Serbiya, Xorvatiya, Rumıniya, Sloveniya, Bosniya və Herseqovina, Monteneqro və Makedoniyada təhsil alan, çalışan və yaşayan azərbaycanlı gənclər oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə bağlı Avropa və dünya Azərbaycan gənclərinə müraciət ediblər. Trend-in məlumatına görə, müraciətdə bildirilir ki, 9 oktyabr 2013-cü il müasir Azərbaycan xalqının tarixində böyük əhəmiyyətə malik gündür. Gəncindən yaşlısına qədər hər kəs müstəqil Azərbaycanın Prezidentini seçmək üçün səsvermə məntəqələrinə üz tutacaq:
"Biz - Balkan regionunda yaşayan və təhsil alan Azərbaycan gəncləri doğulub boya-başa çatdığımız doğma ölkəmizin müasir müstəqillik tarixinin keçdiyi hərtərəfli inkişaf yolunun canlı şahidləri kimi bu günün önəmini dərk edirik. Çünki qədəm qoyduğumuz növbəti 5 illik yeni çağırışlar və sınaqlar dövrüdür. Bu gün qloballaşan dünyada hadisələr və proseslər çevik şəkildə inkişaf edir və qısa vaxt ərzində ölkələri və cəmiyyətləri öz təsiri altına salmaq iqtidarındadır. Belə olan halda Avropa və Mərkəzi Asiya arasında geoiqtisadi və geosiyasi baxımdan strateji mövqeyə malik olan Azərbaycanın dünyada və regionda cərəyan edən hadisələri düzgün təhlil etməsi, ona adekvat reaksiya verməsi və nəticədə öz siyasi və iqtisadi müstəqilliyini zəmanət altında saxlaması həyati önəm kəsb edir. Tarix hər zaman təkərrür edən hadisələrlə yadda qalmışdır. Bu təkərrürlər dünyada haqq və ədaləti təbliğ edən toplumların xeyrinə, dağıdıcı və məkrli məqsədlərlə insanlara bir növ zülm edən toplumların əleyhinə baş vermişdir. Min bir iztirab və məşəqqətlə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu hazırlayanlara qarşı Azərbaycan xalqı bir daha öz mübarizliyini nümayiş etdirərək qanı və canı bahasına onu gələcək nəsillərə yenidən hədiyyə etdi. Biz gənclər xalqımıza müstəqillik bəxş edənləri əsla unutmadıq və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, siyasi sabitliyin bərqərar olunmasında, dinamik iqtisadi inkişafın əsasının qoyulmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini gördük və yaşadıq”.
Qeyd olunur ki, uzun illərdir ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik xalqımızın rifahında, onun əmin-amanlığında vacib rola malikdir. Demokratik hüquqi dövlət quruculuğu da məhz bu münbit şəraitdən qidalanır və sürətlə inkişaf edir. Bu gün demokratik dəyərlər hər bir mütərəqqi cəmiyyətdə olduğu kimi, Azərbaycan cəmiyyətinin də inkişafının özəyini təşkil edir. Bu istiqamətdə əldə edilmiş hər bir nailiyyətin əsasında dövlətin xalqın mənafeyinə söykənən iradəsi və qətiyyətli siyasəti dayanır. Azad, demokratik vətəndaş cəmiyyəti quruculuğu dünyada müşahidə olunan meyillərə kortəbii şəkildə uyğunlaşmaq məqsədi daşımamalı, xalqımızın tarixi dəyərləri ilə ziddiyyət yaratmamalı, ən əsası, Azərbaycanın müstəqilliyinin əbədiliyinə və dönməzliyinə xidmət etməlidir:
"Biz müvafıq sahədə həyata keçirilən ardıcıl islahatların mahiyyətində bu ana xətti səmimi qəlbdən alqışlayırıq. Sarsılmaz dayaqlar üzərində qurulmuş Azərbaycanımız son illərdə öz inkişaf tempini uğurla davam etdirdi. Bir çox inkişaf etmiş ölkələrdə tənəzzül və siyasi çaxnaşmalara səbəb olan dünya iqtisadi böhranı ölkəmizi öz dağıdıcı təsiri altına ala bilmədi. Güclü makroiqtisadi siyasət nəticəsində ölkəmiz ən çətin dövrlərdə belə, iqtisadi artıma nail oldu, inflyasiyanı, işsizliyi stabil səviyyədə saxlaya bildi. Bununla yanaşı, Azərbaycan dövləti sosial yönümlü iqtisadi siyasətini qətiyyətlə yürüdərək əməkhaqqı, pensiya və digər təminatları artırdı.
