Ancaq özləri qəbul etmədikləri halda bizi ittiham edirlər. Bunu ən yaxşı bilən də elə ATƏT-in özüdür. Hesab edirəm ki, nazirin bəyanatına beynəlxalq təşkilatlar ən yumşaq halda istehza ilə yanaşmalı, ən ciddi halda isə yalan bəyanatdan dolayı nazir haqqında ölçü götürməlidirlər. Əks halda, proses belə də davam edəcək və heç bir halda regionda təhlükəsizlik bərpa olmayacaq”.