Azərbaycanın müstəqil xarici siyasəti dövlətimizə, eləcə də ölkə hüdudlarından kənarda yaşayan həmvətənlərimizə başucalığı gətirən uğurdur. Azərbaycan yerləşdiyi bölgədə supergüclərin maraqlarının toqquşduğu və müxtəlif iddiaların hədəfinə çevrilən ölkə olmasına baxmayaraq, ağıllı, uzaqgörən və cəsarətli xarici siyasət yürüdür. Azərbaycanın xarici ölkələrə münasibətdə siyasəti onların miqyasca böyüklüyü və ya kiçikliyi deyil, qarşılıqlı maraqlar və bərabər hüquqlar üzərində həyata keçirilir. Təsadüfi deyil ki, bu gün Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tutur və artıq dünyanın nüfuzlu beynəlxalq təşkilatlarında ölkəmizin mənsub olduğu regional məsələlərdə, hətta qlobal problemlərdə Azərbaycanla hesablaşırlar. Azərbaycan iki ilə yaxındır ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi qlobal məsələlərin həllinə öz töhfəsini verir”.
Müraciətdə deyilir ki, Azərbaycan bu illər ərzində özünü Avropa və Avro-atlantik strukturlara etibarlı tərəfdaş kimi isbat etdi. TANAP və Trans-Adriatik qaz kəməri kimi iri strateji regional layihələrə imza atmaqla ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təminatçısı olma yolunda əməli addımlar atdı. Layihənin reallaşması nəticəsində əldə olunacaq gəlirlər təkcə indiki nəslin deyil, eyni zamanda, gələcək nəsillərin də rifah səviyyəsinin inkişafına bilavasitə xidmət edəcək. Azərbaycanın daxili siyasətində gənclərə xüsusi diqqət və qayğı ayrılmışdır və hazırda dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Azərbaycan dövləti hər bir gəncin qayğısına qalır, onun inkişafı üçün şərait yaradır və ümumilikdə gənclərin fəaliyyət və təşəbbüsləri dövlət tərəfındən tam dəstəklənir.
Dövlətin bu yöndə həyata keçirdiyi siyasət çox uğurludur və artıq bu uğurların nəticələri gənclərin həyat və fəaliyyətində açıq-aşkar nəzərə çarpmaqdadır. Bu da səbəbsiz deyil. Belə ki, Azərbaycan hakimiyyəti gənclərin bilik və bacarıqlarının hərtərəfli formalaşmasını, ölkədə səriştəli kadr və rnütəxəssis ordusunun yetişməsini, bir sözlə, neft kapitalının insan kapitalına çevrilməsini ən əsas prioritetlərdən biri olaraq elan edib. Uğurla aparılan gənclər siyasətinin müsbət nəticələri göz önündədir. Dövlət başçısı son illər ərzində gənclərlə çoxsaylı görüşlər keçirib, onların təkliflərini, fikirlərini dinləyib, öz tövsiyələrini verib və gəncliyimizə tam dəstək verdiyini bir daha təsdiqləyib:
"Azərbaycanda gənclər sahəsində intensiv və uzunmüddətli inkişaf, təhsil proqramları həyata keçirilir. Hələ 70-ci illərdə azərbaycanlı gənclərin respublikadan kənara ali təhsil almağa göndərilməsi prosesi başlanıb, bu günlər isə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində 5 minə qədər gənc inkişaf etmiş xarici ölkələrin nüfuzlu təhsil ocaqlarında yüksək səviyyəli ali təhsil alır. Ümumiyyətlə, son on il ərzində gənclər siyasətinə ayrılan diqqət və qayğı onu göstərir ki. Azərbaycanın sosial yönümlü dövlət siyasətində gənclər sektoru ən önəmli prioritetlərdən birinə çevrilib. Bu gün Azərbaycanın gənclər siyasəti nəinki bölgədə, hətta bütün dünyada bir nümunə modeli kimi göslərilir və qəbul olunur. Ölkəmizdə həyata keçirilən gənclərlə bağlı beynəlxalq tədbirlər, imzalanmış fərmanlar, sərəncamlar, qəbul olunan qərarlar və sənədlər müstəqil Azərbaycanın gələcəyinə hesablanmış milli və dövlət siyasətinin nəticəsi, gənclərimizin gələcək xoşbəxtliyinin təminatıdır”.
Müraciətdə bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin dövründə xalqımızın tarixinin, mədəni irsinin, adət-ənənələrinin qorunub saxlanması və dünyada geniş təbliğ olunması istiqamətində böyük işlər görülmüşdür:
"Ölkəmizdə telekommunikasiya və informasiya texnologiyaları sahəsi də sürətlə inkişaf edir və biz bu gün qürur duyuruq ki, öz milli peyki olan Azərbaycanın vətəndaşıyıq. Dövlətimizin son illərdə idman sahəsində əldə etdiyi nailiyyətlər, o cümlədən birinci Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsində və beynəlxalq Olimpiya yarışlarında qazandığımız qələbələr sayəsində bayrağımızın müntəzəm yüksəlməsində cənab Prezidentin xidmətləri əvəzsizdir.
Bu gün hər bir azərbaycanlını düşündürən, narahat edən ümummili məsələ Azərbaycan torpaqlarının 20 faizinin hələ də işğal altında qalmasıdır. "Qarabağ şikəstəsi” və "Xarı bülbül”ü dinləyəndə qəlbimiz parçalanır, köksümüzdəki yaralara duz səpilir. Xocalıda günahsız insanlara, körpələrə, ahıl və qadınlara amansız şəkildə soyqırım törədənlərin qələbə əhval-ruhiyyəsi hər bir azərbaycanlının heysiyyatına toxunur. Lakin biz Azərbaycan xalqının mərd oğlu İlham Əliyevin tezliklə ölkəmizin ərazi bütövlüyünü bərpa edə biləcəyinə, bu ədalətsizliyə son verə biləcək qətiyyətli, güclü və dönməz siyasət aparacağına əminik. Azərbaycan gəncliyinin milli vətənpərvər ruhda yetişməsinə ayrılan diqqət son illərdə hərbi-müdafiə büdcəsinin artması, ordumuzun peşəkarlıq səviyyəsinin artırılması, yeni hərbi texnika və avadanlıqlarla təchizat, yerli müdafiə sənayesi sahəsi istehsalının get-gedə genişlənməsi münaqişənin beynəlxalq hüquqa söykənən, hər bir mümkün yolla həlli istiqamətində aparılan ardıcıl siyasətin tərkib hissəsidir. Biz xaricdə yaşayan gənclər Prezidentin əməli səylərinə dəstək olmalı, diaspor fəaliyyətində Azərbaycanın haqq səsini geniş ictimaiyyətə çatdırmalı, münaqişənin həllində ölkəmizin sülhsevər və beynəlxalq hüquqa söykənən ədalətli mövqeyini təbliğ etməliyik”.
Qeyd olunur ki, ölkəmizdə şəhid ailələrinə, qaçqınlara, öz doğma yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlərə, müharibə veteranlarına, əlillərə göstərilən dövlət qayğısı göz önündədir:
"Biz - Balkan regionunda yaşayan azərbaycanlı gənclər son illərdə dövlətimizin əldə etdiyi nailiyyətləri nəzərə alaraq, öz həmvətənlilərimizi müstəqil dövlətçilik ənənələrini uca tutaraq, Azərbaycanda vətəndaş cəmiyyətinin və demokratik-hüquqi dövlət qurucııluğu sahəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan geniş islahatların davamlı olaraq həyata keçirilməsinə əməli işlərlə töhfə verməyə; Azərbaycanın bundan sonra da inamla irəliləməsinə dəstək olmağa, bu məqsədlə bütün qüvvə və bacarıqlarını səfərbər etməyə; soydaşlarımız arasında milli birliyin, həmrəyliyin gücləndirilməsini, vətənpərvərlik və milli mənəvi dəyərləri aşılamağı, sosial, mədəni, təhsil və digər ictimai-faydalı işlərlə xalqımızın şanını və bayrağımızı yüksəklərə qaldırmağa; Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məqsədilə Ali Baş Komandanımızın əmrini gözləyən və Ermənistan ordusu tərəfindən işğal edilən doğma torpaqlarımızı hər an azad etməyə hazır əsgər olmağa; Azərbaycan dövlətinin inkişafı və çiçəklənməsi naminə, öz əməli işi ilə xalqımızın etimadını və dəstəyini qazanmış layiqli övladı - fəaliyyəti və vədlərinə əməl etməklə hər birimizin prezidenti olduğunu xalqına və dünyaya sübut edən, ölkəmizdə sabitliyin, əmin-amanlığın saxlanılmasının, bıı günə qədər əldə olunmuş nailiyyətlərin davamlı olmasının təminatçısı İlham Heydər oğlu Əliyevin namizədliyini qarşıdan gələn prezident seçkilərində dəstəkləməyə çağırırıq”.
Müraciətdə deyilir ki, bu gün dövlətimizin və xalqımızın bizim hər birimizin bilik və bacarığına, dəstəyinə və gücünə çox böyük ehtiyacı var. Xalqımızın və prezidentimizin Azərbaycan gənclərinə inamını, etibarını, ümidlərini və etimadını doğrultmaq zamanıdır:
"Vətənini, dövlətini və torpağını sevən hər bir azərbaycanlımıza dərin hörmət və ehtiramımızı bildirir, prezidentimizə və xalqımıza haqq və ədalət yolunda mübarizədə böyük Allahın yardımını diləyirik!”
Müraciəti 162 nəfər qəbul edib.